01-05-2009 [01:56]
MEA Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib. Yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının direktorları, Azərbaycan Prezidenti Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Azərbaycan Prezidenti Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan digər məsul şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
www.science.az saytının məlumatına görə, öncə hesabat ilində AMEA-nın vəfat etmiş 3 həqiqi və 3 müxbir üzvünün xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yığıncağı giriş sözü ilə açan AMEA prezidenti akad. Mahmud Kərimov 2008-ci ilin Azərbaycan Respublikası Prezidentinin seçkiləri və Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı əlamətdar il olduğunu söylədi. O, akademiyanın illik hesabatının yalnız elmi-mədəni sahələrdə deyil, bütövlükdə ölkəmizin sosial-ictimai həyatında əlamətdar hadisə olduğunu bildirərək elmin inkişafının dövlətin əsas strateji məqsədlərindən biri olduğunu, bütün digər sahələrlə yanaşı elmin, mədəniyyətin, təhsilin inkişafında da irəliləyiş və inkişafın fasiləsiz xarakter aldığını söylədi.
Hər il olduğu kimi, 2008-ci ildə də respublika Prezidenti tərəfindən akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması, ayrı-ayrı alimlərin təltif olunması, elmi-tədqiqat müəssisələri işinin stimullaşdırılması ilə bağlı bir sıra sərəncamların imzalandığını nəzərə çatdıran M.Kərimov bu sərəncamların Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan alimlərin zəhmətinə ölkə başçısı tərəfindən verilmiş yüksək qiymətin, ölkəmiz üçün prioritet hesab olunan elm sahələrinin inkişafının stimullaşdırılmasının, gənc alimlərə və tələbələrə böyük qayğının təzahürü olduğunu ifadə edərək, AMEA-nın idarəetmə və təşkilati sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini bildirdi.
Dövlət başçısı İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri ? xalq şairi akademik Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi, Cəlil Məmmədquluzadənin 140 illik, Mehdi Hüseynin 100 illik, Heydər Hüseynovun 100 illik və Nobel mükafatı laureatı, dahi fizik həmyerlimiz Lev Landaunun 100 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsi barədə imzaladığı sərəncamları xatırladan akademik bu sənədlərin elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsində, ölkənin elmi kadr potensialının artırılmasında, alimlərimizin sosial müdafiəsinin gücləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.
2008-ci il AMEA üzvlərinin və Rəyasət Heyətinin yeni seçkilərinin keçirilməsilə də əlamətdar olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinə uyğun olaraq 2008-ci ildə gizli səsvermənin nəticələrinə görə akademik Vaqif Fərzəliyev akademik-katib vəzifəsinə, akademik Nadir Seyidov isə Kimya Bölməsinin akademik-katibi vəzifəsinə təsdiq edilmişlər.
Hesabat ilində Akademiyanın beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş, bir sıra xarici ölkələrin elmi müəssisələri ilə elmi əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanmışdır. AMEA-nın alimləri xaricdə keçirilmiş 140 beynəlxalq elmi konfrans, 150 simpozium və 130 seminarın iştirakçıları olmuşlar. Bakıda AMEA tərəfindən xarici alimlərin iştirakı ilə bir neçə mühüm elmi konfrans və simpoziumlar keçirilmişdir.
AMEA-nın alimləri bir sıra beynəlxalq təşkilatların, o cümlədən, NATO, YUNESKO, İNTAS, Amerika Mülki Araşdırmalar Fondu, CERN və s. qrant müsabiqələrində iştirak etmiş, qrantlara layiq görülmüşlər.
Həmçinin hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında görkəmli alim Lütfi Zadəyə AMEA-nın xarici üzvü diplomu təqdim edilmiş, Azərbaycan xalqının mənəvi irsinin və ümumbəşəri dəyərlərinin qurulmasında böyük xidmətlərinə görə YUNESKO-nun baş direktoru Koiçiro Matsuura AMEA-nın fəxri üzvü seçilmişdir.
Sonra akad. M.Kərimov 2008-ci ildə AMEA-nın elmi bölmələrində mövcud elmi istiqamət və problemlər əsasında geniş elmi-tədqiqat işlərinin aparıldığını, mühüm elmi nəticələrin əldə edildiyini bildirərək ayrı-ayrı bölmələr üzrə respublikanın elm tutumlu strateji problemlərinin həllinə yönələn bəzi işləri iştirakçıların nəzərinə çatdırdı.
AMEA-nın 2008-ci ildəki fəaliyyəti haqqında hesabatla çıxış edən AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev ölkəmizdə sosial-iqtisadi və mədəni-mənəvi inkişafa müvafiq olaraq strateji əhəmiyyətli prioritet fəaliyyət sahələrindən olan elmin də inkişaf etməkdə, xalqımızın tərəqqisinə getdikcə daha səmərəli şəkildə öz töhfələrini verməkdə olduğunu vurğulayaraq, 2008-ci ilin həm bütövlükdə respublikamızın elmi həyatı, həm də ölkəmizdə elmin təşkili və əlaqələndirilməsi sahəsində rəsmi dövlət siyasətini həyata keçirən, ali elmi qurum olan Azərbaycan Milli Elmlər Akademiyası üçün əlamətdar olduğunu bildirdi: ?Bu uğurlar bütün digər amillərlə yanaşı həm də onunla şərtlənir ki, elmin inkişafı ölkə başçısı cənab İlham Əliyevin həmişə diqqət mərkəzindədir. Alimlərin sosial müdafiəsinə, görkəmli elm xadimlərinin xatirələrinin əbədiləşdirilməsinə, müxtəlif elm sahələrinin maddi-texniki bazasının gücləndirilməsinə və s. aid respublika Prezidentinin sərəncamları, digər illərdə olduğu kimi, 2008-ci ildə də müntəzəm xarakter almışdır?.
2008-ci ildə AMEA-da və respublikanın digər elmi mərkəzlərində aparılmış işlərdən danışan V.Fərzəliyev hesabat ilində ?Azərbaycan Milli Ensiklopediyası? Elmi Mərkəzi tərəfindən çoxcildli universal Milli Ensiklopediyasının ?A? hərfinə aid olan və 1-ci və 2-ci cildləri əhatə edən məqalələrin, 152 səhifəlik ?Azərbaycan? qısa ensiklopedik soraqçasının Azərbaycan və rus dillərində layihələrinin nəşrinin xalqımızın elmi-mədəni həyatında son dərəcə əlamətdar bir hadisə olduğunu bildirdi. O həmçinin qeyd etdi ki, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə və yubileyləri münasibətilə AMEA-nın 40-a yaxın əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Hesabat ilində akademiyanın elmi müəssisələrində 144 problem, 460 mövzu üzrə tədqiqatlar aparılmış və 150-yə yaxın mühüm elmi nəticə alınmışdır. Bundan başqa, 300-dən artıq kitab, 2 ensiklopediya, 6000-dən yuxarı məqalə və tezis, o cümlədən 1200-dən çox məqalə xaricdə çap edilmişdir.
Həmçinin müxtəlif nazirliklər və dövlət şirkətləri nəzdində fəaliyyət göstərən elmi mərkəzlər tərəfindən aparılan tədqiqatlar da əlaqələndirilmişdir. Respublikanın bütün nazirlik və dövlət şirkətləri 2008-ci ildə yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatını Azərbaycan Milli Elmlər Akademiyasına təqdim etmişlər.
AMEA-nın tərkibinin 176 üzvdən ibarət olduğunu qeyd edən V.Fərzəliyev onlardan 63-nün həqiqi və 113-nün müxbir üzv olduğunu söylədi: ?Akademiyanın elmi müəssisələrində, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 9714 nəfərdir. Elmi işçilərin sayı 4784 nəfər, o cümlədən 529 nəfəri elmlər doktoru, 2068 nəfəri isə elmlər namizədidir. 2008-cı ildə aspiranturaya 176 nəfər (154 əyani və 22 qiyabi) qəbul olunmuşdur. Hazırda aspiranturada 608 nəfər aspirant təhsil alır. Hesabat ilində 18 doktorluq və 127 namizədlik dissertasiyası müdafiə olunmuşdur. 2008-ci ilin əvvəlinə olan məlumata görə, AMEA-nın elmi müəssisələrində 1324 dissertant vardır ki, onlardan 472 nəfəri xarici ölkə vətəndaşıdır.
Məruzə ilə bağlı müzakirələrdə çıxış edən akademiklər Əli Abbasov, Abel Məhərrəmov, Budaq Budaqov, Teymur Bünyadov, İsa Həbibbəyli ölkəmizdə neftdən sonra ikinci prioritet sahə hesab edilən informasiya-telekommunikasiya texnologiyaları və nanotexnologiyaların daha da inkişaf etdirilməsindən, nanotexnologiyaların elm və sənaye sahələrində inkişafına nail olunmasından, beynəlxalq elmi əlaqələrin daha da genişləndirilməsinin vacibliyindən, bir sözlə Azərbaycan elminin dünya elminə inteqrasiyasının daha da dərinləşdirilməsinin təmin edilməsinin əhəmiyyətindən söhbət açdılar.
Yığıncaq iştirakçıları AMEA-nın 2008-ci ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirdi, hesabat yekdilliklə təsdiq edildi. Sonra AMEA Nizamnaməsinin 19-cu və 45-ci maddələrinə əlavə və dəyişikliklər edildi.
19-cu maddəyə görə akademiyanın həqiqi və müxbir üzvləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda və ya xarici ölkənin vətəndaşlığını qəbul etməklə yaşayış və iş yeri kimi digər ölkəni seçdikdə Akademiyanın xarici üzvləri hesab edilirlər.
45-ci maddəyə görə isə Aqrar Elmlər Bölməsi və Tibb Elmləri Bölməsi Rəyasət Heyətinin Bölmələrinə əlavə edildi.