Azərbaycan Xalq Cümhuriyyətinə ögey münasibət bəslənir

img

26-05-2009 [11:30]


[b]Bəzi qüvvələr Şərqdə ilk demokratik cümhuriyyətin qurucusu olan şəxsiyyətləri unutdurmaq istəyir [/b] Qarşıdan 28 may - Respublika Günü gəlir. 91 il öncə - 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika sayılan Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulub. Təəssüf ki, sovet dövründə olduğu kimi, bu gün də AXC-nin irsinə ögey münasibət davam edir. Bakı Dövlət Universitetinin müəllimi Rafiq Bəy İsmayıl qəzetimizə açıqlamasında tariximizin bu şanlı səhifəsinə biganə yanaşıldığını dedi: "Xalq Cümhuriyyətinin irsi ölkəmizdən daha çox xaricdə təbliğ olunur. Bu gün gənclik iki düşüncə təbəqəsinə bölünüb. Bir qrup gənc Xalq Cümhuriyyətinin mahiyyətini, ideallarını, o dövrdə həm maarifçilik təbliğatı aparan, həm istiqlal davası döyən, cümhuriyyəti quran insanlar haqqında kifayət qədər məlumatlıdır və onların ideyalarını davam etdirir. Digər qisim gənclərsə bu ideyalardan xbərsizdirlər, daha çox yad təsirlər altında yetişirlər. Beləcə, yavaş-yavaş tariximizi unuduruq. Amma bütün gənclər haqda bu cür bədbin düşünmək də doğru deyil. Tariximizin şanlı səhifələrini öyrənən, keçmişimizlə fəxr edən gənclər də az deyil. Hətta elə tələbələrimiz var ki, onların Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə maraqlı məqalələri çap olunub". Rafiq Bəy İsmayıl AXC-yə ögey münasibətin hakimiyyətdəki bəzi qüvvələrin qısqanc münasibətindən qaynaqlandığını deyib. KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli də AXC irsinin ölkəmizdə zəif təbliğinin səbəbini mövcud siyasi sistemlə əlaqələndirdi: "İnsanlarımızın dövlətçilik, milli düşüncə, mənəvi dəyərlər üzərində tərbiyə olunması, yeni nəslin yetişməsi üçün kifayət qədər milli bazamız var. Bu, AXC dövrü, ideoloqlarımızın Şərq tarixində qoyduğu izdir. Təəssüflər olsun ki, cəmiyyətimizdə bunların tam əksi təbliğ olunur. Milli-mənəvi dəyərlər arxa plana keçib. Bunun əvəzinə mədhiyyəçilik, yalana pərəstiş təbliğ olunur. Təəssüf ki, Şərqdə ilk demokratik respublikanın qurucularına və onların yaratdığı ideologiya ögey münasibət hökm sürür". Zəlimxan Məmmədli problemin daha ciddi səbəblərinin olduğunu dedi: "Azərbaycanda zahirən çoxpartiyalı sistem mövcuddur, lakin mahiyyət etibarı ilə bu belə deyil. Əgər biz həqiqi çoxpartiyalı sistem yaratsaq, partiyaların inkişafında maraqlı olsaq, mülki cəmiyyətin hücrələrinin yaranmasına dövlət qayğısı olsa, mənə elə gəlir ki, ideoloji rəqabət mühitinin formalaşmasına nail ola bilərik. Belə olan halda millətin özünə yaxın ideoloji cərəyan hakim olacaq. Bu gün Azərbaycanda ideoloji savaş getmir. Ayrı-ayrı fərdlərin, qrupların hansısa formada maraqlarının təmin olunması siyasi meydanımızın aparıcı, ana xəttini təşkil edir. Demokratik dünyaya inteqrasiya etmək istəyiriksə, böyük idealları arxa plana keçirməməliyik". Məclis sədri AXC irsinin təbliğində medianın və siyasi partiyaların üzərinə daha çox məsuliyyət düşdüyünü də qeyd etdi: "Kütləvi informasiya vasitələrində Məmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə kimi türk dünyasının nəhəng fikir adamlarının təbliği aşağı səviyyədədir. Halbuki ötən əsrin əvvəllərinə "Tərcüman", "Kaspi" kimi qəzetlər böyük mütəfəkkirlərin ideoloji maarifləndirmə tribunası rolunu oynayırdı. İndi həmin qəzetlərdən tədqiqatçılar qaynaq kimi istifadə edirlər. Bu cür sistemli iş aparmaq üçün media mənsublarının və siyasi partiyaların üzərinə böyük məsuliyyət düşür".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA