Musa Yaqub: "Fəxri adlar fərdiyyətə, münasibətlərə verilir"

img

13-05-2009 [05:39]


Son zamanlar Azərbaycan ədəbi mühitində yaranmış süstlük sanki öz yerini ədəbi mübahisələrə verməkdədir. Təbii ki, bu gərginliyin mərkəzində durub, yaradıcılığı bir kənara qoyaraq, bir-birini tənqid, ittiham edənlər də var, kənara çəkilib yaradıcılıq işləri ilə məşğul olanlar da. Bəziləri Yazıçılar Birliyinin nəşrlərinin istənilən səviyyədə çıxmadığını iddia etdiyi halda, qarşı tərəf deyilənləri qəti şəkildə rədd edir. Müstəqil İnformasiya Agentliyinə müsahibə verən tanınmış şair Musa Yaqub isə yenə də öz ampluasındadır. Onunla söhbətimizdə məhz son dövrlər baş verənlərdən, yaradıcılığındakı yeniliklərdən, hələ də ona verilməyən fəxri addan danışmışıq. [b]- Musa müəllim, hazırda nə işlə məşğulsunuz? Yaradıcılıq işləriniz nə yerdədir?[/b] - Yaradıcılıqda birdən-birə yenilik etmək çətindir. Çünki yenilik etmək uzun vaxt tələb edir. Amma bircə onu bilirəm ki, yaradıcılıqdan dayanmamışam, gecə-gündüz poeziya ab-havası ilə nəfəs alıram. Yaradıcılıq mənim üçün aldığım hava, içdiyim su kimi həmişə vacibdir. Mənim son vaxtlar "525-ci qəzet?də, "Ədalət"də şeirlərim , müsahibələrim dərc olunub. Həmin şerləri yığıram, toplayıram ki, gələcəkdə onları kitab halına salım. Kitab halına salmağa isə adamın həvəsi qalmır. Çünki kitab üçün gərək məşğul olasan, çap elətdirəsən. Kitabın ən böyük dərdi çap olunandan sonra baş qaldırır. Mən də vallah nə kitab sata, nə də satdıra bilərəm. Gətirirəm, dostlara yayıram. Bu da elə böyük bir sevincdir, lazımdır. Hesab edirəm ki, ömrümün bu çağında elə olmalıdır ki, mən köhnə, oxucuların sevdiyi şeirləri yenidən kitab halına salım. Mənim "Bu dünyanın qara daşı göyərməz" adlı kitabım 1 il əvvəl çıxıb. Bu, bir növ topludur. Çünki poeziya kitabı bu böyüklükdə olmaz. Bu mənim kitablarımın kitabıdır, əslində yazdıqlarımın cəmidir. Məsələn, 15-20 kitabım çıxıbsa, təkrar şeirləri içərisindən çıxartışam, qalanlarını çap etdirib yaymışam. Ondan sonra mən xeyli şeirlər, bir poema yazmışam. Arzumdur ki, oxucuların sevdiyi şeirləri yenə bir yerə yığıb çap elətdirim. Yəqin ki, bu da olacaq. Çünki müəyyən ideyalar, fikirlər var. Gündəlik də şeirlə, sənətlə, ədəbi mərasimlərdə iştirakla məşğuluq. Yazıçılarla, dostlarımızla birgə ədəbi aləmdiyik. [b]- Son bir neçə ayda Yazıçılar Birliyində "İmza günü" təşkil olunur. Yazarlar öz imzaları ilə kitablarını satırlar. Buna münasibətiniz necədir? [/b] - Yaxşıdır. Axır ki, bir tədbir olmalıdır ki, kitab satıla, yığıla. Sözün açığı, mən o barədə bir şey eşitməmişəm. İndi Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyinin birgə layihəsi var. Bizim poeziyamızı özündə əks etdirən bir kitab çap olunmalıdır. Orada da mənim şeirlərim olacaq. Yaxşıdır ki, yazarlar öz imzası ilə, öz xətti ilə kitablarını oxuculara satırlar. Mən əvvəldən də demişdim ki, nəşriyyatlara kitablarımızı çap olunmaq üçün verəndə satılan kitabları çap etsinlər. Bunun üçün həmin nəşriyyatların öz kitab mağazaları olmalıdır. Əgər kitab satılmayacaqsa, onu çap etməyin nə mənası var? Çap edirlər, verirlər müəllifə, o da vurur qoltuğuna. Heç o da qoltuğa sığan deyil. Yazığın mağazası yox, satılan yeri yox. [b]- Həmkarlarınız Yazıçılar Birliyinin nəşrlərini tənqid edərək, bildirirlər ki, dövlətdən ayrılan həmin vəsaitlə onları daha yaxşı çıxarmaq olar. Siz necə düşünürsünüz?[/b] - Bunlar öz ənənəsi olan qəzet və jurnallardır. İndi bu qəzet tünnüyündə müəyyən məsələlərdə geri qalırlar. O yaradıcılıq işidir. "Ulduz", "Azərbaycan" jurnallarını, "Ədəbiyyat qəzeti?ni tənqid etmək olar. Amma bu nəşrlər bizim əsərlərimiz əsasında çap olunur. Düzdür, seçim, yeni ideyalar, mübahisələr olmalıdır. Xüsusilə "Ədəbiyyat qəzeti?ndə ədəbi dərdlər, mübahisələr, problemlər çap olunmalıdır. Bəzən bunlar deyilmir. Çox iş də yazıçılarımızdan asılıdır. Bu nəşrlərdə maraqlı əsərlərin, yazıların dərc olunması çox xoş olardı. Məsələn, "Ədəbiyyat qəzeti?ndə bu qədər rəsmi materiallar getməməlidir. Çünki bu qəzet ədəbiyyatla məşğul olmalıdır. Bunun üçün dövlət qəzetləri var, rəsmi məlumatları nə qədər verirlərsə, versinlər. Bir də hökumətin ədəbiyyat haqqında qərarı varsa, onlar həmişə dərc olunalıdır. Bu mənada jurnallarda çeviklik göstərmək mümkün deyil. Amma "Ədəbiyyat qəzeti? bunu edə bilər. [b]- 50 ilə yaxındır ki, yaradıcılıqla məşğul olsanız da, hələ də fəxri ad almamısınız...[/b] - Vallah mən fəxri ad haqqında fikrləşmirəm və bu mümkün də deyil. Payı istəməzlər, payı verərlər. İndi payımı vermirlərsə, nə edim, ona görə mübahisə etməliyəm? [b]- Sizcə səbəb nədir?[/b] - Səbəbini bilmirəm. Onun pay verənlər bilər. Fərz edək ki, kimsə qapıları döyüb qurban payı paylayır. Hamıya verir, birinə verməyib gedir. Səbəbini özləri də bilir, mən də bilirəm, siz də bilirsiniz. Amma qalsın öz aramızda. Mən şikayət də etmək istəmirəm. Deyəndə də, düşünürlər ki, yəqin bu, addan ötrü ölür. Kim alıbsa, çox sağ olsun. Layiqdir, versinlər, layiq deyil verməsinlər. Daha doğrusu istəyirlərsə, versinlər. [b]- Bir dəfə demişdiniz ki, tərif söyləyə bilmədiyimə görə hələ də fəxri ad almamışam. Bəlkə? [/b] - Yox, tərif elə deyil, ha. Hərəsinin öz ideyası, öz fikri, öz duyğusu var. İndi ən yaxşı söz budur ki, payı istəməzlər, payı verərlər. İndi mən yalvarım, yaxarım, sən demişkən tərifləyim ki, mənə də verin, ona da gücüm çatmır. Özləri bilərlər. Ümumiyyətlə, ad məsələsində fərdiyyət, münasibətdən doğan işlər yaranıb. Sırf yaradıcılığa verilsə, mən ona layiq deyiləmsə, heç vaxt istəmərəm. İndi təəssüf ki, fəxri ad fərdiyyətə, münasibətlərə verilir. Münasibət də ki, mənim vətənimə, torpağıma ən xoş münasibətlərim var. Qoy bu münasibəti götürsünlər. Mən nə istəməliyəm ki? [b]İntiqam VALEHOĞLU[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA