Direktorlar kompüter almaq istəyən müəllimlərə mane olurlar

img

29-05-2009 [04:02]


Bu il aprelin 10-dan Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, HP və ?Microsoft? şirkətlərinin birgə təşkilatçılığı ilə Azərbaycanda ?Xalq kompüteri? layihəsinin icrasına başlanılıb. Dörd aylıq pilot layihə çərçivəsində respublikanın ümumtəhsil məktəblərinin müəllimlərinə güzəştli şərtlərlə noutbuk və kompüterlər satılır. Layihə müəllimlər arasında ciddi maraq doğursa da, bəzi təhsil müəssisələrinin işçiləri İKT avadanlıqları almaq istəklərini reallaşdıra bilmirlər. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, paytaxt məktəblərinin bəzilərinin direktorları müəllimlərin kömpüter və noutbuk almalarına mane olurlar. Məsələ burasındadır ki, layihəyə qoşulmaq istəyən müəllimlərin doldurduqları müqavilə kağızı öncə məktəb direktorları tərəfindən təsdiq edilməli, yəni ona möhür vurulmalıdır. Amma Bakının bəzi məktəblərdə direktorlar müxtəlif bəhanələr gətirərək müəllimlərin müqavilələrinə möhür vurmaqdan imtina edirlər. Bəhanələrdən biri məktəbə layihədə iştirak üçün növbənin hələ çatmamasıdır. Təhsil Nazirliyinə də məktəblərdə belə xoşagəlməz halların olmasına dair siqnallar daxil olub. Nazirliyin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov Müstəqil İnformasiya Agentliyinə bildirib Ki, heç bir məktəb direktorunun ?Xalq kompüteri? layihəsinə qoşulmaq istəyən müəllimin imzasını təsdiq etməməyə ixtiyarı yoxdur. İ.Sadıqov layihədə iştirakla bağlı məktəblərin növbəyə düzülməsi barədə direktorların iddialarını əsassız hesab edib. Şöbə müdiri deyib ki, bu günədək təkcə Təhsil Nazirliyinə İKT avadanlıqları almaq istəyən 890 müəllimin ərizəsi daxil olub. Bəzi müəllimlər ərizələrini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, kompüterlərin satıcısı-?BestComp Group? şirkətinə təqdim edir. İ.Sadıqov layihə çərçivəsində müəllimlərə verilən kompüterlərin xaricdən gətirildiyini və onlara təminat verildiyini də vurğulayıb. Xatırladaq Ki, hər müəllim layihə çərçivəsində yalnız bir növ kompüter əldə edə bilər. Müəllimlərə qiyməti 499, 599 və 699 AZN olan üç növ HP noutbukları və qiyməti 599 olan bir növ stolüstü HP kompüteri təklif edilir. Hər növ İKT avadanlığı alan 100 saatlıq internet kartı da verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA