Azərbaycandakı əməkçi miqrantlarla bağlı problemlər ciddidir

img

08-05-2009 [03:18]


Bu gün Media Mərkəzində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən həyata keçirilən və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyələşdirdiyi ?Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması?na dair hesabat təqdim olundu. Monitorinq hesabatında bu sahədə dövlət siyasətinin müəyyənləşdirilməsi, qanunvericilikdə və praktikada olan boşluqların və qüsurların aradan qaldırılması üçün təklif və tövsiyyələr yer almışdı. Qeyd edək ki, monitorinq hesabatı bu istiqamətdə ölkədə həyata keçirilən ilk tədqiqat olduğu üçün o, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə diqqət mərkəzində olub. Hesabat ölkədə əməkçi miqrantlarla bağlı həm müsbət, həm də problemli məsələləri müəyyən edib. Tədbiri giriş sözü ilə açan Vətəndaşqların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bununla bağlı 6-cı monitorinqin başa çatdığını deyib. Onun sözlərinə görə, Azərbaycanın əmək bazarında çox ciddi problemlər var: ?Bu problemlərdən biri də Azərbaycanda əmək bazarının 50 faizdən çoxunun qeyri-formal sektorunun zəif olmasıdır. Bunun çoxlu sosial nəticələri var. Nəticələrdən bir də ölkəmizə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyəti ilə məşğul olmasıdır. Apardığımız monitorinqlərə əsaslanıb deyə bilərik ki, ölkəmizə gələn əməkçi miqrantların 90 faizi qeyri-leqal sektorda çalışır. Aprelin birinə qədər Azərbaycanda 4634 nəfər əməkçi miqrant icazə alaraq fərdi əmək fəaliyyətini həyata keçirir. Təkcə Gürcüstandan gələnlərin sayı ən azı 100 min nəfərdir. Onların əksəriyyəti xidmət sferasında çalışırlar. Bildiyiniz kimi, Azərbaycan 2002-ci ildən BMT-nin Əməkçi miqrantlar və onların ailə üzvlərinin müdafiəsinə dair Konvensiyasının iştirakçısıdır. Konvensiya qüvvəyə minəndən sonra ilk dəfə idi ki, Azərbaycan BMT-yə öz dövri hesabatını verib. Orada Azərbaycan Vətəndaş Cəmiyyətindən mən və İradə Cavadova iştirak edirdi. Biz hesabatı İradə xanımın iştirakı ilə hökumətlə müzakirə etdik. Bir qədər bəlli müddəalarla razılaşmaq istəmirlər, amma hökumətin əksini deməyə də arqumenti yoxdur. Bu da onu göstərir ki, əmək miqrasiyası sahəsində dövlətin siyasəti indi-indi formalaşmaqdadır. İndiyə qədər dövlətin bu sahədə siyasətinin olmaması ölkənin bu sahəsində anarxiyaya gətirib çıxarıb. Bizdə işsizliyin faiz göstəricisi Beynəlxalq Əmək Təşkilatının göstəricilərinə görə, 10 faizdən yuxarı idi. Halbuki Avropada 3,5 faiz olanda bunu kritik göstərici sayırlar. Dövlət bu sahədə o qədər məsuliyyətsizlik göstərib ki, indi əmək miqrasiyası məsələlərini tənzimləməkdə çətinlik çəkir?. ?İnsan Hüquqları üzrə Maarifləndirmə? İctimai Birliyinin rəhbəri İradə Cavadovanın fikrincə, əvvəlki illərlə müqayisədə bu hesabatı uğursuz hesab etmək olmaz: ?Digər Qeyri-Hökumət təşkilatları hesabat təqdim etməyiblər. Ən ciddi hazırlanan hesabat Sahib müəllimin təqdim etdiyi hesabatdır. Çox ciddi araşdırmalar aparılıb. Bizdə əməkçi miqrantlar və onların ailə üzvlərinin müdafiəsi ilə bağlı bir çox problemlər var. Yəni, Dövlət Miqrasiyası Xidmətinin çox ciddi problemləri mövcuddur. Problemlərdən biri də orada süni növbəliliyin yaranmasıdır. Hətta əməkçi miqrantlar bir kəlmə söz soruşmaqdan ötrü səhərdən günortaya qədər orada növbəyə durmalı olur və bəzən günləri hədər gedir. İkinci problem isə orada çalışan bəzi şəxslərin əməkçi miqrantlar tərəfindən hansı sənədlərin təqdim olunmasını və sənədlərin necə doldurulmasını bilməməsidir. Digər böyük problem, aylarla sənəd qəbul edildikdən sonra onlara dəqiq vaxtın qoyulmamasıdır. Hesab edirəm ki, bu sahədə Dövlət Miqrasiya Xidmətinin tam uğurlu sistemi yoxdur. Bundan əlavə, əməkçi miqrantların ailələri səhiyyədə və təhsildə problemlərlə üzləşirlər. Düzdür, dövlət bunu inkar edir. Amma faktlar göz önündədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA