Mübariz Əhmədoğlu: "Bəzi dairələrin Obamaya qeyri-ciddi münasibəti diqqəti çəkir"

img

06-05-2009 [02:50]


Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) may ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə ABŞ prezidenti Barak Obamanın 100 günlük fəaliyyətinə qiymət verib. Politoloq deyib ki, Amerika prezidentinin 100 günlük fəaliyyətinə qiymət verən ekspertlər daha çox onun daxili siyasətini tənqid ediblər: "Bəzi dairələrin Obamaya qeyri-ciddi münasibəti diqqəti çəkir. Onun serial düşkünü olması barədə xəbərlər yayıldı. Hətta Obamanın "donuz qripi"nə tutulmamasına eyham vuruanlar da oldu. Amma ABŞ-da iş adamları və fond birjaları Obamanın iqtisadi sahədə verdiyi qərarları dəstəkləyirlər. Nəticədə ABŞ iqtisadi tənəzzülün qarşısını ala bildi. Prezident xarici siyasətdə Demokratlar Partiyasının ənənəvi kursunu davam etdirəcəyini sübut etdi. Meksikada olarkən Latın Amerikası dövlətləri ilə münasibətlərin yumşaldığını dedi. Obama bundan sonra ABŞ-ın heç bir dövlətin işinə qarışmayacağını bildirdi". M.Əhmədoğlu ötən ay Mərkəzi Asiyada baş verən ən mühüm hadisənin bu regionda yerləşən dövlətlərin prezidentlərinin Astana görüşü olduğunu deyib: "Bu görüşün əsas məqsədi məhv olmaq təhlükəsi ilə üzləşən Aral gölünün xilas edilməsi ilə bağlı müzakirələr aparmaq idi. Mərkəzi Asiyanın dağlıq hissəsində yerləşən Tacikistanda və Qırğızıstanda belə hesab edirlər ki, düzənlikdə yerləşən Özbəkistan, Türkmənistan və Qazaxıstan Aralın suyundan çox istifadə etdikləri üçün bu unikal göl məhv olur. Bu qənaət, eləcə də Özbəkistanın Tacikistanda su elektrik stansiyalarının tikilməsinin üçüncü tərəflə razılaşdırılması fikri müzakirə iştirakçıları arasında gərginlik yaratdı. Yalnız Tacikistanın etiraz etdiyi tezislər çıxarıldıqdan sonra prezidentlər yekun sənədə imza atdılar". SİTM sədri mətbuat konfransında may ayında Cənubi Qafqazda baş verən hadisələri də təhlil edib. Bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşması, qondara "erməni soyqırımı"nın tanınması ilə bağlı məsələlər ötən ay Ermənistanda əsas müzakirə mövzusu olub. Onun sözlərinə görə, Serj Sərkisyan Rusiyanın üzünə gülə-gülə Ermənistanı bu ölkənin forpostluğundan çıxarıb, Qərbin protektoratlığına salır. Politoloq may ayında Azərbaycan diplomatiyasının ciddi uğur əldə etdiyini deyib. Qeyd edib ki, BMT Baş katibi Pan Gi Munun "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" adlı məruzə ilə çıxış etməsini bu günə kimi görülmüş işlərin nəticəsi kimi qyimətləndirmək olar: "Bu o deməkdir ki, BMT mütəmadi olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olmağa başlayıb. BMT Baş katibinin xüsusi məruzə ilə çıxış etməsi BMT Baş Assambleyasının 62-ci sessiyasının 243 nömrəli qətnaməsində nəzərdə tutulub. 62-ci sessiyaya gedən yol 59-cu sessiyadan başlayır. BMT-nin Dağlıq qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olması Ermənistanın maraqlarına daban-dabana ziddir. Ermənistan yalnız ATƏT-in Minsk Qrupunun vasitəçiliyini qəbul edir. Çünki ATƏT və onun qurumu olan Minsk Qrupu yalnız konsensus mexanizmi ilə işləyir. Ermənilər ümid edirlər ki, yekun sənədin qəbulu zamanı konsensus əldə etmək mümkün olmayacaqdır". Sonda M.Əhmədoğlu bildirib ki, ötən ay Gürcüstan-Rusiya münasibətləri avqust hadisələrindən əvvəl olduğu kimi gərgin, qeyri-müəyyən olaraq qalmaqda davam edib: "Mitinq ərəfəsində Gürcüstan Abxaziyanın dəniz sularında Rusiyanın və Türkiyənin gəmilərini saxladı. Rusiya dərhal reaksiya verdi. Rusiyanın davranışlarından ehtiyatlanan Saakaşvili həbs etdirdiyi Rusiya gəmisini buraxdırdı. Saakaşvili Tbilisidə keçirilən mitinqlərdə Rusiyanın roluna dair iz axtarsa da, tapa bilmədi. Sonradan isə o, verdiyi bəyanatlarda Rusiya faktorunu tamam ayrı rakursdan təqdim etdi, bu ölkənin əleyhinə hər hansı fikir səsləndirmədi".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA