Azərbaycanda 11-ci sinfi bitirənlərin sayı azalıb

img

20-05-2009 [04:27]


Ölkənin ümumtəhsil məktəblərində 2008-2009-cu tədris ili sona yaxınlaşır. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə Müstəqil İnformasiya Agentliyinə bildirib ki, 2009-cu tədris ilində ölkəmizin 4542 orta ümumtəhsil məktəbinin 11-ci sinfini 112549 şagird bitirəcək. Bu göstərici 2006-cı ildə 116389, 2007-ci ildə 116812, ötən il isə 117535 nəfər olub. Rəqəmlərdən aydın olur ki, ötən illərlə müqayisədə 11-ci sinfi bitirənlərin sayı xeyli azalıb. Qeyd edək ki, son illər Məzun gününün mahiyyəti və forması dəyişib. Buna görə də 11-ci sinfi bitirənlər bu hadisəni xüsusi təmtəraqla qeyd etməyə çalışırlar. Təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında son zəng tədbirlərinin əleyhinə çıxsa da, məktəblərdə həmin tədbirə artıq hazırlıq görülür. Son zəngin qeyd edilməsi orta məktəb məzunlarına elə-belə başa gəlmir və onlar müxtəlif məbləğdə pul xərcləməli olurlar. Məsələn, adətən əksər məktəblərdə məzunlar son zəng günü direktora, sinif rəhbərinə və onları təbrik edəcək 1-ci sinif şagirdlərinə müəyyən hədiyyələr alır, gül dəstələri bağlatdırırlar. Məzunlar bu əlamətdar günü həm də banket təşkil etmədən yola verməməyə çalışır, xüsusi olaraq son zəng üçün paltar dəsti alırlar. Qızlar bəzənmək üçün hətta gözəllik salonlarına baş çəkməyi də unutmurlar. Bundan başqa, son zəng mərasimlərinin videokamera ilə çəkilişi də müəyyən xərc tələb edir. Ümumilkdə son zəng günü bir məzun təxminən 50-150 manat arasında pul xərcləyir. Xatırladaq ki, bu il Azərbaycanın bütün ümumtəhsil məktəblərinin (Naxçıvan MR istisna olmaqla) 11-ci sinif şagirdləri, o cümlədən ötən dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan məzunlar mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları verəcəklər. 11-cilər iyunun 3-dən 16-dək ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil fənlərindən imtahan olunacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA