Nazirlik Mərkəzi Nəbatat Bağınının rəhbərliyini ittiham edib

img

08-05-2009 [03:56]


Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının Şamaxı rayonundakı təcrübə-dayaq məntəqəsinə aid ərazinin vəzifəli şəxslərə satılması ciddi səs-küyə səbəb olub. Mərkəzi Nəbatat Bağının direktoru Oruc İbadlı ərazinin satılmasına etirazını bildirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) isə O.İbadlının iradları ilə razılyaşmayıb. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, Mərkəzi Nəbatat Bağının Şamaxı rayonundakı təcrübə-dayaq məntəqəsinin 20 hektar sahəsi mövcuddur. Nazirlik bəyan edib ki, həmin 20 hektar ərazi Azərbaycan SSRİ Nazirlər Sovetinin 06 aprel 1988-ci il tarixli 125 nömrəli qərarı ilə Şamaxı Üzümçülük Sovxozunun ərazisindən elmi-tədqiqat işlərinin aparılması, habelə qiymətli ağac və kol bitki növlərinin əkilməsi, yeni növlərin yaradılması məqsədilə ayrılıb. ?Həmin ərazidə 20 ildən artıq müddətin keçməsinə baxmayaraq, nəinki elmi-tədqiqat işləri aparılmamış, hətta heç bir ağac və kol bitkiləri əkilməyib. Əksinə, həmin ərazidə 215 metr uzunluğunda və 27 metr enində mişar daşından hasar çəkildiyi və orada taxıl əkildiyi müəyyən edilib. O ki qaldı torpaqların sahibkarlara, sabiq deputatlara, rayon icra hakimiyyəti başçılarına və Gürcüstan vətəndaşına satılmasına, nəzərinizə çatdırırıq ki, həmin torpaqların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə heç bir aidiyyəti yoxdur?,-deyə nazirliyin sözçüsü bəyan edib. Mətbuat xidmətindən o da bildirilib ki, badam bağları salınmış qalan 10 hektar ərazi isə faktiki olaraq dövlət meşə fondu kimi ETSN-nin Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansına daxildir və bununla əlaqədar müvafiq hüquqi sənədlər mövcuddur: ?Azərbaycan Respublikasının Qanunvericiliyi ilə meşə fonduna daxil olan torpaqların satılması qadağan olunduğundan, həm hörmətli O.İbadlının, həm də KİV nümayəndəsinin nəzərinə çatdırırıq ki, Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olan 10 hektar ərazidəki torpaqların satılması və buradakı badam ağaclarının məhv edilməsi barədə yayılan fikirlər tamamilə əsassızdır. Həmin ərazi lazımi səviyyədə qorunub mühafizə olunur?. ETSN bildirib ki, 10 hektarlıq meşə fondu torpağının Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağına aid olduğunu iddia edən şəxslər bir müddət həmin ərazidən qoyunçuluq təsərrüfatı saxlamaq məqsədilə istifadə ediblər. Belə qanunazidd əməllərin qarşısının alınması üçün Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə orqanlarına müraciət olunduğu və həmin şəxslərin qanuna müvafiq qaydada cərimələndiyi bildirlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA