ilham Əliyev Dövlət Reystri Xidmətinin yeni inzibati binasının açılızında olub

img

29-05-2009 [07:29]


Azərbaycan prezidenti İlham Əliyev mayın 29-da Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin yeni inzibati binasının açılış mərasimində iştirak edib. Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş ?Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı?nın icrasına əsasən həyata keçirilən tədbirlər ədliyyə orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar yaradır. Ədliyyə orqanlarının maddi-texniki bazası möhkəmlənir, yeni binalar inşa olunur, mövcud tikililərdə əsaslı təmir işləri aparılır. Yeni tikilən binalardan biri də Prezidentin fərmanı ilə 2004-cü ildə yaradılmış Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin inzibati binasıdır. Dövlət başçısı İlham Əliyev açılışı bildirən lenti kəsərək, bina ilə yaxından tanış olub. Ədliyyə naziri, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov İlham Əliyevə məlumat verib ki, ümumi sahəsi 3600 kvadratmetr olan dördmərtəbəli binanın inşasına 2008-ci ilin yanvarında başlanıb. Tikinti işlərində və binanın təchizatında yerli materiallarla yanaşı, Türkiyə, Almaniya, İtaliya, Çexiya, Rusiya, Koreya Respublikası, Yaponiya və digər ölkələrdən gətirilmiş inşaat materialları və avadanlıqdan istifadə olunub. Binada Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ilə yanaşı, fəaliyyəti onunla sıx bağlı olan Qeydiyyat və Notariat Baş İdarəsi, Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Dövlət Notariat Arxivi də yerləşəcəkdir. Birinci mərtəbənin foyesində Azərbaycan ədliyyə sisteminin formalaşması və inkişafı, onun maddi-texniki bazasının kadr potensialının gücləndirilməsində mühüm xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada binaya xaricdən və daxildən nəzarət etmək imkanı olan mühafizə xidməti otağı, mühasibatlıq, dəftərxana, Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti, 3 qəbul otağı, yeməkxana yerləşir. Ədliyyə qurumlarının tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri, həmçinin bu sistemdə aparılan islahatlara dair fotolardan və sənədlərdən ibarət guşə də yaradılıb. Burada fəaliyyət göstərən notariat idarəsində yaradılan şərait vətəndaşlara ən yüksək səviyyədə xidmət göstərməyə imkan verəcəkdir. İkinci mərtəbədə Qeydiyyat və Notariat Baş İdarəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti və notariat idarələri yerləşir. Üçüncü mərtəbədə ulu öndər Heydər Əliyevin mənalı həyatına, həmçinin prezident İlham Əliyevin fəaliyyətinə dair guşə vardır. Guşədə ulu öndərin istər sovet, istərsə də müstəqillik illərində xalqımız və Vətən qarşısında müstəsna xidmətləri geniş əksini tapıb. Prezident İlham Əliyev ən müasir standartlara cavab verən tədris otağı ilə tanış olub. Burada əməkdaşlar ixtisaslarını artıracaq, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının daha dərindən mənimsənilməsi üzrə təlimlər keçəcəklər. Doqquz kompüterin quraşdırıldığı tədris otağında ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin fəaliyyəti, habelə ədliyyə sistemi və informasiya texnologiyaları barədə kitablar vardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA