Təhsil naziri Misir Mərdanov ali məktəblərə ciddi irad tutub

img

08-05-2009 [04:17]


Təhsil naziri Misir Mərdanov Azərbaycanın ali məktəb müəllimlərini Avropa İttifaqının elan etdiyi beynəlxalq proqram və layihələrdə aktiv iştirak etməməkdə ittiham edib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, Təhsil Nazirliyindəki toplantıda nazir deyib ki, Avropa İttifaqının 90-cı illərin əvvəllərindən başladığı bu proqramlarda Azərbaycanın ali təhsil müəssisələrinin qazandıqları maliyyə resursları digər postsovet respublikalarının ali təhsil müəssisələrinin gəlirləri ilə müqayisədə dəfələrlə azdır: ?Təəssüfləndirici haldır ki, müəyyən proqramlar həyata keçirilsə də, universitetlərimiz dünyanın, Avropanın yaratdığı bu imkanlardan səmərəli istifadə etmir, lazımınca bəhrələnmirlər?. Nazirin fikrincə, belə vəziyyətin yaranması səbəblərindən biri universitetlərdə beynəlxalq əlaqələrə məsul olan prorektorların fəaliyyətinin qənaətbəxş olmamasıdır. O, Azərbaycan ali məktəblərinin beynəlxalq əlaqələrə məsul olan prorektorlarının əksəriyyətinın yaşlı və təşəbbüskar olmamasından gileylənib: ?Bu vəzifəni tutan şəxslər gənc, bir və ya bir neçə xarici dil bilən, müntəzəm olaraq xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri yaradan bacarıqlı şəxslər olmalı, beynəlxalq proqramların lazımi səviyyədə aparılmasına rəhbərlik edə bilməlidirlər?. Nazir deyib ki Azərbaycandakı ali məktəb müəllimlərinin sayı qonşu ölkələrlə müqayisədə 3-4 dəfə çoxdur. ?Ehtiyac olmadan müəllimlər işə götürüldüyündən dövlət büdcəsindən ayrılan vəsaiti real tələbatdan dəfələrlə artıq sayda müəllimlər arasında bölmək məcburiyyətində qalmışıq. Əlbəttə, mən onun tərəfdarı deyiləm ki, minlərlə müəllimi işsiz qoyaq. Lakin süni sıxlığın yaradılması da keyfiyyətli təhsilə mane olan amillərdən biridir?. M.Mərdanovun fikrincə, çıxış yolu təhsil müəssisələrinin adambaşına maliyyələşmə sisteminə keçməsidir. Təhsil naziri ali məktəblərdə çalışan müəllimlər arasında gənc alimlərin azlığından narahatlığını ifadə edib: ?Ölkənin 24 dövlət ali məktəbində 12 minə yaxın professor-müəllim heyəti çalışır. Onlardan 656 nəfərinin yaşı 30-dək, 2016 nəfərinin 30-40-dək, 2500 nəfərinin 40-50-dək, 2957 nəfərinin 50-60-dək, 3700 nəfərinin yaşı isə 60-dan yuxarıdır. Göründüyü kimi, ali məktəblərimizdə gənc alimlərin sayı çox azdır, 30 yaşadək müəllimlər arasında bir nəfərin də elmlər doktoru dərəcəsi yoxdur. Deməli, elmi dərəcəsi, elmi adı olan ali məktəb müəllimlərinin əksəriyyəti yaşlı adamlardır. Bu barədə ciddi düşünməli, kadrların seçilib yerləşdirilməsi sahəsində siyasətimizdə ciddi korrektələr etməliyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA