Sumqayıtda sürücülərin etirazı davam edir

img

05-05-2009 [12:31]


Xəbər verdiyimiz kimi, ötən həftədən Nəqliyyat Departamentinin qərarı ilə Sumqayıt şəhərinin nəqliyyat sistemində bir sıra dəyişikliklər olub. Bakı-Sumqayıt marşurutlarının bir məntəqədən ? yalnız avtovağzaldan işləməsi və digər marşurutların xətdən çıxarılması ciddi narazılığa səbəb olub. Hətta Sumqayıt şəhər İcra Hakimiyyəti önündə etiraz aksiyası da keçirilib. Sumqayıtdan Müstəqil İnformasiya Agentliyinə (MİA) verilən məlumata görə, bu gün səhər saatlarında növbəti etiraz aksiyasına cəhd olub. Amma aksiya polisin müdaxiləsi ilə dağıdılıb. Etirazçılardan birinin MİA-ya verdiyi məlumata görə, bu gün saat 9.30 radələrində Sumqayıt avtovağzalında toplaşıb aksiya keçirmək istəyiblər: ?Bildiyiniz kimi, Nəqliyyat Departamenti Sumqayıt daxilində işləyən 7 nömrəli marşurut üzrə işləyən mikroavtobusları dövriyyədən çıxarıb, özlərinin iritutumlu avtobuslarını buraxmaq istəyirlər. Dünəndən qərarımız var idi ki, bu gün səhər ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edək, oradan isə Prezident Administrasiyasının qarşısına gedib, etirazımızı bildirmək istəyirdik. Hətta dünən pul yığıb gül, əklil də almışdıq. Ancaq bu gün səhər polis avtovağzaldan çıxmağımıza imkan vermədi. Bəzilərimizi hətta Polis Bölməsinə də apardılar. Dünən gül almaq üçün pul yığan sürücüləri polis bir neçə saat saxlayandan sonra, buraxıblar. İcra Hakimiyyətinin nümayəndələri, yol polisinin əməkdaşları və Nəqliyyat Departamenti sürücülərə qərarın qüvvədə qalacağını və heç bir güzəşt edilməyəcəyini deyirlər?. Qeyd edək ki, dünən də Sumqayıtda sürücülərin etirazı olub. Hətta sürücülərlə Nəqliyyat Departamentinin əməkdaşları arasında münaqişə baş verib. MİA-ya məlumat verən narazılardan birinin sözlərinə görə, sürücülərdən biri departamentin əməkdaşını vurub. Ciddi xəsarət alan departament əməkdaşı xəstəxanaya aparılıb. Onu da nəzərə çatdıraq ki, nəqliyyat sistemindəki son dəyişikliklər Sumqayıt sakinlərinin də narazılığına səbəb olub. Artıq keçirilən etiraz aksiyalarında sakinlər də iştirak edirlər. Problem həll edilməyənə qədər aksiyaların davam etdiriləcəyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA