"Ələkram Hümbətovun Azərbaycan əleyhinə təbliğatı bu gün də davam edir"

img

23-05-2009 [04:13]


Hazırda Hollandiyada yaşayan Qəbələ rayonunun sabiq icra başçısı Eldəniz Yusibovun Müstəqil İnformasiya Agentliyinə (mia.az) eksklüziv müsahibəsi - Siz Azərbaycanı tərk edəndən sonra Qəbələ RLS-in ətraf mühitə zərərləri barədə demək olar ki, heç kim danışmır. Bunu nə ilə əlaqələndirmək olar: həqiqətən də Qəbələ RLS Azərbaycana zərər vurmur və Siz bu məsələdə qərəzlisiniz, yoxsa ölkədə fəaliyyət göstərən QHT rəhbərləri bu problemi qabartmaqdan çəkinirlər? - İlk öncə Qəbələ RLS ilə bağlı mövzunu gündəlikdə saxladığınız üçün sizə təşəkkürümü bildirirəm. Qəbələ RLS-nin insan orqanizminə və ətraf mühitə mənfi təsiri ilə bağlı faktları Azərbaycanda yaşayan zaman davamlı olaraq mətbuat vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırmağa çalışırdıq. Keçən dövr ərzində bu stansiyanın fəaliyyəti ilə bağlı hər hansı bir dəyişiklik baş vermədiyi üçün Qəbələ RLS-nin öldürücü təsiri bu gün də öz aktuallığını saxlayır. Qəbələ RLS-nin insan orqanizminə və ətraf mühitə vurduğu ziyanlarla bağlı dediklərimiz, təqdim etdiyimiz faktlar, 1992-93-cü illərdə RLS-nin fəaliyyəti ilə bağlı araşdırmalar aparmış dövlət komissiyasının yekun rəyinə, həmçinin bir çox dövlətlərin - ABŞ, İsveçrə, Finlandiya, Hollandiya, Latviya və Ümumdünya Səhiyyə Təşkilatının, NASA-nın - bu istiqamətdə apardığı tədqiqatların nəticələrinə əsaslanmışdır. Bu baxımdan bizi qərəzlilikdə ittiham etmək məncə düzgün deyil. QHT-lərin bu məsələyə münasibət bildirməməsinin bir neçə səbəbi var. Birincisi, QHT-lərin səmərəli fəaliyyəti üçün ilk öncə ölkədə normal şəraitin olması vacibdir. İkinci, QHT-nin əsas çətinliyi maliyyə mənbəyinin olmamasıdır. Bu baxımdan hakimiyyətdən asılı olmayan, müstəqil QHT-nin fəaliyyət göstərməsi çox çətindir. Qəbələ RLS hakimiyyətin maraq dairəsində olduğu üçün, bununla bağlı bir proyekt həyata keçirmək, qrant almağın mümkün olmadığını nəzərə alaraq, ekoloji təşkilatlar bu məsələdə susmağa üstünlük verirlər. Üçüncü bir faktor isə məncə, ölkədə fəaliyyət göstərən QHT-lərin böyük qisminin hakimiyyətin nəzarətində olmasıdır. [b]- Qəbələ RLS-nin icarə müddətinin başa çatmasına az qalır. Sizcə, Azərbaycanda ictimai rəy hansı istiqamətə yönəldilməlidir? RLS-nin fəaliyyəti birdəfəlik dayandırılmalıdır, yoxsa yenidən Rusiyaya icarəyə verilərək, dövlət büdcəsinə əlavə vəsaitin daxil edilməsi təmin olunmalıdır?[/b] - Rusiya ilə Azərbaycan hökumətləri arasında bağlanmış müqaviləyə əsasən Qəbələ RLS-nin icarə müddəti 2012-ci ildə başa çatır. Əslində, Azərbaycan ictimaiyyətini stansiyanın fəaliyyətinin dayandırılması istiqamətinə yönəltməyə ehtiyac yoxdur. RLS-nin fəaliyyətindən əziyyət çəkən bilavasitə o bölgədə - Qəbələdə, Oğuzda, İsmayıllıda, Göyçayda, Ağdaşda, Ucarda, Zerdabda, Kürdəmirdə yaşayan insanların mövqeyi çoxdan bəllidir. Azərbaycan üçün nə hərbi, nə siyasi, nə iqtisadi baxımdan xeyiri olmayan RLS bağlanmalıdır. Biz təkcə bu günü deyil, gələcəyi də düşünməliyik. Biz təkcə özümüzü yox, həm də gələcək nəsilləri düşünməliyik [b]- Siz necə düşünürsüz, Qəbələ RLS-ni ABŞ-la Rusiyanın birgə işlətməsi bu stansiyanın avadanlıqlarının yenilənməsinə və mənfi təsirinin aradan qalxmasına səbəb ola bilərmi? [/b] - 2012-ci ildən sonra RLS-nin taleyinin necə olacağı ilə bağlı indidən proqnoz vermək çox çətindir. Bu, daha çox Rusiyanın istəyindən asılı olacaq. Çünki RLS Azərbaycanın ərazisində yerləşsə, Azərbaycanın mülkiyyəti olsa da, bu məsələdə söz sahibi Rusiyadır. Qəbələ RLS-nin Rusiya və Amerika ilə birgə işlədilməsi məsələsi də mənim fikrimcə, alınmayacaq. Çünki ABŞ Şərqi Avropa ölkələrində öz hərbi bazalarını yerləşdirmək niyyətindədir və bunu İrandan ola biləcək təhlükə ilə əlaqələndirir. Əslində isə bu, Rusiyadan ola biləcək təhlükəyə qarşıdır. Rusiya bunu bildiyi üçün İran təhlükəsinə qarşı Qəbələ RLS-dən birgə istifadə təklif edib. ABŞ da öz növbəsində hələki bunda maraqlı deyil. Əgər belə bir iş birliyi reallaşarsa, RLS-nin mənfi təsirinin aradan qaldırılacağının mümkün olmayacağı qənaətindəyəm. Ola bilsin ki, müəyyən texniki qurğular vasitəsi ilə yaxın 2-5 km ərazilərdə eloktromaqnit sahəsinin azalmasına nail ola bilərlər. Amma stansiyanın iş prinsipini nəzərə alaraq deyə bilərəm ki, atmosferə yayılan elektromaqnit dalğalarının qarşısını almaq heç cür mümkün olmayacaq. [b]- Hazırda Avropada yaşayan azərbaycanlılar arasında əlaqələr hansı səviyyədədir? İndiki vəziyyət Sizi qane edirmi?[/b] - Avropada yaşayan azərbaycanlılar arasındakı əlaqələr geniş olsa da, tam arzuedilən səviyyədə deyil. Təbii ki, belə vəziyyəti qənaətbəxş hesab etmək olmaz. [b]- Avropada yaşadığınız zaman kəsiyində beynəlxalq aləmdə erməni lobbisinin nüfuzunun böyük olmasının səbəbini öyrənə bilmisinizmi?[/b] - Burada olduğum müddətdə müxtəlif millətlərin diaspora təşkilatlarının fəaliyyətləri ilə bağlı bəzi araşdırmalar aparmaq imkanım olub. Erməni lobbisinin nüfuzunun böyük omasının əsas səbəbləri əsasən, bir mərkəzdən idarə olunması, konkret hədəf, bu hədəfin bütün ermənilər və Ermənistan dövləti tərəfindən dəstəklənməsi, planlı, sistemli, əlaqəli şəkildə fəaliyyət göstərmələri, məqsədə çatmaq üçün hər cür variantlardan istifadə etmələridir. Xüsusilə də lobbiçilik siyasətinə daha çox önəm verirlər. Bütün fikirlərini, istəklərini lobbiləri vasitəsi ilə həyata keçirirlər. Xristian təssübkeşliyini də nəzərə almaq lazımdır. Bura həmçinin türk diasporasının zəif fəaliyyətini də əlavə etmək gərəkdir. Məhz türk diasporasının zəifliyi nəticəsindədir ki, ermənilər Avropa ölkələrində daha rahat, maneəsiz fəaliyyət göstərə bilirlər. Məsələn, Hollandiyada 300 mindən çox türkiyəli türk yaşayır. Bura Azərbaycan türklərini, İraq türkmənlərini, Cənubi Azərbaycandan, Orta Asiyadan gələn türkləri də əlavə etsək, türklərin sayı bu ölkədə 400 mindən çox olur. Ermənilərin sayı isə 8-11 min arasındadır. Amma bu ölkədə belə böyük potensiala sahib toplumun diaspora sahəsindəki varlığı çox az sezilir. Vahid mərkəz, vahid təşkilat, məqsəd yox, parçalanmış, bölünmüş şəkildə yaşayırıq. Çox az sayda bir neçə kiçik təşkilat və bir neçə fərdləri nəzərə almasaq, Türkiyə üçün, Azərbaycan üçün çalışanlara rast gəlmək olmur. Məhz belə fəaliyyətsizliyin nəticəsidir ki, Hollandiya parlamenti də digər Avropa ölkələri kimi qondarma erməni soyqırımını tanıyan ölkələrdən biridir. Bu yaxınlarda isə ermənilər Hollandiya parlamentinə, Fransada olduğu kimi, "soyqırımı" tanımayanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün qərar qəbul edilməsi ilə bağlı müraciət ediblər. Hollandiya parlamentində 4 türk vəkilin olmasına baxmayaraq, ermənilərə lobbiçilik edən (parlamentdə erməni yoxdur) bir neçə vəkil daha güclü mövqeyə malikdirlər. Çünki parlament seçkiləri zamanı, bəzi siyasi partiyalar öz siyahılarında olan türklərə "soyqırımı qəbul edirsinizsə, sizi seçkilərə buraxırıq. Əks təqdirdə adlarınız siyahılardan çıxarılacaq",-deyiblər. Bunu qəbul etməyən iki nəfər türk namizəd seçkilərə buraxılmadı. Digərləri isə bunu qəbul etdilər və indi parlamentde oturublar. Belə bir vəziyyətdə isə ermənilərə öz çirkin niyyətlərini həyata keçirmək üçün heç bir maneə qalmır. [b]- Azərbaycan diasporası haqqında nə deyə bilərsiniz? [/b] - Mən, bizim diasporanın fəaliyyəti ilə bağlı müxtəlif vaxtlarda fikirlərimi bildirmişəm. Təəssüflər olsun ki, bizim diaspora adlandırdığımız qurum, diaspora fəaliyyəti prinsiplərindən çox uzaqdır. Bu qurum xaricdə Yeni Azərbaycan Partiyasının bir təşkilatı kimi fəaliyyət göstərir. Məqsədi də Azərbaycanın üzləşdiyi problemlərin həlli üçün çalışmaq yox, mövcud hakimiyyətin təbliğ edilməsidir. Baxmayaraq ki, bizim görə biləcəyimiz işlər çoxdur və bu işlərin bir çoxunun da görülməsi mümkündür. Sadəcə, hakimiyyətin, parlamentin, diaspora komitəsinin bu işlərin həyata keçirilməsinə marağı olmalıdır. Bir misal çəkmək istəyirəm. 2007-ci il 26 fevral tarixində Avropada yaşayan azərbaycanlıların iştirakı ilə Belçikanın Brüssel şəhərində, öncə Ermənistanın bu ölkədəki səfirliyi qarşısında, oradan da yürüş edərək Avropa Parlamentinin önündə mitinq keçirildi. Avropa Parlamentinə mitinqin sonunda təqdim edilən qətnamədə Xocalı faciəsinin iştirakçıları, bu qətliama rəhbərlik etmiş, Köçəryanın, Sərkisyanın, Quqasyanın törətdikləri cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab vermələri üçün qəti tədbirlər görülməsi tələb olunurdu. Ondan bir gün sonra - fevralın 27-də Azərbaycan parlamentində Xocalı qətliamı müzakirə edilən zaman adlarını çəkdiyim şəxslərin adları faciənin günahkarları siyahısından çıxarıldı. Bu hadisədən əvvəllər "Asala", indi isə adını dəyişib "24 aprel təşkilatı" çox məharətlə istifadə etdi. Azərbaycan parlamentin qəbul etdiyi sənədi Avropa Parlamentinə göndərərək, bu şəxslərin Xocalı ilə bağlı heç bir əlaqələri olmadığını, bu qurumun qarşısında mitinq keçirənlərin isə bu şəxslərə böhtan atdığını və bununla bağlı keçirilən aksiyalara diqqət yetirməməlerini tələb etmişlər. Bu sənədi Avropanın digər ölkələrinə də göndərmişlər. Belə bir vəziyyətdə xaricdə yaşayan azərbaycanlılar nə edə bilərlər? Təəssüflər olsun ki, bu cür yalnış addımların nəticəsidir ki, Xocalı faciəsi ilə bağlı görülən işlərin bu günə kimi heç bir əhəmiyyəti olmayıb. Bu kimi misalları çox çəkmək olar. [b]- Azərbaycanda separatçı Ələkram Hümbətovun Hollandiyada xeyli tərəfdar topladığı və Azərbaycan əleyhinə təbliğat apardığı ilə bağlı məlumatlar yayılır. Siz, belə bir təhlükə hiss edirsinizmi? [/b] - Ələkram Hümbətovun Azərbaycan əleyhinə, xüsusilə də Azərbaycan türklərinə qarşı mənası olmayan təbliğatı bu gün də davam edir. Ancaq ətrafına xeyli tərəfdar topladığı həqiqətə uyğun deyil. Az-çox onunla əlaqəsi olanlar da 2009-cu ilin aprel ayının 6-da Rusiyanın "Rosbalt" qəzetinə verdiyi müsahibəsində "ermənilər bizim düşmənimiz deyil, onlar bizim qardaşlarımızdır",- ifadələrinə görə ondan üz döndəriblər. [b]- Son vaxtlar Azərbaycanda Şərq və Qərb tərəfdarları arasında mübarizə daha kəskin xarakter alıb. Sizcə, Azərbaycan Qərbə inteqrasiya etməklə nəyə nail ola bilər? [/b] - Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı neçə vaxtdır ki, müzakirə olunur və artıq reallaşmaq ərəfəsindədir. Mayın 7-də Praqada Avropa Birliyi "Şərq tərəfdaşlığı" proqramı imzalanıb. Tərəfdaşlıq proqramı Azərbaycan üçün çox faydalıdır və mənim fikrimcə, bu proqramdan Azərbaycanın daha çox yararlanmaq imkanı var. "Şərq tərəfdaşlığı" proqramı həmçinin Demokratiya üzrə Regional Forumun yaradılmasını nəzərdə tutur və demokratiya, insan hüquqlarının qorunması, azad seçki, söz və mətbuat azadlığı, idarəetmə ilə bağlı islahatların aparılmasına ciddi ehtiyac olan bir ölkə üçün bu çox önəmlidir. Həmin viza rejimlərinin sadələşməsi, azad ticarət rejiminin tətbiq edilməsi, enerji əməkdaşlığı ölkəmizin xeyrinə ola biləcək. Hakimiyyətin isə Avropa Birliyi ilə sıx əməkdaşlıqda maraqlı olmaması məlumdur. Təbii ki, "Şərq tərəfdaşlığı" proqramının tam reallaşması, bu proqramın işləməsi üçün ilk növbədə cəmiyyət fəallıq göstərməlidir. Mənim fikrimcə, Şərq və Qərb arasında mübarizənin də mənası yoxdur. Çünki biz cəmiyyət olaraq Avropaya daha yaxınıq nəinki Şərqə. Bizim Şərqdən əxz edə biləcəyimiz elə bir şey yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA