01-05-2009 [06:39]
Şair Tofiq Abdinin Müstəqil İnformasiya Agentliyinə (www.mia.az) eksklüziv müsahibəsi
[b]- Tofiq abi, yaşlılarla gənclərin bu böyük mübarizəsində gənclər Sizə ?abi? deyə müraciət edir. Sizcə, bunun səbəbi nədir?[/b]
- Bu suala mən bir dəfə də cavab vermişəm və o zaman demişdim ki, vallah ilk dəfə kim mənə bu cür müraciət eləyib, yaxşı xatırlamıram : Elnurmu, Zahir Əzəmətmi, daha başqasımı. Amma bir böyük həqiqət var: mən bu gənclərə həqiqi Abilik eləyə bilmirəm və bu da məni çox incidir. Nədir, yani bu Abilik: istər mənəvi, istərsə də maddi cəhətdən mən çox zaman bu gənclərin yanında ola bilmirəm. Çünki elə bir insanlar arasında yaşayıram ki, mütləq bir sıxıntı içindəyəm və ən azından sevgili Rəşad Məcid hər dəfə məndən soruşur: Tofiq Abdin, sən yenə də o gənclərlə oturub durursan? Bu deyimin alt qatında nələr yatır, bunu Rəşad bəy özü bilir. Mən də cavabında : Vallah Rəşad, mən səninlə daha çox oturub- dururam, nəinki onlarla -deyirəm. Amma o inanmır. Sizin tərəfdən nə incidici həqiqətlər deyilirsə, elə bilirlər ki, necə deyərlər, ?ilmə? məndən keçir. Daha doğrusu, düşünürlər ki, sizi mən öyrədirəm. Belə vaxtlarda mənim yeganə pənahım Allahımdır. Allah baxır göydən, bu mənim təsəllimdir.
[b]- Sizcə, gənc yazarlarla qocalar nəyi bölə bilmirlər?[/b]
- Siz hansı gəncləri nəzərdə tutursunuz? Şayət siz özünüzü deyirsinizsə, sizin onlarla bölüşəcəyiniz heç nə yoxdur. O qədər gənc var ki, ?tərbiyəli, əxlaqlı, yaşlının-ahılın yerini bilən?, təbii ki, onların təbirincə. Həmin gənclər dediyin qocalarla çox şeyləri bölüşürlər. Baxın, Rəşad bəyin başçılıq elədiyi Gənc Ədiblər dərnəyinin üzvlərinə, onlarla qocaların çox böyük bir sevgi məcaraları var. Çox sakitcə işlərini görüb, yollarına davam edirlər. Axı, onlar da gənclərdir.
[b]- Gənclərin yaradıcılığını necə qiymətləndirirsiniz?
Onlar Azərbaycan ədəbiyyatının varisliyini inamla davam etdirə bilirlərmi?[/b]
- Bu çox böyük bir problemdir və onların yardıcılığını mütəmadi izləyirəm, bəzən onların haqqında yazılar da yazıram. Tənqidi yox, estetik, tanıtım anlamda yazıram. Tənqidi yazıları Əsəd Cahangir, Vaqif Yusifli və Cəvanşir Yusifli yazır.
İndiki gəncliyin yaradıcılığını düşünəndə məni bir tema məşğul edir: bu gələn gəncliyin yaradıcılığına, xüsusiylə ALATORAN ətrafında birləşən gənclərin yardacılığına baxanda Rəsul Rza şeirinin təntənəsini açıq-aşkar hiss edirəm. Şerimizin yolu artıq Rəsul Rza yoluna girmiş durumdadır və bu da çox böyük bir söhbət mövzusudur ki, nə zamansa araşdırılacaq və bəlkə də bunu yazmağa nələrsə mane olur. Amma bir maneə var. Bu şəksizdir.
[b]- İstər-istəməz, biz Anardan da söz salmalıyıq. Uzun illər Anarla birgə çalışmış bir adam kimi Anarın bu gün gənclərə qarşı aldığı pozisyonu, ümumiyyətlə, onun AYB sədri kimi fəaliyyətini necə qiymətləndirirsiniz?[/b]
- Bax, burada yenə də mən səndən bir şey soruşmaq istərdim: hansı gənclərə? Açıq de ki, sizlərə. Yəni sizə görə istedadlı və ədəbiyyatımızın öncül gənc yazarlarına. Amma başqa bir aspekdən baxanda Anar müəllimin özünün də sevdiyi və əl tutduğu gənclər var. Onların qırxı prezident təqaüdünə də layiq görülüb. Və demək Anar müəllimin sevdiyi və yaradıcılığını təbliğ etdiyi gənclər az deyil. Bu baxımdan, bu qarmaqarışıq bir məsələdir ki, bunun isbatını heç Arximed də verə bilməz.
Mənim Yazarlar Birliyi ilə heç bir əlaqəm yoxdur və yenə də deyirəm, Anar aspektindən baxanda, Yazarlar Birliyinin sədri olaraq çox işlər görüb və inadından yapışıb öz işinə davam edir. Allah köməyi olsun. Yazarlar Birliyinin üzvü kimi, bir nəfərin yox, ümumiyyətlə, Birliyin işindən heç bir xəbərim yoxdur. Dedim ki, əlaqəm kəsilib, amma görürəm ki, partapart imzalar günü keçirilir, kitablar təqdim olunur... Demək iş gedir. Pis və ya yaxşı. Bir şey var ki, uzun müddət birlikdə işlədiym Anar ( mənim düşüncəmdəki Anar) qaldı uzaq illərdə və mən onun sonrakı illərinə toxunmaq istəyəndə həqiqi anlamda gözlərim yaşarır və o, özü də çox gözəl bilir ki, mən onunla üz-üzə gəlməkdən çəkinirəm.
[b]- Rəşad Məcid Sizin də əməkdaşı olduğunuz ?Xəzər? jurnalının bağlanmasından danışıb. Sizcə, bu açıqlamanın səbəbi nədir? [/b]
- Rəşad Məcid son vaxtlar çox mübahisə yaradan açıqlamlar verib və sonra deyir ki, bəs zarafat eləmişəm. Amma bunun zarafat oldğunu illər sonrası kimsə bilməz və tarix üçün zarafat yox, deyilən söz qalır. Şayət Rəşad Məcid doğrudan da çox gözəl bir ənənəsi olan və bir çox ruhların məksən saldığı ?Xəzər? jurnalını bağlayıb başqa bir jurnalın dərcini həqiqətən lazım bilirsə, o zaman Rəşad Məcid artıq diletantlıqla məşğuldur. Amma zaman amansızdır. Hər zaman dəyişib o zamanın içinə girmək olmur. Bunun bir sonu ola bilər. Bax, Rəşad müəllim o sondan qorxmur deyəsən. Bəlkə də heç o son haqqında fikirləşmir də...
[b]- Yazıçılar Birliyinin üzvü kimi birliyin nəşrlərindən razısınızmı? Ümumiyyətlə, onları oxuyursunuzmu?[/b]
- Oxumuram, baxıram və ona görə onların necə və nə cür çıxdığı da məni maraqlandırmır.
[b]- ?Proza? kitabınızdan sonra ?Poeziya? kitabınız nəşr edildi. Bir çoxlarından fərqli olaraq Sovet vaxtı yazdıqlarınızı indi çap etdirə bilirsiniz. Bu necə bir hissdir?[/b]
- Qoy oxuculapımızın də xəbəri olsun: mən səndən xahiş etdim ki, mənim haqqımda gözəl şairimiz Vaqif Bayatlı Odərdən bir intervyü al, o məni çox gözəl tanıyır, məni təhlil edər və ürəyinin açıqlığı ilə hər şeyi deyər. Bu həm də orjinal bir şey olar bəlkə də. Ancaq nə kimi hisslər keçirmək üstünə gələndə: necə olacaq, özümü oxuyub bir az sentimentallaşıram, yavaş-yavaş gözlərim yaşarır və sonra da yaşamağa davam edirəm.
[b]- Sizcə, yazıçı öz içini yazır, yoxsa ətrafını? Konkret desək Tofiq abi öz içini yazır, yoxsa başqalarının daxili aləmini açmağa çalışır?[/b]
- İcazə ver, bu sualın cavabında ADLERDƏ BİR KÖRPÜ VAR povestimdən kiçik parçanı təqdim edim: Ömrümüzün ? havalı? illərində bir tənqidçi ilə fikir mübadiləsinə, ədəbi anlaşma anına çıxdıq və mən öz fikirlərimi söylədim. Dedim ki, nə üçün bizim hər birimiz öz içimizi, öz qorxumuzu, öz düşüncəmizi, öz faciəmizi qələmə almaqdan çəkinirik. Ümumiyyətlə, uzun sözün qısası, hər bir ədəbiyyat adamı nə üçün bir neçə adamdan ibarətdir. Heç kəs öz içini ifadə eləmək, yazmaq istəmir. Bəlkə elə buna görə də bizim ədəbiyyatımızın qəhrəmanları sırasında oğrusu, canisi, şərəfsizi azdı. Niyə biz hər şeyi idealizə edərək yazırıq?
Tənqidçi tutulan kimi oldu. Və başını buladı.
Mən fikrimi daha aydın çatdırmaq üçün Karamazov qardaşlarından birinin - ortancıl qardaşın aşağıdakı sözlərini xatırlatdım: Sizin hansı biriniz atanızın ölümünü istəməmisiniz?
Bunu Dostoyevskinin qəhrəmanı deyir.
Və yaxud ?Anam elə əziyyət çəkirdi ki, mən tapançanı götürüb onu öldürmək istəyirdim. İstəyirdim ki, o, bu əzabdan qurtarsın?.
Bunu Afanasi Fet deyir.
Mən bunları dedim və tənqidçi yenə də başını buladı.
Artıq başqa şey lazım deyildi.
Və bu günün özündə də mənə elə gəlir ki, bizim ədəbiyyatımızın çox, lap çox nümunələrində məhz onun yaradıcılarının ÖZ İÇİ çatışmır.
Qorxan qəhrəmanlıqdan dəm vurur. Pozğun nəsihət verir.
Bəlkə bütün bunlar da bir ədəbi yoldur. Və mən bir oxucu kimi heç vaxt belə ədəbiyyatın tərəfdarı olmamışam.
Oxuculara təqdim etdiyim bu yazının da axarı məhz bu istəklərin məndə doğurduğu ədəbi ovqatdan yaranıb. Çox-çox qabağın söhbətidi bu yazı. Onda hələ ədəbiyyatımızda elə bir məqam idi ki, görkəmli yazıçımız İsmayıl Şıxlını belə bir ifadə üçün az qaldılar ki, dara çəkələr. Yazıçı ?Ayrılan yollar? romanının bir yerində yazır: ?Oğlan qızı qucaqlayıb çəmənliyə yıxdı. Qız dillənmədi??.
Belə yadımda qalıb o ovqat. Bəlkə də sözlərin düzümünü səhv salıram, ola bilər. Ancaq ovqat, əhval-ruhiyyə belə idi.
Belə bir ovqatın, belə bir dünyaduyumun məndə yaratdığı ab-hava içimdə sonsuz bir SƏRBƏSTLİK tərbiyə eləmişdi. Və bu SƏRBƏSTLİK şəhər havasından tutmuş geyimimə qədər, yazılarıma qədər mənə hakim idi.
İndi işıq üzü görən ( indiki məqamda bunu əlavə edim: çox ixtisarla və o zamanın şərtlərinə uyğun redaktə ilə çap olunan) bu povestim də məhz belə bir İÇ AZADLIĞININ havasından yaranıb. İyirmi-iyirmi beş il qabaq.
Adətən, gec çap olunan əsərlərdə və özəlliklə sovet ədəbi nümunələrində oxucu mütləq ya həbsxana həyatı ilə rastlaşır, ya da ideoloji müharibənin törətdiyi hadisələrlə. Və bu əsərlərin də çoxu demək olar ki, avtobiqrafik deyilən ovqat üstündə qurulur. Mənim təsvir elədiyim gənclərin həyatında bu detallar yoxdur. Sadəcə olaraq, bu iki gənc şəhər havasıyla, onları əhatə eləyən adamlarla, bu adamların dönüklüyü ilə, adamalrın onlara münasibətiylə barışa bilmirlər. Hər şey onları sıxır. Və xüsusiylə də əsərin İKİNCİ adamını BU İKİNCİ ADAM çıxış yolunun nədə və harda olduğunu bilmir. Ətraf, şəhər mühiti ( ancaq məhz şəhər mühitinin də olması şərt deyil), bu şəhərin adamları onun həyat tərzini, həyat yönünü tənzimləmək istəyir. Belə olmasa da həmin o İKİNCİ adama elə gəlir, o öz içində, öz dünyasında azad olsa da, bu böyük şəhərdə neçə min gözün ona baxdığını hiss edir və sıxılır. Özü öz içiylə mübarizə eləyə bilmir. Və bütün bunlara görə də o, İKİNCİ adam azadlıqda ola-ola MƏHBUS həyatı keçirir. Şəhər, bəlkə də bu mühitin özü onun üçün həbsxanadır. Qapısı, keşikçisi, tavanı olmayan bir həbsxana.
(İyul 1990. ?Ulduz? jurnalı.Səh.67)
[b]- ?Proza? kitabınız gərəkli rezonansı doğura bildimi? Mənim düşüncəmə görə, orda nəinki Sovet, elə çağdaş dövrümüz üçün də kifayət qədər aktual məsələlər qoyulmuşdu[/b].
- Mənim üçün rezonans-mezonans yoxdur və doğurub doğurmadığını da bilmirəm. Mən yazmışam, çap etdirmişəm, artıq qalanı sizin işinizdir. Mən özümü təhlil eləsəm bunun qabağında durmaq olmaz.
[b]- Eşitdiyimizə görə publisistik yazılarınızı da bir kitabda çap etdirmək istəyirsiniz. Bu nə zaman baş tutacaq?[/b]
- ?Poeziya? kitabımı bir əski dostum, indi yetmişi haqlamış gözəl bir ziyalı, hakim Bəxtiyar Əkbərovun yardımı ilə çap etdirdim və sağ olsun Elçin İsgəndərzadə, o da VEKTOR nəşriyyatının imkanlarından istifadə edib müəyyən qədər güşəztə getdi. İnanın, çox istərdim ki, PUBLİSİSTİKA kitabımı da çap etdirim. Mən kitabdan çəkdiyim zərəri heç nədən çəkmirəm. Əvvəllər heç olmasa, Aqil Abbas bir kitabımı alırdı, indi o da almır ( burda bir gülək). İşə bax ki, taleyə bax ki, kitab bağışladığım adamlar zəng eləyib heç quru sağ ol da demirlər. İnşallah ƏDALƏT qəzetindən aldığım qonorarı toplayıb
(Allah eləsin, heç bir azar -bezar olmasın) çap etdirəcəyəm və amma əvvəlcə DÖVLƏT ÇEVRİLİŞ adlı sənədli povestimi ( amma dedektiv-zad deyil) çap etdirməyə hazırlaşıram.
[b]- Tofiq abi, həm qəzetçidir, həm şair, həm də nəsr əsərləri yazıb. O özünün şair, yazıçı, yoxsa qəzetçi kimliyini əsas sayır? [/b]
- Fikir vermişəm, bu xalq şairi yox, şeir yazanı sevir. Mən də çoxdandı şeir yazmıram və yaşımın elə çağındayam ki, içimin qıvraqlığı çölümlə üst-üstə düşmür. Bu da bir qəribə təzaddır, yəni heç müqtədir ola bilmirəm, hikmətli şeirlər yaza bilmirəm. Sevgi şeirləri həsr eləyəcək bir adamım da yox. Poeziya ağrıdır, itkidir və daha bir neçə şeylərdir. Şeir janrında yazdıqlarım bəs eləyir, məncə. Çap olunmamış iki poemam və Lenin haqqında şeirlərim var, onların çapı üçün tələsmirəm. Amma düşünürəm.
[b]- Uzun illər Türkiyədə yaşamış bir yazar kimi Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin səviyyəsi Sizi qane edirmi?[/b]
- Tural bəy, bir türk şərqisi var : YORĞUNUM DOSTLARIM, YORĞUNUM ARTIK, VƏFASIZ YILLARA DARĞINIM ARTIK! Mən artıq çox yoruldum, çox yoruldum və Türkiyə böyük bir dövlətdir, onun itirəcəyi heç bir şey yoxdur. Onu qazla-mazla qorxutmaq olmaz. Türkiyə bizsiz də keçinib vaxtiylə, bizsə həmişə onun intizarında olmuşuq və indiki böyük fürsəti əldən vermək bizim üçün faciədir. Bütün əlaqələrimiz kimi, ədəbi əlaqələrimiz də eyni kökdədir. Bir də görürsən ki, hər hansı bir ədəbi məclisə üç-dörd turist tapıb göndərdilər və ya şəxsi əlaqələr ədəbiyyatı üstələdi.
Mən oralarda olarkən ?Yeni Asya? qəzetində ?Azəri yazarlar? deyə bir tanıtım rubrikası açmışdım. Çağdaş ədəbi nəsli tanıdırdım. Qulu Ağsəsdən tutmuş, Əli Kərimə qədər bir çox şairimizi ilk dəfə türk oxucularına tanıtdım. Bu olub 1993-2001-ci illərdə. O zaman ki, türk oxucusu yox, ayrı-ayrı ədəbi simalar yalnız Rəsul Rzanı, Bəxtiyar Vahabzadəni və daha bir neçə ədəbiyyat adamımızı tanıyırdı.
[b]Qan TURALI[/b]