Sökülən heykəllərin hara aparılması barədə dəqiq məlumat verilmir

img

29-04-2009 [02:59]


Son illər Bakıda abidələrin yerinin dəyişdirilməsi və ya uçurulması halları tez-tez baş verir. Uçurulan heykəllərin çoxu keçmiş bolşeviklərə məxsusdur. Bu sıradan sonuncu hadisə bir neçə gün öncə Əzizbəyov və Caparidzenin heykəllərinin götürülməsi olub. Onlardan öncə Yasamal rayonu ərazisindəki parkda Sovet hökuməti dövründə rəhbər vəzifələrdə çalışimış Qəzənfər Musabəyovun heykəli uçurulmuşdu. Hələ ki bolşeviklərin Bakıda heykəlləri qalmaqdadır. Nəriman Nərimanov, Ayna Sultanovanın abidələri öz yerlərində qalır. Keçmiş SSRİ-dən miras qalan bu abidələrə münasibət çoxdan dəyişib və daha onların heç birini ziyarət edən yoxdur. Onların əzəməti sovet hakimiyyətilə birlikdə getdi... Bolşeviklərə məxsus abidələrin uçurulmasını təbii hesab etmək olar. Rəssam Mir Teymurun firincə, həmin abidələri götürəndən sonra tamamilə məhv etməkdənsə, eksponatlar kimi ayrıca bir muzeydə saxlayıb, gələcək nəsillərə nümayiş etdirmək olardı. Müstəqil İnformasiya Agentliyinin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan müstəqillik əldən edəndən indiyədək təkcə Bakı şəhərində böyüklü-kiçikli 60-a yaxın abidə sökülüb. Tarixçi Xaqani Məmmədovun sözlərinə görə, uçurulan heykəllər görkəmli sənətkarların yüksək səviyyəli əl işləri idi: ?Vaxtilə Azərbaycanın müstəqilliyinin əleyhinə çıxmış şəxsiyyətlərin heykəllərinin götürülməsi vacib addımdır, amma gərək, onları sənətkarlıq baxımından mühafizə edəydilər. Həmin heykəlləri bir yerə yığıb açıq havada muzey düzəltmək mümkün idi?. X.Məmmədov deyib ki, vaxtilə həmin heykəllərin uçurulmasına başlanılanda ?26-lar?, Karl Marksın abidələrinin müəllifi, heykəltəraş İbrahim Zeynalov belə təkliflə çıxış edib, amma onun sözlərinə fikir verən olmayıb. ?O zaman İbrahim Zeynalovun israrlı xahişlərindən sonra ?Baksovet? Karl Marksın heykəlini ona verdi. Həmin abidə bu yaxınlaradək R.Mustafayev adına İncəsənət Muzeyinin həyətində saxlanılırdı. Amma onun da sonrakı taleyi məlum deyil?. Qeyd edək ki, Moskvada da kommunsit liderlərə qoyulan abidələri söküb, bir yerə qoyublar. Həmin yer indi tarixi muzey hesab olunur. Baltikyanı ölkələrdə də sovet dövrü heykəllərinin parkını düzəldiblər. Vaxtilə dünyaya meydan oxuyan kommunistlərin heykəlləri indi muzey eksponatı kimi xaricdən gələn qonaqlara nümayiş etdirilir. Deyilənə görə, həmin parka baxmağa gələnlərin hesabına yaxşı gəlir də götürülür. Azərbaycanda isə uçurulan heykəllərdən başqa cür qazanc əldə ediblər. Həmin abidələrin hara yoxa çıxdığı barədə çoxları heç nə bilmir. Müstəqil İnformasiya Agentliyi bununla bağlı aidiyyatı dövlət qurumlarının rəsmilərindən hər hansı açıqlama əldə edə bilməyib. Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsindən bildirilib ki, hazırda yalnız Əzizbəyovla Caparidzenin heykəlləri sənət əsəri olaraq xüsusi depolarda saxlanılır. Ötən illərdə uçurulan heykəllərlə bağlı isə bizə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək tövsiyyə olunub. Meriyadan isə suallarımızı rəsmi qaydada cavablandırmayıblar. Bununla belə, Bakı şəhər İcra Hakimiyyətindən qeyri-rəsmi qaydada müəyyən məlumatlar əldə edə bildik. Deyilənə görə, tərkibində tunc, bürünc və digər qiymətli materiallar olan abidələr vaxtilə söküləndən sonra əridilib və yaxşı qiymətə xarici ölkələrə, o cümlədən İrana satılıb. Həmin aibidələrin qiymətli mərmərdən olan postamentləri də hansısa məmurlar tərəfindən mənimsənilib. Sökülən heykəlləri düzəldən heykəltəraşların əksəriyyəti isə artıq həyatda deyillər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA