Nəqliyyat Nazirliyinin qərarı Sumqayıtda kütləvi etiraza səbəb oldu

img

02-05-2009 [01:18]


Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar əsasən, şəhərdaxili və Bakı-Sumqayıt marşurutlarında çalışan sürücülər və mikroavtobus sahiblərindən ibarət olub. Müstəqil İnformasiya Agentliyinə Sumqayıtdan daxil olan məlumata görə, etiraz edənlər saat 10 radələrindən icra hakimiyyətinin binası qarşısına toplaşaraq, etirazlarını bildiriblər. Qeyd edək ki, Bakı-Sumqayıt marşurutu üzrə işləyən 111, 14, 110, 41, 45 nömrəli marşurutların fəaliyyəti dayandırılıb. Səbəb kimi isə yeni iritutumlu avtobusların gətirilməsi və bundan sonra onların Bakı-Sumqayıt marşurutu üzrə işləyəcəkləri bildirilir. Özü də bu avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıt avtovağzalına qədər işləyəcək. Yəni Bakıdan Sumqayıtın daxilinə heç bir marşurut getməyəcək. Məlumat üçün bildirək ki, Bakı-Sumqayıt marşurutu üzrə 500-dən çox mikroavtobus işləyir. Onların marşurutdan çıxarılması isə ciddi narazılıq yaradıb. Sürücülərdən biri əməkdaşımızla söhbəti zamanı deyib ki, bütün bunlar Nəqliyyat Nazirliyinin yeni oyunudur: ?Nəqliyyat Departamenti özünə yaxın sahibkarların aldığı avtobusları marşuruta daxil etmək üçün belə bir qərar verib. Elə adamlar var ki, kreditə avtobus götürüb, onu da marşurutdan çıxarırlar. Ancaq bizi də fikirləşmək lazımdır. Bir maşından 3-4 ailə dolanır. Burada da söhbət 500-600 maşından gedir. Belə çıxır ki, bunlar minlərlə ailəni çörəksiz qoymaq istəyirlər?. Onu da nəzərə çatdıraq ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin önündə etiraz edənlər yalnız sürücülər deyildi. Sərnişinlər də əksər marşurutların fəaliyyətinin dayandırılmasına etirazlarını bildiriblər. Narazılar deyiblər ki, Sumqayıtdan Bakıya gəlmək üçün sərnişinlər əlavə xərcə düşməməlidir. Əgər əvvəllər tutaq ki, 13-cü mikrorayondan Bakıya gəlmək üçün 111, yaxud 14 nömrəli marşuruta minməklə paytaxta gəlmək mümkün idisə, bundan sonra şəhərdaxili marşurut vasitəsiylə Sumyaqıt avtovağzalına, ordan da Bakıya - yeni avtovağzala, daha sonra isə ?20 Yanvar? metrostansiyasına gələn avtobusa minmək lazım gələcək. Bu da sərnişinlərin əlavə xərcə və əziyyətə düşməsinə səbəb olacaq. Sumqayıt daxilində işləyən 7 nömrəli marşurut sahibləri və sürücülər də etiraz aksiyasına qoşulublar. Ancaq Nəqliyyat Departamenti onlara 15 gün vaxt verib. Tələb isə yeni iritutumlu avtobuslarla marşuruta çıxmaqdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin binası qarşısında etirazçıların toplaşmasına baxmayaraq, şəhər rəhbəri Vaqif Əliyev məsələyə reaksiya verməyib. Aksiyanın daha da gərginləşəcəyini görən şəhər rəhbərliyi polis qüvvələrini səfərbər etməklə, etirazçıları ərazidən uzaqlaşdırmağa müvəffəq olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA