Azərbaycanda uzaq əməyindən istifadə zamanı ciddi qanun pozuntularına yol verilir

img

12-05-2009 [04:50]


"Azərbaycan qanunvericiliyində uşaq əməyindən istifadə etmək qadağan olunmayıb. Ancaq bu məsələdə mütləq uşaqların yaş həddi müəyyənləşdirilməlidir. 16 yaşlı uşaqların əməyindən istifadə istifadə edilirsə, bu, mütləq uşaq əməyinin istismarı kimi qiymətləndirilməlidir". Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov deyib. Onun sözlərinə görə, uşaq əməyindən istifadə edilməsi üçün birbaşa icra hakimiyyətindən icazə alınmalıdır: "Hazırda ölkəmizdə 7-8 və 12 yaşlı uşaqlar da əməyə cəlb edilirlər. Bu kimi hallarda isə Azərbaycanın Əmək Məcəlləsi pozulur. Bildiyimiz kimi, Azərbaycan Birləşmiş Əmək Təşkilatının 38-ci konvensiyasına qoşulub. Konvensiyada minimum yaş həddi 15 göstərilib. Çox təəssüflər olsun ki, 15 yaşlı uşaqlardan savayı, azyaşlı uşaqlar da işə cəlb edilir və ağır halda istismar olunurlar". Y.Bəkirov bildirib ki, belə hallara qarşı dövlətin heç bir nəzarət mexanizmi yoxdur: "Ümumiyyətlə, bəzi uşaqların hüquqları elə valideynləri tərəfindən də pozulur. Bu özünü xüsusən kənd rayonlarında daha qabarıq göstərir. Burada uşaqların əməyindən istifadə edilməsi ilə yanaşı, istismarı da mövcuddur. Məsələn, kənd yerlərində pambıq, tütün yığımlarında uşaq əməyindən geniş istifadə edilir. Artıq bu məsələyə görə valideynlər məsuliyyət daşımalıdır. Bundan əlavə, uşaq əməyindən internatlarda da geniş istifadə edilir. Orada oğlanları tikintiyə, qızları isə xalça toxumağa göndərirlər. Onların əldə etdikləri gəlirlərin böyük hissəsi həmin məktəblərin direktorları tərəfindən alınır. Bundan əlavə, Azərbaycan Uşaq Əməyinin Ağır İstismarının qadağısının 182-ci konvensiyasına qoşulub. Bu konvensiyaya görə, hər bir uşaq hər hansı bir idarədə 3-4 saatdan artıq işləməməlidir. Həm də sahibkar uşağın ailəsi və onunla müqavilə bağlamalı, onun təhlükəsizliyini və sağlamlıq sığortasını təmin etməlidir. Ancaq bizdə uşaq əməyindən 8-9 saat istifadə edilir. Artıq buna uşaq əməyinin istismarı deyilir. Halbuki ölkəmiz adıçəkilən müqaviləyə imza atıb. Azərbaycan hər il bu məsələ ilə bağlı Beynəlxalq Əmək Təşkilatına hesabat verməlidir. Lakin yalnış hesabatlar verərək, gözdən pərdə asırlar. Ümumiyyətlə, Azərbaycan bu sahədə heç bir müsbət addım atmır. Əksinə, qanun pozuntularına bu ölkədə göz yumulur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA