Bu ilin dörd ayı ərzində 48,4 min körpə dünyaya gəlib

img

27-05-2009 [06:42]


Azərbaycanda əhalinin 29 faizini 18 yaşınadək uşaqlar təşkil edir. Dövlət Statistika Komitəsindən mia.az-a verilən məlumata görə, bu ilin dörd ayı ərzində respublikamızda 48,4 min körpə dünyaya gəlib. Onların 53,4 faizini oğlan, 46,6 faizini qızlar təşkil edir. Hesablamalara görə ötən il doğulan uşaqlar üçün gözlənilən ömür uzunluğu 72,6 yaşdır. Gözlənilən orta ömür uzunluğu oğlanlarda 69,9, qızlarda isə 75,4 yaş təşkil edir. Doğulan uşaqlara ən çox qoyulan oğlan adları Məhəmməd, Əli, Hüseyn, Murad və Nihad, qız adları isə Fatimə, Zəhra, Nərmin və Nuray olub. Uşaqların sağlamlığının qorunması dövlət orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. 2009-cu ilin əvvəlinə ölkədə uşaqlara tibbi xidmət göstərən 591 poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə 4,5 min nəfər həkim pediatr çalışır. Sağlam nəslin yetişməsində idman və bədən tərbiyəsinin rolu əvəzsizdir. Cari ilin əvvəlinə ölkədə idman seksiyalarında məşğul olan uşaqların sayı 339 min nəfər olub. Uşaqlar daha çox futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbol və stolüstu tennis kimi idman növlərinə maraq göstərirlər. Ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrdəki uşaqların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət tərəfindən sosial müavinət və yardımlar təyin olunur. 2009-cu il aprelin 1-i vəziyyətinə ölkədə 11,7 min ailədə olan 22,8 min uşağa aylıq sosial müavinət təyin olunub. Bu müavinətləri alan uşaqların 1,8 mini şəhid ailələrinin, 16,4 mini müharibə əlillərinin, 4 mini I və II qrup Çernobıl AES əlillərinin, 0,6 mini isə müddətli xidmətdə olan hərbi qulluqçuların uşaqları olub. Həmçinin, sağlamlıq imkanları məhdud olan 56,5 min uşağa və 10,7 min ailənin 1 yaşınadək olan 10,8 min uşaqlarına aylıq, 23,6 min ailəyə 24 min uşağın doğulmasına görə birdəfəlik sosial müavinətlər verilib. Bundan əlavə, 173,3 min ailənin 381,7 min uşağı ünvanlı dövlət sosial yardımı alıb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında ?Uşaq ili? elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA