Məmmədyarovla Nalbandyan ABŞ-a niyə çağırılır?

img

03-05-2009 [02:29]


Rusiyanın Cənubi Qafqazda fəallaşması rəsmi Vaşinqtonu narahat etməyə başlayıb Gələn həftə xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a rəsmi səfərə yola düşəcək. Bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Terri Devidson məlumat verib. Amerikalı diplomat səfər çərçivəsində Elmar Məmmədyarovun ABŞ dövlət katibi Hillari Klintonla görüşəcəyini bildirib. Qeyd edək ki, bu arada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın da Amerikaya çağırılması barədə xəbər yayılıb. Ermənistanın XİN başçısının Vaşinqtona azərbaycanlı həmkarı ilə eyni vaxtda səfər edəcəyi bildirilir. Amma amerikalı diplomat jurnalistlərin bununla bağlı suallarını cavablandırmaqdan imtina edib. Diplomatik mənbələrdən isə "Reytinq"ə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-a eyni vaxtda çağırılmasının təsadüfi olmadığını bildiriblər. Mənbənin sözlərinə görə, hər iki nazir Vaşinqtona ABŞ administrasiyasının rəsmi dəvəti ilə yola düşüb. Adının çəkilməsini istəməyən diplomat deyib ki, son vaxtlar Cənubi Qafqaz regionunda baş verən hadisələr Amerikada diqqətlə izlənilir. Onun bildirdiyinə görə, Azərbaycan və Ermənistan rəhbərliyinin götürdüyü siyasi kurs Ağ Evdə ciddi narazılıq yaradıb. Müsahibimiz Barak Obama administrasiyasının Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının artmasından ciddi şəkildə narahat olduğunu vurğulayıb: "Bu günlərdə ABŞ-ın Bakıdakı səfiri xanım Enn Dersi Amerikaya çağırıldı. Onunla eyni vaxtda ABŞ Ermənistandakı səfirini də Vaşinqtona çağırdı. Səfirlərin geri çağırılmasında əsas məqsəd Azərbaycan və Ermənistandakı real vəziyyət barədə ətraflı məlumat almaqdır. Yalnız bundan sonra hər iki nazirlə fərdi qaydada söhbət aparılacaq, onların qarşısında bir sıra vacib tələb və tövsiyyələr qoyulacaq". Mənbə Elmar Məmmədyarov və Edvard Nalbandyanın Vaşinqtonda bir araya gələcəklərini də istisna etməyib. Onun sözlərinə görə, hər iki diplomatla fərdi qaydada müzakirələr aparıldıqdan sonra onlar ABŞ rəsmilərinin iştirakı ilə görüşəcəklər. Görüşdə əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan münaqişəsi olacaq: "Rusiya prezidenti Dimitri Medvedyevin Moskva bəyannaməsinin Dağlıq Qarabağ münaqişəsinin həllində baza rolunu oynayacağını iddia etməsi ATƏT-in Minsk qrupunun üzvü olan digər həmsədr ölkələrdə ciddi narahatlıq doğurub. ABŞ və Fransa Rusiyanın təşəbbüsü ələ almasını istəmir. Buna görə də münaqişə tərəflərini bir araya gətirib, problemin həllində əsas söz sahibi olduqlarını sübut etmək istəyirlər. Çox güman ki, nazirlərin Amerika səfəri başa çatdıqdan bir müddət sonra onlar Parisə də dəvət olunacaqlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA