Balaxanı və digər ərazilərdəki zibilliklər bağlanacaq

img

22-05-2009 [04:30]


Bakı şəhərində məişət tullantılarının idarə edilməsilə bağlı ölkə başçısının ötən il imzaladığı müvafiq sərəncamla ?Təmiz şəhər? ASC yaradılıb. Lakin bir ilə yaxın müddət ötməsinə baxmayaraq Səhmdar Cəmiyyət hələ də fəaliyyətə başlamayıb. Paytaxtda məişət tullantılarının idarəedilməsi üçün nəzərdə tutulan tədbirlər planına zibilyandırma zavodunun inşası da daxildir. Qeyd edək ki, sərəncamdan irəli gələn vəzifələrin icrası ilə İqtisadi İnkişaf Nazirliyi məşğuldur. Adıçəkilən nazirlikdən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, ötən ilin dekabrında Azərbaycan hökuməti ilə Fransanın ?CNİM S.A.? şirkəti arasında Bakı şəhərində zibilyandırma zavodunun layihələndirilməsi, inşaası və istismarı üzrə müqavilə imzalanıb. Bu istiqamətdə işlər davam etdirilir. Bununla paralel, hökumət Dünya Bankı ilə birgə ?Bərk məişət tullantılarının kompleks idarəçiliyi? adlı layihə də həyata keçirir. Layihənin məqsədi bərk məişət tullantılarının idarəedilməsi sisteminin təşkili üçün aparılan islahata yardım etməkdir. Beş il müddətinə nəzərdə tutulmuş və ümumi dəyəri 41,5 milyon dollar olan layihədə Dünya Bankının payı 29,5 milyon dollar təşkil edir. Nazirlikdən bildirilib ki, layihədə nəzərdə tutulmuş tədbirlər 5 komponent üzrə həyata keçiriləcək. ?Təmiz Şəhər? ASC-nin qurulmasına, fəaliyyətinə və inkişafına dəstək verilməsi də layihənin komponentlərinə daxildir. Qarşıdakı beş il ərzində Balaxanı poliqonunun, Bakı şəhəri ərazisindəki digər qeyri-rəsmi zibilliklərin bağlanması da nəzərdə tutulur. Bununla bərabər, yeni müasir poliqonların tikintisi üçün hazırlıq işləri həyata keçiriləcək. Bakı şəhərinin rayonlarında, o cümlədən hazırda tullantıların effektiv şəkildə toplanmadığı ərazilərdə xidmətin keyfiyyətinin yüksəldilməsi tədbirlərinin həyata keçirilməsi, ən çox tələb olunan yerlər üçün yük maşınları və zibil qablarının alınması da planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA