Baz nazirArtur Rəsizadənin yeni qərarı korrupsiyaya yol açır

img

24-05-2009 [07:18]


Baş nazir Artur Rəsizadənin səhhəti ilə bağlı işə çıxmadığı barədə yayılan xəbərlər özünü doğrultmur. Üç gün öncə onun "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi qaydaları"nın təsdiqlənməsi barədə verdiyi h/84 saylı qərar da belə düşünməyə əsas verir. Baş nazirin 21 may 2009-cu il tarixli sözügedən qərarında icra başçıları ilə tikinti maqnatları üçün yeni korrupsiya imkanlarına yol açan məqamların olduğu da bildirilir. Bizi məlumatlandıran şəxs də bunun üçün qərarda yer alan bəzi müddəalardan narahatlığını ifadə edib. Onun sözlərinə görə, A.Rəsizadə "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi qaydaları"nı təsdiq edərkən yerli icra hakimiyyəti başçıları ilə tikinti maqnatlarının maliyyə fırıldaqlarına yol vermə ehtimalları nəzərdən qaçırılıb. Bu isə icra başçılarının tikinti sahiblərindən əvvəlki kimi yenə də rüşvət almaqla, şəhərsalma qaydalarını kobud şəkildə pozma imkanlarını əngəlləməyəcək: "Artur Rəsizadə bu qərarı verərkən "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədini güddüyünü bildirib. Ancaq burada nəzarətlə yanaşı, nəzarətsizlik üçün də "açıq yerlər" qoyulub. Qərarda dövlət şəhərsalma-memarlıq nəzarətini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin həyata keçirdiyini qeyd edən baş nazir, həmin komitənin şəhərsalma-memarlıq sahəsində qanunvericiliyin pozulması hallarının qarşısının alınması, şəhərsalma sənədlərinin keyfiyyətinin yüksəldilməsi, şəhərsalma fəaliyyətinin şəhərsalma sənədləri əsasında həyata keçirilməsi, milli və tarixi irsin, şəhərsalma və memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanması və mühafizəsi, şəhərsalma obyektlərində estetik gözəlliyin, müasirliyin və milli memarlıq üslubunun qorunmasına məsul olduğunu vurğulayıb. Üstəlik, Artur müəllim "Şəhərsalma sənədlərinin keyfiyyətinə nəzarət" bəndində şəhərsalma sənədlərinin keyfiyyətinə nəzarətin aparılmasında məqsəd həmin sənədlərin tərtibi zamanı şəhərsalma qanunvericiliyinə, şəhərsalma norma və qaydalarına, məskunlaşma sistemlərinin ərazi-məkan həllində milli, tarixi-mədəni irsin xüsusiyyətlərinin, ekoloji, geoloji tələblərin nəzərə alınmasına nail olmağın vacibliyini də önə çəkib. Və bunun üçün də şəhərsalma sənədlərinin keyfiyyətinə nəzarət məqsədiylə Komitə tərəfindən müvafiq rəyin verilməsinin mütləqliyini diqqətə çatdırıb. Yəni şəhərsalma sənədləri tərtib olunaraq qanunvericiliyə müvafiq qaydada əlaqədar orqanlarla razılaşdırıldıqdan sonra, rəyin alınması üçün Komitəyə təqdim olunmalıdır. Komitə isə daxil olmuş şəhərsalma sənədlərinin baxılmasına dair qanunvericilikdə başqa müddət nəzərdə tutulmadığı halda, bir ay ərzində baxılmalı, irad və təkliflər olmadıqda, müsbət rəy verilməlidir. Elə Artur Rəsizadənin yerli icra hakimiyyətlərinin başçıları ilə tikinti sahiblərinə korrupsiya və rüşvətxorluq üçün yaratdığı münbit şərait də bu zaman başlanır. Belə ki, A.Rəsizadənin qərarının sonrakı hissəsində qeyd olunur ki, "Təqdim olunmuş şəhərsalma sənədlərinə Komitə tərəfindən göstərilən müddətdə, yəni bir ay müddətinə heç bir münasibət bildirilməzsə, sənədlər razılaşdırılmış hesab edilir". Burada "bir münasibət bildirilməzsə",- ifadəsinin yer alması doğru deyil. Bu, açıq şəkildə komitə və komitəyə qədərki icra strukturları ilə sahibkarların "anlaşması" üçün əlverişli məqamdır. Yəni sabah komitə işlərinin çoxluğunu və ya sənədlərin gec qeydiyyatdan keçdiyini, həmçinin poçt vasitəsilə göndərilən sənədlərin guya it-bata düşməsini və s. amilləri nəzərə alıb, məsuliyyətdən azad ola və bununla da sahibkarların şəhərsalma normalarına əməl etmədən tikinti aparmalarına şərait yarada bilərlər. Ona görə də, yaxşı olardı ki, A.Rəsizadə qərarındakı "Şəhərsalma sənədlərinin keyfiyyətinə nəzarət" bölümündəki 2.4 bəndində bu boşluqları aradan qaldıraydı. Yəni "təqdim olunmuş şəhərsalma sənədlərinə Komitə tərəfindən göstərilən müddətdə heç bir münasibət bildirilməzsə, sənədlər razılaşdırılmış hesab edilir",- hissəsi ya tam çıxarılmalı, ya da dəqiqləşdirmələr aparılmalıdır". Müsahibimiz qərarda istənilən sahibkara "ilişmək" üçün imaknların olduğunu da deyir: "Yuxarıda qeyd edilən hallar icra başçılarının "xeyir-duası" ilə fəaliyyət göstərən sahibkarlara sərf edirsə, qərarda yer alan bəzi məqamlar isə sırf qanunlara söykənərək, işləmək istəyən sahibkarlara problemlər yarada bilər. Məsələn, qərarın 2.5-ci bəndində "Şəhərsalma sənədləri üzrə iradlar olduqda, həmin sənədlər təshih edilmək üçün sifarişçiyə qaytarılır, təshih edildikdən sonra şəhərsalma sənədləri yenidən Komitəyə təqdim edilir və 10 gün müddətində müvafiq rəy verilir",- ifadəsi qeyd olunur və ardınca da "Komitənin müsbət rəyi olmadan şəhərsalma sənədlərinin təsdiq edilməsinə yol verilmir",- vurğusu qoyulur. O zaman sual olunur, tutaq ki, 10 gün müddətinə verilən cavab da mənfi olarsa, sahibkar hansı addımı atmalıdır? Təəssüf ki, bu, qərarda nəzərə alınmayıb. Belə çıxır ki, hansısa bir məmurun qərəzi üzündən sahibkar aylarını və illərini ikinci cavabdan sonra məhkəmələrdə keçirməlidir. Məncə, qərarda bu məqama da aydınlıq gətirilməliyidi". Müsahibimiz Artur Rəsizadənin qərarı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sahibkarları "boğmaq" üçün başqa təsir imkanlarının yarandığını da deyir: "Məsələn, dövlət ekspertizasından keçməli olan şəhərsalma obyektlərinə rəy verilməsi halına diqqət edək. Qərarda açıq göstərilir ki, işçi layihələrinin memarlıq-planlaşdırma həlli yerli icra hakimiyyəti orqanlarının (şəhərlərdə rayon icra hakimiyyəti orqanları istisna olmaqla) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra memarlıq-planlaşdırma həlli baxımından rəy alınması üçün Komitəyə təqdim edilməlidir. Komitə tərəfindən layihəyə 15 gün müddətində müvafiq rəy verilməlidir. Əgər göstərilən müddətdə heç bir münasibət bildirilməzsə, layihə razılaşdırılmış hesab edilir. Məncə, bu, sahibkarları təkrar "boğmağa" şərait yaradır. Çünki qərardan belə anlaşılır ki, 15 gün müddətinə mənfi rəy verilərsə, obyekt sökülməlidir. Daha dəqiqi, qərarda bunlar tam açıqlanmadığından komitə üçün "manevr" imkanları yaranır ki, bu da bütün hallarda sahibkarların əleyhinə, korrupsioner və rüşvətxor məmurların isə lehinədir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA