12 milyonluq fırıldağa imza atılıb

img

04-05-2009 [09:27]


[b]"Xalq kompüteri" layihəsi çərçivəsində təhsil sistemində ən böyük maliyyə fırıldağı planlaşdırılır [/b] Təhsil sistemindəki problemlər son illər daha qabarıq şəkildə üzə çıxmağa başlayıb. Bu sistemin korrupsiyalaşması nəticəsində bu sektora ayrılan vəsaitin ayrı-ayrı vəzifəli şəxslərin cibinə axması dəfələrlə ən mötəbər kürsülərdə dilə gətirilib. Azərbaycanda təhsilin səviyyəsinin aşağı olması isə hətta beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Təhsil Nazirliyinin Rabitə və İnformasiya Toxnologiyaları Nazirliyi ilə birgə "Xalq kompüteri" layihəsinə start verməsi növbəti dəfə maliyyə fırıldaqları ilə bağlı ittihamların meydana çıxmasına səbəb olub. Təhsil Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri "Reytinq"ə açıqlamasında bildirib ki, Misir Mərdanov müəllimlərin hesabına külli miqdarda vəsaitə sahiblənmək istəyir: "Xalq kompüteri" layihəsi çərçivəsində 60 yaşına çatmamış 120 min müəllimin bilgisayarla təmin olunması nəzərdə tutulur. Kompüter sahibi olan müəllimlərin maaşlarından hər ay 20 manat tutulacaq". Mənbə deyib ki, hər iki nazirlik bu layihəni reallaşdırmaq üçün "Bestkomp Group" şirkəti ilə müqavilə imzalayıblar. Müqavilənin şərtinə uyğun olaraq, təhsil işçiləri üçün alınmış hər kompüterə görə bu şirkətin hesabına 600 manat vəsait köçürüləcək: "Bestkomp Group" şirkətinin müəllimlərə təqdim etdiyi kompüterlərin digər şirkətlərin məhsullarından heç bir üstünlüyü yoxdur. Üstəlik, bu kompüterlərin real satış qiyməti 500 manatdır. Bu isə o deməkdir ki, təhsil və rabitə nazirliklərinin rəhbərliyi hər kompüterdə 100 manat real qazanc əldə edəcəklər. 120 min kompüterin satışından əldə olunacaq gəlir isə 12 milyon manatdır ki, bu məbləğ bir neçə nəfərin cibinə axacaq". Mənbə deyib ki, M.Mərdanov "Xalq kompüteri" layihəsinə yalnız gəlir mənbəyi kimi baxmır. Onun sözlərinə görə, təhsil naziri həm də bu layihəni özünün təbliğat kampaniyasına çevirmək istəyir: "120 min müəllim kompüter sahibi olduqdan sonra nazir Azərbaycan təhsilinin böyük inkişaf yolu keçdiyini deyəcək. Amma əslində Misir Mərdanovu daha çox düşündürən həmin kompüterlərin real satışına qeyri-qanuni əlavə edilmiş 100 manatın hesabına əldə ediləcək milyonlardır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA