Akademiyadakı hadisə planlazdırılmız terrordur

img

03-05-2009 [02:23]


Məlum olduğu kimi, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən Qaz Neft Mədən və Neft Mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirovun inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə şahidlərinin ifadələrinə görə, aprelin 30-da səhər saat 9.30 radələrində dəhlizdən silah səsi eşidilib. Silahlı basqını təşkil edən Fərda Qədirov pilləkənləri qalxaraq, qarşısına çıxanları əlindəki tapança ilə güllələyib. Hadisə barədə polisə məlumat daxil olandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları, xüsusi təyinatlı dəstə hadisə yerinə gəlib. Təxminən 11.30 radələrində əməliyyat başa çatıb. Bundan sonra yaralılar və qətlə yetirilənlər xəstəxanalara yerləşdiriliblər. Əməliyyat başa çatdıqdan sonra hüquq-mühafizə orqanları - Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı rəsmi məlumat yaydı. Məlumatda qeyd olunurdu ki, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb. Cinayətin törədildiyi yer və meyitlər müayinə olunub, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilib. Cinayəti törədən şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılmış, intensiv tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyindən də Neft Akademiyasında ölənlərin sayının 13 nəfər olduğunu bildiriblər. Hadisə zamanı yaralanan şəxslər aşağıdakılardır: Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş; 1. İsayev Kənan 2. Mustafa Məhəmməd 3. Rüstəmbəyov Faiq 4. Şirəliyev İlkin Azər oğlu 5. Mustafayev Elşən Elbəy oğlu 6. Axundov Rəhman 7. Cəmiyev Elvin Azər oğlu 4 saylı Şəhər Klinik Xəstəxanası; 1. Hüseynli Zemfira 2. Daas Muavviyyə (Suriya) Dəmir Yol Xəstəxanası; 1. Seyidəhməd Əmru Ölənlər aşağıdakılardır; 1. Bağırov Ayaz Cavanşir oğlu (1988-ci il ) 2. Cabbarov Savalan Allahverdi oğlu (1987-ci il) 3. Bəndəliyev Yusif Telman oğlu (1989-cu il) 4. Məmmədov Taleh Tariyel oğlu (1988-ci il) 5. Qurbanova Ayna Abbasqulu qızı (1957-ci il) 6. Əzizova Tamilla Zülfüqar qızı (1951-ci il) 7. Abdullayev Ramiz Xəlil oğlu (1940-ci il) 8. Vahidov Məcnun Abdulvahid oğlu (1946-cı il, dossent) 9. Abdullayev Emin İmaməli oğlu (1989-ci il ) 10. Babaşov Ruslan Cəfər oğlu (1990-ci il) 11. Məmmədova Şəfa Afət qızı (1978-ci il) 12. Qədirov Fərda (1980-ci il) (cinayəti törətməkdə təqsirli bilinən şəxs) 13. Aslanov Ceyhun Sakit oğlu (1988-ci il) Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yaralılardan 4 nəfərinin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyətini isə kafi kimi qiymətləndirilir. Qeyd edək ki, yaralıların 8-i Kliniki Tibbi Mərkəzə, 1-i 4 saylı Şəhər Klinik Xəstəxanasına, 1-i 1 saylı Dəmir Yol Xəstəxanasına yerləşdirilib. Onların 6-sı baş və sifət nahiyəsindən, 2-si sinə, 1-i bilək, 1 nəfər isə bud nahiyəsindən yaralanıb. Hazırda hadisə ilə bağlı araşdırmaları Bakı Şəhər Baş Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu aparır. Respublika Prokurorluğundan verilən məlumata görə, müəyyənləşdirilmiş istintaq ehtimalları ərtafında hərtərəfli və intensiv istintaq hərəkətləri davam etdirilir. Prokurorluqdan o da bildirilib ki, cinayət işi üzrə çoxsaylı ekspertizalar təyin edilib, şahidlər dindirilir və zəruri istintaq hərəkətləri davam etdirilir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanmasına baxmayaraq, əksər ekspertlər bu hadisənin baş vermə formasını, sonda basqınçının özünü öldürməsini və bu kimi amilləri əsas gətirərək, bunu əvvəlcədən planlaşdırılmış terror hadisəsi kimi qəbul etməyi vacib sayırlar. Məlumat üçün bildirək ki, hazırda baş verən hadisəylə bağlı bir nəfər saxlanılıb. Respublika Prokurorluğundan verilən məlumata görə, o, Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd sakini Nadir Şirxan oğlu Əliyevdir. İki gün öncə F.Qədirovun atası Əsəd Qədirov da Bakıya gətirilib. Ə.Qədirov əvvəclə dindirilib, daha sonra meyitin saxlandığı Nəsimi rayon Məhkəmə-Tibbi Espertizası Ptaloji Anatomiya Birliyinə aparılıb. O, F.Qədirovun meyitinə baxış keçirərək, oğlu olduğunu təsdiqləyib. Qanlı hadisənin baş verməsindən bir neçə gün keçir və hər gün yeni versiyalar ortaya atılır. Mətbuatın yazdığına görə, cinayəti törətmiş Fərda Qədirov əslən kürddür və hadisənin PKK ilə bağlantılı olması da mümkündür. "Yeni Müsavat" qəzeti yazır ki, F.Qdirovun kürd olması və uzun müddət Rusiyada yaşaması bu terrorun arxasında PKK-nın olması ehtimalını artırır: "Bəllidir ki, bu terror şəbəkəsinin Rusiyada və Gürcüstanda güclü mərkəzləri var. Onlar Qədirovu özlərinə cəlb edə bilərdilər. Onun uzun müddət Rusiyada yaşadığı halda, iki-üç ay öncə qəflətən Daştəpəyə qayıdıb orada tam qapalı həyat sürməsi, mart ayında isə Bakıya gəlib cəmi bir aydan sonra silah əldə edib bu hadisəni törətməsi olduqca ciddi araşdırmalar aparılmasını zəruri edir. Ola bilsin ki, Fərdanın məqsədi məhz terror törətmək olub. Onun "bir-iki günə bütün dünya məndən danışacaq",- deməsi də bu ehtimalı artırır". Politoloq Cümşüd Nuriyev isə "Reytinq" qəzetinə açıqlamasında terrorçunun PKK ilə əlaqəsinin olmasını istisna etdi. Onun sözlərinə görə, F.Qədirovun milliyyətinin kürd olması heç nəyi dəyişmir: "Azərbaycanda olan kürdlərin hamısı PKK ilə bağlı deyillər. PKK adətən terror törədəndə konkret ünvanlara doğru hərəkət edir. Azərbaycanın PKK ilə bağlı heç bir problemi yoxdur. İndiyə qədər PKK Azərbaycanı hədələməyib. Əgər belə bir hədə olsaydı, bəlkə də bu versiyanı real saymaq mümkün idi". C.Nuriyev terrorçunun vəhhabilərlə bağlı olmaq ehtimalının yüksək olduğunu vurğuladı. Onun fikrincə, bu əlaqələr gələcəkdə üzə çıxa bilər: "Onun davranış tərzi, hərəkəti daha çox vəhhabilərin taktikasını xatırladır. Görünən odur ki, bu hadisə qisas almaq üçün törədilib". Müsahibimiz F.Qədirovun ermənilərlə bağlı olma ehtimalının da yüksən olduğunu qeyd edərək, hadisənin yeri və vaxtının təsadüfi seçilmədiyini dedi: "Bildiyiniz kimi, mayın 7-də prezidentlərin görüşü var. Üstəlik, sərhədlərin açılması məsələsində Azərbaycan Türkiyəni çox çətin vəziyyətə qoyub. Bu da Ermənistan üçün böyük zərbə oldu. İndiyə qədər Azərbaycanda törədilən terror aktlarının arxasından Ermənistan çıxıb. Ona görə də hadisənin ermənilərlə bağlılığı ehtimalı daha yüksəkdir. Bu məsələdə Rusiya faktoru da qaçılmazdır. Çünki həmin silahın xüsusi sandıqlı düzəldilməsi yalnız Rusiyada mümkündür. Onu kustar üsulla hazırlamaq mümkün deyil. Cinayətkarın hadisənin bu cür soyuqqanlılıqla törətməsi də onun hazırlıqlı olmasından xəbər verir". Digər versiyalardan biri isə F.Qədirovun hansısa radikal qruplaşma ilə bağlı olmasıdır. Bu versiyanın da inandırıcı olması ilə bağlı müəyyən ifadələr var. Məsələn, F.Qədirovun Daştəpədəki qonşusu Fərman Nəbiyevin ANS-ə verdiyi açıqlaması bu versiyanın üzərinə getməyə əsas verir. Belə ki, F.Nəbiyev deyib ki, Fərda çox vaxt evdən çölə çıxmırmış və əsasən idmanla məşğul olurmuş. Ekspertlərin sözlərinə görə, radikal qruplaşma üzləri adətən sakit, heç kimə qarışmadan həyat tərzi sürürlər. Ətrafındakılardan təcrid olunmuş şəkildə yaşamaq isə hər hansı bir informasiyanın kənara çıxmasının qarşısının alınması ilə bağlıdır. "Reytinq"ə açıqlama verən başqa bir ekspert isə F.Qədirovun hansısa xarici ölkədə təlim keçməsini istisna etmir: "Hadisə şahidlərinin dediklərini də nəzərə alanda görürsən ki, qatil çox sərbəst hərəkət edib. Özü də tapança ilə o cür sərrast atəş açmaq üçün xüsusi təlim keçmək lazımdır. Çünki tapança ilə dəqiq atəş açmaq çətin olur. Üstəlik, nəzərə almaq lazımdır ki, qatilin üstündə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası olub. Silahla davranmaq təcrübəsi olmayan bir insanın həm də çəkisi standarta uyğun olmayan tapança ilə sərrast atəş açması mümkün deyil. Mənim fikrimcə, Fərda Qədirovun sərbəst şəkildə binaya daxil olması və qarşısına çıxanı soyuqqanlılıqla öldürməsi adi adamın işi deyil. Görünür, o, həm də psixoloji cəhətdən hazırlıqlı olub. Əgər belə olmasaydı, o, bir neçə nəfəri öldürəndən sonra psixoloji gərginlik keçirərdi və cinayəti sona qədər davam etdirə bilməzdi. Bütün bunlar da onu göstərir ki, baş verən hadisə əvvəlcədən planlaşdırılmış və qismən yüksək peşəkarlıqla həyata keçirilmiş terror aktıdır. Nəzər alsaq ki, Fərda Qədirov uzun müddət Azərbaycandan kənarda yaşayıb. Onun uzun müddət Rusiyada yaşaması da deməyə əsas verir ki, qatil hansısa gizli düşərgədə təlim keçib və belə bir aktın həyata keçirilməsinə hazırlaşdırılıb". Ekspert onu da vurğulayıb ki, F.Qədirovun xarici ölkələrdə, hətta Rusiyada da təlim keçməsi istisna edilməməlidir. Çünki o, uzun müddət Azərbaycandan kənarda yaşayıb. Bu səbəbdən də onun başqa ölkədə hansısa radikal qruplaşmanın təlim mərkəzində təlim keçməsi istisna olunmamalıdır. Ekspert sonda onu da bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu versiyanın da üzərində ciddi işləməlidir. Müsahibimiz terror aktında F.Qədirovdan başqa şəxsin də iştirak etməsinin mümkün olduğunu deyib: "Əslində belə bir hadisənin bir nəfər tərəfindən törədilməsi bir o qədər inandırıcı görünməyə bilər. Diqqət yetirin, 12 ölü 13 yaralı var. Yəni qatil ən azı 25 adama güllə atıb. Nəzərə alsaq ki, ölənlər asında eləsi var ki, ona bir neçə güllə dəyib. Onda qatilin daha çox atəş açdığı qənaətinə gəlmək olur. Qısa zaman kəsiyində bu qədər atəşin açılması hadisədə bir yox, iki və daha artıq adamın iştirak etdiyini düşünməyə əsas verir. Ola bilsin ki, Fərda Qədirovla bərabər terrorda başqa adam da iştirak edib, ancaq o, hadisə yerindən tələbə adı ilə yayına bilib. Xatırlayırsınızsa, hadisə baş verən saatlarda içəridə bir neçə nəfərin olduğu bildirilirdi. Elə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun "Azadlıq" radiosuna açıqlamasında qatilin iki və ya üç nəfər olmasının istisna etməməsi də göstərir ki, bu versiya barədə düşünməyə dəyər. Hər halda bu istiqamətdə də araşdırmaları davam etdirmək lazımdır". [b]Zaur ƏHMƏD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA