Azərbaycanda HiV-ə yoluxanların sayı rəsmi statistikada göstəriləndən çoxdur

img

09-05-2009 [05:10]


Hər il may ayının son həftəsinin ilk günü AİDS-dən dünyasını dəyişənlərin anım günü qeyd olunur. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda 1800-dən çox HİV-ə yoluxmuş xəstə var. Lakin Qeyri-Hökumət Təşkilatları (QHT) bu statistikanı təsdiqləmir. Bunun başlıca səbəbi isə cəmiyyətin bu xəstəliyə olan münasibətidir. ?Hüquqi İnkişaf və Demokratiya? İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva Müstəqil İnformasiya Agentliyinə açıqlamasında rəsmi statistikanın real olmadığını deyib: ?İnsanların müayinəyə getməməsinin əsas səbəbi Sovet dövründən qalma vahiməylə bağlıdır. Hər kəs düşünür ki, əgər onda bu virus aşkarlanarsa, cəmiyyətdən təcrid olunacaq, ayrı-seçkiliyə məruz qalacaq. Hazırda ölkədə sözügedən xəstəliklə bağlı ardıcıl şəkildə mübarizə tədbirləri həyata keçirilir. Bura insanlar arasında maarifləndirmə, profilaktika işləri, əhalinin müayinəyə, müalicəyə cəlb olunması daxildir. Bu tədbirlərdə QHT-lər fəal iştirak edirlər?. Birlik sədri bu il də AİDS-dən dünyasını dəyişən xəstələrin xatirəsini yad etmək üçün müxtəlif tədbirlər keçirəcəklərini söylədi: ?Hər il AİDS-dən dünyasını dəyişən xəstələrin anım günündə dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda da tədbirlər keçirilir. Bu il də istisna deyil. Bunun üçün bizim 25 təşkilatı özündə birləşdirən - Zərəri azaltma şəbəkəsi paytaxtla yanaşı, bir sıra regionlarda da müxtəlif tədbirlər keçirəcək. Hazırda tədbirlərin formatı üzərində işləyirik?. Z.Mustafayeva həmçinin parlamentdə sözügedən məsələylə bağlı yeni qanun layihəsinin hazırlandığını da vurğulayıb: ?1996-cı ildə parlamentdə qəbul olunmuş AİDS-ə qarşı mübarizə qanunu müasir tələblərlə uzlaşmadığından yenidən hazırlanmasına böyük ehtiyac var. Bununla bağlı, parlamentin Sosial Siyasət Komitəsinin üzvləri QHT sektoru ilə birlikdə yeni qanun layihəsi hazırlayıblar. Onun yaxın vaxtlarda parlamentdə müzakirəsi gözlənilir. Fikrimcə, qanun layihəsi mükəmməl hazırlanıb. Təkliflərimizin böyük əksəriyyəti orada öz əksini tapıb. Bu layihə qanun şəkilində qəbul edilsə, gələcəkdə ölkəmizdə AİDS-ə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində, əhalinin maarifləndirilməsində çox böyük hüquqi baza rolunu oynayacaq. Digər tərəfdən, hazırda ölkəmiz AİDS, vərəm və malyariya üzrə dünya qlobal fondunun 9-cu raund üzrə elan etdiyi müsabiqədə iştirak etməyi planlaşdırır. Bunun üçün müvafiq dövlət qurumları QHT-lərlə birlikdə layihə hazırlayıb. Əgər həmin layihə qəbul olunarsa, növbəti 5 ildə AİDS-ə qarşı mübarizə tədbirləri daha da güclənəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA