Məscidlərin qapadılması davam etdiriləcək

img

17-05-2009 [05:29]


[b]Yaxın günlərdə daha bir neçə ibadət ocağının bağlanacağı bildirilir[/b] Bakının Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Əbu Bəkr" məscidinin bağlanmasından sonra paytaxtdakı ibadət ocaqlarına qarşı hücumlar daha da artıb. Bir müddət öncə Yasamal rayonundakı "Peyğəmbər" məscidi söküldü, bunun ardınca isə "Süleymaniyyə" və "Şəhidlər" məscidi qapadıldı. Bu günlərdə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) qərarı ilə "Neft daşları"ndakı ibadət ocağının fəaliyyəti dayandırıldı. Paytaxt məscidlərinə qarşı hücumların total xarakter alması dini sferada mövcud olan problemləri yenidən gündəmə gətirib. "Əbu Bəkr" məscidinin bağlanmasından sonra dini təriqətlərlə bağlı problem arxa plana keçsə də, son vaxtlar yaranan ajiotaj narahatlıq üçün ciddi əsas verir. Dindarların ibadət ocaqlarının bağlanmasına sərt reaksiya verməsi qarşıdurma meyllərinin güclənməsi ilə müşayiət oluna bilər. Qeyd edək ki, məscidlərin ard-arda sökülməsinin və bağlanmasının doğurduğu ajiotaj artıq rəsmi qurumları da narahat etməyə başlayıb. "Neft daşları"ndakı ibadət ocağının yerlə-yeksan edilməsinə münasibət bildirən DQİDK rəsmiləri məsuliyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) üzərinə atıblar. DQİDK mətbuat xidmətindən məscidin gilli ərazidə tikildiyini və suyun ibadət ocağını yuyub-aparmaq təhlükəsi olduğunu bildiriblər. Buna baxmayaraq, məscidin sökülməsi ilə bağlı qərarın DQİDK rəhbərliyi tərəfindən qəbul edilməsi bu addımın hakimiyyətin dini siyasətinin tərkib hissəsi olduğunu düşünməyə əsas verir. Aldığımız məlumatlara görə, "Neft daşları"ndakı məscidin sökülməsində radikal dini təriqətlərlə bağlı məqam mühüm rol oynayıb. Adının çəkilməsini istəməyən hakimiyyət nümayəndələrindən biri qəzetimizə açıqlamasında növbəti hədəf kimi "Neft daşları"nın seçilməsinin təsadüfi olmadığını deyib. Mənbənin sözlərinə görə, son vaxtlar "Neft daşları"nda fəaliyyət göstərən dini icmanın təsir imkanlarının xeyli artması ARDNŞ rəhbərliyini təxirəsalınmaz tədbirlər görmək məcburiyyətində qoyub: "Əvvəllər neftçilər arasında dindarlar barmaqla sayılacaq qədər az idi. Amma son iki-üç ildə ibadətlə məşğul olan neftçilərin sayı sürətlə çoxalmağa başladı. Hətta bəzi dindarlar saqqal saxlamağa, geyimlərinə xüsusi diqqət yetirməyə başladılar. Vəziyyət o həddə çatdı ki, vəhhabi təriqətinə məxsus olan şəxslər də bu məkana ayaq açdılar. "Neft daşları" qapalı bir məkan olduğu üçün burda işləyən və yaşayan insanlar həmişə əlavə məşğuliyyət axtarırlar. Yəni radikal təriqət üzvlərinin neftçilər arasında sürətlə özlərinə tərəfdaş toplaması həm də bu amillə bağlıdır. Son vaxtlar neftçilər arasında "qara qızıl"dan gələn gəlirin taleyilə bağlı müzakirələrin intensivləşməsi hakimiyyəti sərt qərarlar qəbul etmək məcburiyyətində qoydu". Mənbə deyib ki, "Neft daşları"ndakı məscidin sökülməsindən sonra vaxtilə bu məkanda ibadət edən dindarlar nəzarətə götürülüb. Onun sözlərinə görə, "Əl-Qaidə" terror təşkilatının bütün neft şirkətlərinin hədəfə götürülməsilə bağlı bəyanatı Azərbaycanın hüquq-mühafizə orqanlarını ciddi şəkildə narahat etməyə başlayıb. Yerli hüquq-mühafizə orqanları məşhur terror təşkilatının məlum hədəsinin arxasında real faktın dayanıb-dayanmadığını öyrənməyə çalışırlar. Müsahibimiz deyib ki, hazırda dindar neftçilər sorğu-sual edilir, onların əlaqələri araşdırılır. Qeyd edək ki, bu arada daha bir müqəddəs ziyarətgahın söküləcəyi barədə xəbərlər yayılıb. Məlumatlara görə, Mərdəkan qəsəbəsində yerləşən "Pir Həsən" ziyarətgahının sökülməsi üçün hazırlıqlar görülür. Mətbuatın yazdığına görə, bu tələblə Mərdəkan bələdiyyəsi çıxış edib. Adıçəkilən bələdiyyə qurumunun "Pir Həsən" ziyarətgahının bağlanması tələbi ilə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət etdiyi bildirilir. Məlumatlarda o da qeyd olunur ki, sözügedən məhkəmə instansiyasında hakim İntizar Bayramovanın sədrliyi ilə Mərdəkan bələdiyyəsinin iddiası araşdırılır. Dini ekspertlər isə qəzetimizə açıqlamalarında məscidlərə qarşı hücumların gələcəkdə də davam edəcəyini deyiblər. Onların sözlərinə görə, qarşıdakı dövrdə daha bir neçə ibadət ocağının bağlanması nəzərdə tutulur. Bəzi məscidlərin bağlanmasının həm də QMİ sədri Hacı Allahşükür Paşazadənin maraqlarına cavab verdiyi bildirilir. Dindarların sözlərinə görə, sökülən və qapadılan məscidlərin heç biri Paşazadənin nəzarətində deyil. Həmin məscidlərdə əsasən Hacı Allahşükür Paşazadədən narazı olan din xadimləri fəaliyyət göstərib. Mənbə Paşazadənin dünən mətbuatda dərc olunan müsahibəsində məscidlərin sökülməsinə və bağlanmasına haqq qazandırmasını da bununla əlaqələndirib. Qeyd edib ki, siyasi hakimiyyət QMİ sədrinin dəstəyi ilə bəzi məscidlərin fəaliyyətinə son qoymaqla həm də ölkədəki dindarların meydanını daraltmağa çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA