Həbs olunan müxalifətçi gənclərin sayı 6-ya çatıb(yenilənib)

img

09-05-2009 [03:19]


Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsi ilə bağlı mayın 10-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulan matəm mintiqinin təşkilatçıları həbs edilib. Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli, Müsavat Gənclər Təşkilatının fəalı Murad Kərimov, Müsavat Partiyası mətbuat xidmətinin əməkdaşı Yalçın Abbaslı və AXCP-nin Gənclər Təşkilatının sədri Əbülfət Qurbanlı mayın 8-də gecə saatlarında mülki geyimli şəxslər tərəfindən həbs edilib. Mayın 10- da saat 9 radələrində isə polislər Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslını yaşadığı mənzilin qarşısında həbs edib. Diqər müsavatçı gənc Emin Elmanlı evlərinin qarşısında mülki geyimli şəxslərin hücumuna məruz qalıb. Yaxınlıqda olan vətəndaşlar E. Elmanlının həbsinə imkan verməyiblər. Bu gün saat 12 radələrində AXCP Gənclər Təşkilatının sədri Ə. Qurbanlı Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 10 sutka azadlıqdan məhrum edilib. Bu barədə əməkdaşımıza məlumat verən AXCP sədrinin müavini Həsən Kərimov Ə. Qurbanlının polisə müqavimət adı ilə həbs edildiyini bildirdi. Müsavat Partiyasından verilən məlumata görə, M. Kərimov və Y. Abbaslı barədə Yasamal Rayon Məhkəməsi hökm çıxarıb. Lakin məhkəmə iclası qapalı keçirilib. Polislər Müsavat Partiyasının nümayəndələrini məhkəmə binasına buraxmayıblar. Həbs edilən hər iki müsavatçı məhkəmə zalından çıxdıqdan sonra polis maşınına mindirilərək naməlum istiqamətə aparılıb. Müsavat Partiyası Gənclər Təşkilatının sədri T.Abbaslının Nəsimi, onun müavini Ə.Məmmədlinin isə Xətai rayon Məhkəməsində olduğu bildirilir. Onlara qarşı polisə müqavimət maddəsi ilə ittiham irəli sürüldüyü ehtimal olunur. Gənclərin qanunsuz həbsi ölkəmizdə olan xarici ölkələrin səfirliklərini də narahat edib. Aldığımız məlumata görə, bayram günü olmasına baxmayaraq, ABŞ-ın ölkəmizdəki səfirinin müavini Don Li məsələ ilə bağlı işə çıxıb. Lakin hakimiyyət ABŞ səfirliyinin sorğularını cavablandırmaqdan imtina edib. Qeyd edək ki, artıq həbs olunanların sayı 6-ya çatıb. Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslının hazırda Nəsimi rayon Məhkəməsində, onun müavini Əhəd Məmmədli Xətai rayon Məhkəməsində, gənc fəal Murad Kərimovun və Müsavat Partiyasının mətbuat xidmətinin əməkdaşı Yalçın Abbaslı isə Yasamal rayon Məhkəməsindədirlər. Onlara da müvafiq cəzalar veriləcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA