BMT Kürdəmirdə içməli suyun təmizliyinə dair tədbir keçirəcək

img

29-05-2009 [02:21]


İyunun 4-də BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyi BMT-nin İnkişaf Proqramı, BMT-nin Uşaq Fondu (YUNİSEF), Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli QHT Forumu ilə sıx əməkdaşlıq çərçivəsində Kürdəmir rayonunun mərkəzində ?İçməli suyun keyfiyyətinin və sanitariya vasitələrinin yaxşılaşdırılması? adlı dəyirmi masa təşkil edəcək. BMT-nin Bakı nümayəndəliyindən verilən məlumata görə, Ümumdünya Ətraf Mühit Günü ərəfəsində keçirilən bu tədbirdə hökumət nümayəndələri, vətəndaş cəmiyyəti, QHT-lər, habelə BMT agentlikləri bir araya gələrək Minilliyin 7-ci İnkişaf Məqsədi - ?Ətraf mühitin dayanıqlılığının təmin edilməsi?nə nail olmaq istiqamətində ölkədə vəziyyət, həmçinin təhlükəsiz içməli suyun və gigiyenik vərdişlərlə birgə normaya uyğun sanitariya imkanlarının əldə edilməsi baxımından çətinliklər haqqında müzakirələr aparacaqlar. Məlumatda o da qeyd olunur ki, bu gün dünyada 1,1 milyard insan təmiz içməli sudan məhrumdur; 2.6 milyard insanın normaya uyğun sanitariyaya ehtiyacı var. Bundan başqa, 90 faizi 5 yaşdan aşağı olan uşaqlar daxil olmaqla, dünyada hər il ishal mənşəli xəstəliklərdən 1.8 milyon nəfər dünyasını dəyişir. Bu böhran vəziyyətinə cavab tədbiri olaraq BMT yoxsulluğu azaltmaq və davamlı inkişafa nail olmaq üçün Minilliyin İnkişaf Məqsədləri (MİM) adlanan məqsədlərə nail olmaq üçün konkret fəaliyyət planı tərtib edib. Kürdəmirdə keçiriləcək dəyirmi masa müzakirələrində Azərbaycanda müxtəlif təşkilatların ətraf mühitin dayanıqlığının təmin edilməsi, xüsusən də təmiz su və normaya uyğun sanitariyanın əldə edilməsi və dayanıqlığının təmin edilməsi, habelə içməli suyun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yerinə yetirdiyi fəaliyyətlərin nəzərdən keçirilməsi diqqət mərkəzində saxlanılacaq. Bu tədbir Minilliyin İnkişaf Məqsədlərinə (MİM) həsr edilmiş və hökumət, QHT partnyorları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində BMT-nin müxtəlif agentlikləri tərəfindən 2009-cu il ərzində təşkil edilməsi nəzərdə tutulan silsilə dəyirmi masalardan biridir. Məqsəd Minilliyin müxtəlif İnkişaf Məqsədlərinə dair, məsələn, ətraf mühit məsələləri ilə əlaqədar 7-ci MİM haqqında insanlar arasında məlumatı artırmaq, onları dayanıqlı və ədalətli inkişafın fəal iştirakçıları olmağa təhrik etmək, ətraf mühit və digər məsələlərə münasibətin dəyişdirilməsində icmaların başlıca rol oynadığını onlara aşılamaq və bütün millətlərin və xalqların daha təhlükəsiz və çiçəklənən gələcəyini təmin edəcək əməkdaşlığı irəli çəkməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA