Vəhhabilər Azərbaycanda yenidən fəallazırlar

img

03-05-2009 [02:34]


[b]"Şəhidlər" məscidinin bağlanmasının sirri açılır [/b] Ötən ilin avqustunda Bakının Nərimanov rayonu ərazisində yerləşən "Əbu Bəkr" məscidinin partladılması Azərbaycanda radikal dini təriqətlərlə bağlı problemi yenidən gündəmə gətirdi. Bir nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnən bu qanlı terror aktı radikal qruplaşma üzvlərinə qarşı təzyiqlərin artması ilə müşayiət olundu. Hüqüq-mühafizə orqanlarının Bakı, Zaqatala və Quba-Qusar bölgəsində həyata keçirdiyi əməliyyatlar zamanı vəhhabi təriqətinə məxsus olduğu bildirilən 100-dən artıq insan həbs edildi. Terrorçularla əlaqədə olduqları güman edilən bu şəxslər polis idarələrində fiziki və mənəvi təzyiqlərə məruz qaldılar. Bəzi təriqət üzvlərinin saqqalının qırxılması hüquq-müdafiə təşkilatları təərfindən kəskin etirazla qarşılandı. Vəhhabilərin nəzərəçarpan fəallığı hakimiyyət dairələrini təxirəsalınmaz tədbirlər görmək məcburiyyətində qoydu. Hüquq-mühafizə orqanları vəziyyətdən çıxış yolunu "Əbu Bəkr" məscidinin qapadılmasında gördülər. Məscidin imamı Hacı Qamət Süleymanovun "Əbu Bəkr"in fəaliyyətini bərpa etmək üçün hüquqi müstəvidə apardığı mübarizə uğursuzluqla nəticələndi. Yerli məhkəmə instansiyası Hacı Qamətin iddiasını təmin etmədi. "Əbu Bəkr" məscidinin qeyri-müəyyən müddətə bağlanması radikal dini təriqətlərlə bağlı problemi yenidən aktuallaşdırdı. Bəzi ekspertlər vəhhabi təriqətinə məxsus olan şəxslərin yenidən hücrə evlərinə üz tutacağını əsas gətirərək, hakimiyyəti "Əbu Bəkr"in fəaliyyətinə icazə verməyə çağırdılar. Onların qənaətinə görə, radikal təriqət üzvlərini nəzarətdə saxlamaq üçün bu məscidin daim fəaliyyət göstərməsi vacibdir. Siyasi hakimiyyətin geriyə addım atmaq istəməməsi vəhhabilərin paytaxtda fəaliyyət göstərən müxtəlif ibadət ocaqlarına üz tutması ilə nəticələndi. Aldığımız məlumatlara görə, "Əbu Bəkr"in inzibati üsullarla qapadılması radikal dini qruplaşmaları bir qədər ehtiyatlı olmağa vadar edib. Məlumatlı şəxsin qəzetimizə verdiyi informasiyaya görə, təriqət üzvlərinə qarşı təzyiqlərin artması onların sıralarının daha da genişlənməsi ilə müşayiət olunub. Mənbə deyib ki, proqnozlaşdırıldığı kimi, son vaxtlar vəhhabilər əsasən hücrə evlərinə üz tutmağa başlayıblar. Müsahibimiz bunu Bakıda fəaliyyət göstərən məscidlərin daim polis nəzarətində olması ilə izah edib. O, radikal qruplaşma üzvlərinin məscidlərdə ancaq cümə günləri ibadət etdiklərini bildirib. Mənbə Şəhidlər Xiyabanında Türkiyə Respublikasının maddi vəsaiti hesabına inşa olunmuş "Şəhidlər" məscidinin ötən həftənin şənbə günü bağlanmasının səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, iddiaların əksinə olaraq, "Şəhidlər" məscidinin qapadılmasında heç bir siyasi faktor rol oynamayıb. Müsahibimiz məscidin bağlanmasını vəhhabi təriqətinə üzv olan şəxslərin son vaxtlar bu ibadət ocağına üz tutması ilə əlaqələndirib: "Son bir neçə ayda "Şəhidlər" məscidində ibadət edən dindarların sayı xeyli artmışdı. Onların arasında radikal təriqət üzvləri xüsusilə çoxluq təşkil edirdi. Vəhhabilər məscidin türklərə məxsus olduğunu bildikləri üçün burda daha sərbəst hərəkət edirdilər. Onlar Dini İşlər üzrə Dövlət Komitəsinin nə vaxtsa "Şəhidlər" məscidini bağlayacağına inanmırdılar. Amma hakimiyyət təhlükənin sürətlə böyüdüyünü gördüyü üçün Türkiyə ilə münasibətlərin gərgin olmasına baxmayaraq, "Şəhidlər" məscidini bağlamağa qərar verdi. Məscidin bağlanması ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə ətraflı məlumat verilib". Sonda mənbə bildirib ki, "Şəhidlər" bağlandıqdan sonra radikal təriqət üzvləri Bakının Qaraçuxur qəsəbəsindəki köhnə məscidə üz tutublar. Onun sözlərinə görə, ötən cümə ibadət etmək üçün bu məscidə gələn dindarların sayı əvvəlki dövrlə müqayisədə xeyli çox olub. Amma müsahibimiz Qaraçuxur məscidinin tezliklə bağlanacağını istisna edib. Onun sözlərinə görə, siyasi hakimiyyət qısa müddət ərzində Bakıda bir məscidin sökülməsi və iki ibadət evinin bağlanmasının möminlərin qəzəbinə səbəb olduğunu bildiyi üçün növbəti dəfə radikal addım atmaqdan çəkinir: "Hüquq-mühafizə orqanları bu dəfə özünün "ənnəvi" üsullarından istifadə etməklə radikal təriqət üzvlərinin bir araya gəlməsini əngəlləməyə çalışacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA