"Donuz qripi" sərhədlərimizə yaxınlazır

img

17-05-2009 [05:21]


[b]Adil Qeybulla: "Azərbaycan bu təhlükəli infeksiyanı qarşılamağa hazır deyil" [/b] Dünyada "donuz qripi" virusundan ölənlərin sayı 6000-i keçib. Bu təhlükəli virus Meksika ilə yanaşı, ABŞ və Kanadanı da öz ağuşuna alıb. Son məlumatlara görə, bu təhlükə artıq qonşu Türkiyəyə də çatıb. Bu isə Azərbaycan əhalisi arasında narahatlığı daha da artırıb. Tibb elmləri doktoru, professor Adil Qeybulla bizimlə söhbətdə hava-damcı yolu ilə yayılan infeksiyaların daha təhlükəli olduğunu dedi. Onun sözlərinə görə, bu cür infeksiyalar qısa müddət ərzində sürətlə yayıldığı üçün heç bir sərhəd tanımır: "Bu məsələdə sərhəd anlayışı nisbi olduğu üçün virus çox asanlıqla müxtəlif ölkələrə keçə bilir. Təbii ki, müəyyən tədbirlər görməklə bu problemi aradan qaldırmaq mümkündür. Bununla bağlı, Səhiyyə Nazirliyinin xüsusi qərarı var. Aprel ayında verilən sərəncama uyğun olaraq, bu virus infeksiyalarına qarşı profilaktik tədbirlər görülməlidir. Yerli sanitar-epidemoloji stansiyalar artıq bütün tibb idarələrinə və digər ticarət obyektlərinə xəbərdarlıq edib. Həmçinin qripə yoluxan xəstələr dərhal sanitar-epidemoloji mərkəzə müraciət etməlidir. Soyuqdəyməsi olan adamları mütləq təcrid etmək lazımdır. Ümumiyyətlə, bu istiqamətdə intensiv işlərin görülməsi planlaşdırılır. Ancaq bütün bunlar tam yetərli deyil. Ölkə sərhədlərini möhkəmləndirmək və nəzarət mexanizmini gücləndirmək lazımdır. Bundan başqa, hava-damcı yolu ilə yayılan infeksiyalar çox ciddi problemlər yarada bilər. Hesab edirəm ki, bu məsələyə ciddi yanaşılmalıdır". Professorun sözlərinə görə, "donuz qripi" virusu digər əvvəlki viruslardan bir çox əlamətlərinə görə fərqlənir: "H1N1 virusu adi qripin bir formasıdır. Bu təhlükəylə mübarizə "quş qripi"nə nisbətən çətin olacaq. "Quş qripi" qan vasitəsilə keçirdisə, bu virus həm də hava-damcı yolu ilə keçir. "Quş qripi"nin sərhədlərini daraltmaq yetərlidir ki, təhlükə daha geniş yayılmasın. Ancaq hava-damcı yolu ilə yayılan viruslar ciddi təhlükə mənbəyidir. Bir adam asqıranda bir neçə nəfər bu xəstəliyə düçar ola bilər. Azərbaycanın "donuz qripi"ni qarşılamağa hazır olduğunu söyləmək çox çətindir. Əgər Amerika səhiyyəsi bu təhlükəni dəf edə bilmirsə, Azərbaycandan müsbət nəsə gözləmək mümkün deyil. Düşünürəm ki, bu işə bütün dövlət strukturları cəlb olunmalıdır. Bundan əlavə, vətəndaşların özləri də üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Səhiyyə orqanlarının kiçik bir diqqətsizliyi böyük fəsadlar törədə bilər. Bu infeksiyanın iş yerlərində, bazarlarda, metrolarda yayılmaq ehtimalı daha çoxdur". Sonda Adil Qeybulla bu virusa qarşı anti-biotiklərdən daha çox istifadə edilməsini məsləhət gördü: "Çünki birbaşa virus əleyhinə heç bir preparat yoxdur. Yalnız virusun fəsadlarını aradan qaldırmaq üçün müəyyən dərmanlar mövcuddur ki, məhz onlardan istifadə olunmalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA