Təhsil Nazirliyinin xaricdə oxuyan bəzi gənclərlə bağlı qadağası

img

01-05-2009 [05:24]


Təhsil Nazirliyi dövlət xətti olmadan xarici ölkələrdə ali təhsil alan gənclərin Azərbaycandakı ali təhsil müəssisələrinə köçürülməsini müvəqqəti olaraq dayandırıb. Bu il köçürmə ilə bağlı bağlı heç bir müraciətə baxılmayacaq. Nazirliyin ali və orta ixtisas təhsili şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, köçürmənin dayandırılmasının səbəbi bəzi Azərbaycan vətəndaşlarının qanunsuz yollarla xaricdə ?tələbə? adını qazanmalarıdır. Azərbaycandakı ali məktəblərə köçürülmə xahişi ilə nazirliyə daxil olan müraciətlər araşdırılarkən çox ciddi nöqsanlar aşkarlanıb. Təhsil Nazirliyinin araşdırmaları nəticəsində məlum olub ki, Rusiya, digər MDB və bəzi xarici ölkələrdəki özəl ali məktəblərin 1-ci kursunu bitirmələri barədə sənəd təqdim edən gəclər arasında elələri var ki, onlar nə xarici pasporta malikdirlər, nə də rus dili və ya digər əcnəbi dillərdə danışa bilirlər. Ali və orta ixtisas təhsili şöbəsindən verilən məlumata görə, 2003-cü ildən 2009-cu ilədək Təhsil Nazirliyində xarici dövlətlərin ali təhsil müəssisələrini bitirmiş gənclərin diplomlarının tanınması ilə bağlı 2163 müraciətə baxılıb. Müraciət edənlərin əksəriyyətini MDB ölkələrində və Türkiyədə təhsil alanlar, müəyyən qismini isə Avropa, Amerika, Asiya və Ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil edib. Müraciətlərdən 1388-i müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətnamələrin verilməsi haqqında qərarlar çıxarılıb. 444 müraciət hazırda baxılma mərhələsindədir. Təqdim edilmiş sənədlər arasında 331 qeyri-qanuni fakt aşkarlanıb, o cümlədən 12 saxta diplom müəyyənləşdirilb. Bu sənədləri təqdim edənlər əsasən Rusiya Federasiyası və Gürcüstan Respublikasının ali təhsil müəssisələrinin məzunları olublar. Təhsil Nazirliyinin məlumatına görə, hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində oxuyur, onlardan 900-ə yaxını dövlət hesabına təhsil alanlardır. Bu tələbələrin böyük əksəriyyəti Türkiyə, Rusiya, Çin və Misirdə oxuyurlar. Nazirliyin mətbuat katibi bayram Hüseynzadə bildirib ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş Proqram çərçivəsində xaricdə təhsil almağa göndərilənlərin sayının 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması əsas hədəf kimi müəyyənləşdirilib. Proqrama əsasən, son iki il ərzində 200-ə yaxın gənc dünyanın 14 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura və doktorantura pillələrində iqtisadiyyat, tibb, ekologiya, kənd təsərrüfatı, İKT, sənaye və digər sahələr üzrə təhsil almağa göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA