Fövqəladə hallar naziri Kəmaləddin Heydərov daha bir əleyhdarını çökdürdü

img

17-05-2009 [05:09]


Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciə zamanı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun görünməməsi müxtəlif söz-söhbətlərin meydana çıxmasına səbəb oldu. Bəzi dairələr səhhətində problemlər yaranan "fövqəlnazir"in Almaniyada müalicə olunduğunu bildirdilər. Amma K.Heydərov mərhum prezident Heydər Əliyevin doğum günündə kameralar qarşısına çıxaraq, bu söz-söhbətlərə son qoydu. FHN başçısının üzə çıxmasına paralel olaraq, onun tərəfdarları rəqiblərinə qarşı hücuma keçdilər. Onlar Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) qurultayında yarımçıq qalan planlarını gerçəkləşdirə bildilər. ASK prezidenti Ələkbər Məmmədova yönəlik təzyiqləri artırmaqla qurultaydan sonra onun istefa ərizəsi yazmasına nail oldular. Xatırladaq ki, Ə.Məmmədov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin hökumətdə təmsil olunduğu dövrdə inhisarçılara qarşı mübarizədə ön cəbhədə yer alırdı. ASK sədri həmin vaxt fövqəladə hallar naziri K.Heydərovun "bostanına" da daş atmaqdan çəkinmirdi. Məlum məsələdir ki, inhisarçılığa qarşı çıxmaq dolayısı ilə "fövqəlnazir"in maraqlarını tapdalamaq anlamına gəlir. Bu prosesin əsas aparıcı fiqurlarından biri də Ələkbər Məmmədov idi. Ə.Məmmədov hətta keçmiş nazir F.Əliyevin həbsindən sonra da K.Heydərovun qarşısından çəkilməmişdi. ASK sədrinin prinsipial mövqeyi ona qarşı aqressiyanın daha da artmasına səbəb olmuşdu. Amma "fövqəlnazir"in ətrafında olan iş adamları bu durumun uzun müddət davam etməsinə imkan vermədilər. Sözsüz ki, Ə.Məmmədovun elmi fəaliyyətinə görə istefa verməsi inandırıcı deyil. Əks təqdirdə, o, cəmi 10 gün əvvəl iddialarını gerçəkləşdirmək üçün mübarizəyə qoşulmazdı. "Qərbi Azərbaycanın Səsi" qəzetinin son sayında da Ə.Məmmədovun məhz təhdidlə istefaya məcbur edildiyi vurğulanıb. Qəzetin iddiasına görə, ASK sədrini və yaxınlarını həbs etməklə hədələyiblər: "Ələkbər Məmmədovu problemlərlə üzləşmiş bəzi sahibkarlardan rüşvət alıb, onlara yardımçı olmaqda suçlayıb, həbs etməklə hədələyiblər. O da Azərbaycan reallığını və Kəmaləddin Heydərovun imkanlarını nəzərə alıb, geri çəkilmək qərarını elan etdi". Qəzetdə o da bildirilib ki, Ə.Məmmədovun yaxınlarını da nəzarətə götürüblər və bununla da ona fikirlərində ciddi olduqları xatırladılıb. Görünür, ASK sədrini sıradan çıxarmaq üçün onun məhz bu üsulla "vurulması" daha məqbul sayılıb. Bildirək ki, Ə.Məmmədov gözlənilməz istefası ilə həm də deputat Əhməd Vəliyevlə Rüfət Quliyevin qarşısında geri çəkildiyini etiraf etmiş oldu. Məlum olduğu kimi, ASK sədrinin ünvanına ilk ittihamları Əhməd Vəliyevlə Rüfət Quliyev səsləndirmişdi. O isə deputat R.Quliyevin "European-Tobacco"nun prezidenti olmasının qanunazidd olduğunu bildirdi. O, bu şəxslərin ASK-nin işinə qarışmağa haqlarının çatmadığını da dilə gətirirdi. Amma Ə.Məmmədovun istefası onu göstərdi ki, bu şəxslər ASK daxilində daha çox təsir gücünə malik olublar. Ə.Məmmədovun istefası isə K.Heydərovun hakimiyyət daxilində güclü füqur olduğunu bir daha təsdiqlədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA