Seyran Səxavət: ?Azərbaycan ədəbiyyatının boğazı sür-sümüklə doludur?

img

27-04-2009 [07:47]


Yazıçı Seyran Səxavətin Müstəqil İnformasiya Agentliyinə (mia.az) ekslüziv müsahibəsi [b]- Seyran müəllim, hal-hazırda nə işlə məşğulsunuz?[/b] - Gördüyünüz kimi Mərdəkanda müalicə olunuram. Səhhətimdə elə də ciddi problem yoxdur. Sadəcə, bu xəstəxana xoşuma gəlir. Burda dörd roman yazmışam. Elə indi də bütün günü ya oxuyuram, ya da yazıram. Yaxın zamanda iki roman bitirmişəm. ?Bəhanə? romanım ?525-ci qəzet?də çap olundu. İndi də ?Yəhudi əlifbası? romanım orda dərc olunur. Bu roman ?Azərbaycan? jurnalının may və iyun nömrələrində tam şəkildə dərc olunacaq. [b]- İndi nə oxuyursunuz?[/b] - Elə vaxt olur ki, adam çörək yeyib başqa adamgilə gedir. Orda da adama təkif edirlər ki, yemək ye. Mən təklif olunan yeməyi necə yeyim? Doymuşam axı. Mütaliəyə də belə baxıram. Mən həmişə oxumuram. Yalnız ?acanda? oxuyuram. Mənim fikrimcə, yazıçı çox oxumamalıdır. Çünki çox oxumağın yazıçı üçün fəsadları var. Dünyanin çox böyük yazıçıları var. Adam onları oxuduqca, onlar insanın mənəvi aləmini ?işğal edir?. Mən isə mənəvi aləmimi, mənəvi torpaqlarımı bələdiyyələrin nəzarətində olan torpaqları qorumağından daha vicdanla qoruyuram. [b]- Bəs, Seyran Səxavətin mənəvi torpaqlarını ən çox ?işğal edən? yazıçı kimdir?[/b] - Düzü, mənim bir qarış torpağımı da ?işğal edən? yazıçı yoxdur. Orda mövsümi qonaqlar olur. Amma o torpaqları heç kimin əbədi nəzarətinə vermirəm. [b]- Yazıçılar Birliyinin üzvü Seyran Səxavət AYB-nin jurnallarını da oxuyurmu?[/b] - Baxıram. Oxumağa bir şey olanda alıram. Amma uzun müddətdir bu jurnallarda oxumalı bir şey tapmıram. Mən iki jurnalı həmişə oxuyuram. Bu, əlifba sırası ilə götürəndə birinci ?Alatoran? jurnalıdır, ikinci isə ?Xəzər? jurnalı. Bu iki jurnal ədəbiyyatımızın dünyaya açılan pəncərəsidir. Amma Azərbaycan ədəbiyyatının boğazı sür-sümüklə doludur. Ona görə də onun səsi zəif çıxır. Bu jurnallar isə dünya ədəbiyyatına açılan nəfəslikdir. [b]- Sizcə, ?Azərbaycan? və ?Ulduz? jurnalları niyə zəif çıxır?[/b] - Deyirlər ki, yaxşı əsər yoxdur. Bu ola bilər. Lakin yaxşı əsər olmayanda jurnalda dünya ədəbiyyatından tərcümələr vermək olar. [b]- ?Ədəbiyyat qəzeti? haqqında bir az əvvəl dediniz ki, bu qəzet ?ölü rəngi?ndə çıxır. Sizcə, qəzetin zəif çıxmasının səbəbkarı kimdir: Yazıçılar Birliyinin rəhbərliyi, yoxsa qəzetin baş redaktoru?[/b] - Məncə, bu, baş redaktorun günahıdır. Düzü, ?Ədəbiyyat qəzeti?nin bu cür zəif çıxmasına görə mən də utanıram. Çünki mən bu qəzetin əməkdaşı olmuşam. Bu qəzetin vəsiqəsini ürəyimin başında gəzdirmişəm. Bu qəzet mənə çox əzizdir. İndinin özündə də ?Ədəbiyyat qəzeti?nin vəsiqəsini evimdə saxlayıram. Baş redaktor Ayaz Vəfalı tənqidimə görə məndən inciyir. Biz onunla bir yerdə işləmişik, çörək kəsmişik. Mən üzümü ona tutub demək istəyirəm ki, aramızdakı münasibətə görə Seyran Səxavət 40 illik mövqeyini kənara qoymalı deyil, axı. [b]- Keçən ilin bu vaxtlarından başlayaraq Yazıçılar Birliyi üzvlərinə təqaüd verilir. Nəyə görə bu təqaüddən Seyran Səxavətə verilmir?[/b] - Düzü, mən bunun səbəbini bilmirəm. Təqaüdü verən mən deyiləm ki. Gedin, verəndən soruşun. Üstəlik, bu təqaüd təkcə mənə yox, eləcə də Ramiz Rövşənə, Musa Yaquba, Vaqif Bayatlı Odərə, Abbas Abdullaya da verilmir. [b]- Sizin və digər adını çəkdiyiniz şəxslərin də adı AYB-nin Mədəniyyət və Turizm Nazirliyinə göndərdiyi siyahıda vardımı?[/b] - Bəli, vardı. Amma adımı hardasa siyahıdan çıxarıblar. Mən, yəqin ki, onların ?ölçülərinə? uyğun gəlmirəm. [b]- Markes deyir ki, ədəbiyyat olmasaydı dünya bir şey itirməzdi, amma polis olmasaydı, dünyada hər şey başqa cür olardı...[/b] - Markes böyük yazıçıdır. Amma burda oyunbazlıq edir. Mənim üçün bu dünyada sözdən qiymətli heç nə yoxdur. Bax, elə o sözün mövcudluğuna görə mən yaşayıram, indi sənə müsahibə verirəm, yazıram. [b]- Sizcə, ədəbiyyatın hansısa funksiyası varmı?[/b] - Yoxdur. Ədəbiyyatın belə funksiyası varsa, onda belə çıxır ki, mən də funksionerəm. Ədəbiyyatın heç bir funksiyası yoxdur. Bir şey mənim içimi titrədir, mən də onu yazıram. Yazmaqla rahatlıq tapıram. İndi burda hansı funksiyadan söhbət gedə bilər? [b]- Sizin yaşıdlarınız isə deyir ki, biz yazmaqla xalqa xidmət edirik. Doğrudurmu?[/b] - Xalqın boynuna minnət qoymaq lazım deyil. Ümumiyyətlə, heç kimin boynuna minnət qoymaq olmaz. Yazırsansa, özün üçün yazırsan. Düzdür, siz də deyəcəksiniz ki, özün üçün yazırsansa, nəyə görə yazdıqlarını çap elətdirirsən. Məsələyə bir az geniş yanaşanda görürsən ki, özün üçün yazırsan, amma dostlarını da elə özün kimi qəbul edirsən. İndi çox şikayətlənirlər ki, oxucu yoxdur. Bu düzgün deyil. Birincisi, elə yazıçı yaza-yaza öz yazdıqlarını oxuyur. Ondan başqa, tutaq ki, Seymur Baycan yazır, Qan Turalı oxuyur, Qan Turalı yazır Nərmin Kamal oxuyur. Doğrudur, biz hamımız yazıçıyıq. Amma bu da faktdır ki, biz yazdığımız vaxtdan dəfələrlə çox vaxtı oxumağa sərf edirik. [b]- Söz gənclərdən və qocalardan düşmüşkən, bu davanın səbəbi nədədir?[/b] - Qocalar gənclərlə barışmaq istəmirlər. Bu da təbii ki, gənclər tərəfindən qəzəbə səbəb olur. Biz də gənc olmuşuq. Gənc olanda adam aqressiv olur. Axı, nəyə görə qocalar gənclərin yazdıqlarını qəbul etmirlər? Bu düzgün deyil, axı. Gənclərə qarşı qocalar bəzən elə aqressiv, elə təhqiramiz yazırlar ki, adam heyrətə düşür. Axı, bu gənclər də insandır, bu gənclər də yazıçıdır. Bu qədər qəzəb hardandır? İnkar zamanın missiyasıdır. Sən yaxşı yazısıçısansa, min gənc desə də sən pissən, sən onsuz da tarixdə qalacaqsan. Yox, sənin yazdıqların bir şey deyilsə, zaman sənin haqqında öz sözünü deyəcək. [b]- Gənclərin yazdıqlarını necə, oxuyursunuzmu?[/b] - Əlbəttə, hamısını oxuyuram. Seymur Baycanın ?Körpüsalanlar? romanını oxudum. Çox əla roman idi. Mənim xoşuma gəldi. Qan Turalının ?Çiyələkli gecə? əsərini oxudum. O da çox xoşuma gəldi. Düzdür, orda məni qane etməyən çılpaq məqamlar var idi. Amma məncə, bütün bunlar da zamanla keçib gedəcək. Nərmin Kamalın və Aqşinin də yaradıcılığını yüksək qiymətləndirirəm. Həmid Herisçi mənim romanımla eyni adlı - ?Nekroloq? romanı yazıb. Mən o romandan iki parçanı ?Alatoran? jurnalında oxudum. Çox xoşuma gəldi. [b]- Seyran Səxavət bir yazıçı kimi Sovet zamanında yetkinləşib. Sovet sisteminin dağılması bir yazıçı kimi Seyran Səxavətə necə təsir edib?[/b] - Əvvəlcə onu deyim ki, mən yetkin adam deyiləm. Ümumiyyətlə, insan yetkin ola bilməz. Kimsə yetkin olsaydı, bu, dünyanın sonu olardı. Mən, Sovet sisteminin dağılmasını isə ancaq məişətdə hiss eləmişəm. Yazıçı kimi bu dəyişikliyin mənə heç bir təsiri olmayıb. Mən o vaxt öz ürəyimin istədiklərini yazırdım. Elə indi də elədir. [b]- Sovet vaxtı ədəbiyyatda nisbi olsa belə, şəhər və kənd yazıçıları bölgüsü vardı. Kənddə doğulan və əsasən kənddən yazan Seyran Səxavət bu bölgü haqqında nə deyə bilər?[/b] - Mən kənddə doğulmuşam. Sonra şəhərə gəlmişəm, universitetə girmişəm. Bir dəfə də televizorda dedim ki, şəhər mənə doğma deyil. Onda da bəzi adamlar mənə dedilər ki, şəhər sənə bu qədər şey verib, niyə belə deyirsən? Mən də onlara deyirdim ki, mənim doğulduğum kənddə universitet yox idi, qəzet, televiziya yox idi. Mən neyləməli idim? Bu şəhər isə mənə heç nə verməyib. Mən özüm ondan almışam. Mənim o qədər məktəb yoldaşlarım var ki? Eləsi var traktorçudur, eləsi də var mühasib. Şəhər nəsə verən idisə, elə onlara da verəydi də. Biz kənddən şəhərə diri gəlmişik, ölümüz kəndə gedib. Əli Kərim bura gəldi, sonra onun meyitini aparıb Göyçayda basdırdılar. İsi Məlikzadə bura diri gəldi, aparıb meyitini Ağcabədidə basdırdılar. Kənddə evlər sanki ilahi bir nizamla bir-birindən aralıdır. Amma şəhərdə evlər bir-birinin içindədir. Kənddə bir adam evindən çıxıb başqasının evinə gedəndə onu hamı görör. Şəhərdə isə bloka girən kimi görünməz olursan. Mən tez-tez öz kəndimizə gedirdim. Orda məni uşaqdan böyüyə hamı yaxşı tanıyırdı. Sağ olsunlar, hörmətimi də saxlayırdılar. İndi isə çox təəssüf ki, mən öz kəndimə gedə bilmirəm. Çünki kəndimizi ermənilər işğa edib. Arada Füzuli rayonunun bizdə olan kəndlərinə gedib, ordan kəndimizin iyini alıram. [b]- Torpaqların işğalının ağrısını bəlkə də sadə qarabağlıdan çox təbii ki, yazıçı, özü də qarabağlı yazıçı anlayır. Sizin üçün Qarabağ nədir?[/b] - Mən sualı bu cür qoyazdım: Qarabağ mənim üçün nədir və kimdir? Amma mən bu suala cavab verə bilmərəm. Elə bilirəm ki, bu suala cavab tapsam Qarabağ mənim üçün adiləşəcək. Ona görə də mən bu suala cavab tapa bilmirəm. Elə bir az əvvəl İTV-də ?Ovqat? verilişi gedirdi. Könül Xasıyeva ?Qarabağ şikəstəsini? oxuyurdu. Qulaq asa-asa bir də hiss elədim ki, ağlayıram. Mənim imkanım olsa, bütün televiziyalardan Qarabağ haqqında danışıqları, mahnıları yığışdıraram. Çünki bu artıq ədəbiyyatın yox, siyasətçilərin problemidir. Deyirlər ki, Qarabağ haqqında yaxşı əsərlər yazılmır. Mən qolumu çırmələyib Qarabağ haqqında roman yaza bilərəm. Özü də yaxşı roman yazaram. Çünki mən o yerləri kənd-kənd tanıyıram. Məişətlərini, psixologiyalarını yaxşı bilirəm. Amma axı, bununla nə olacaq? Qarabağ gerimi qayıdacaq? Bu məsələdə ədəbiyyat acizdir. Mən siyasəti yaxından izləyirəm. Hamının gözünün qabağında Amerika İraqa, Əfqanıstana girdi. Dünya siyasətində böyük oyunlar gedir. Elə Türkiyənin Ermənistanla sərhədlərini açması da bu oyunun bir hissəsidir. İnanmıram ki, Türkiyə Ermənistanla sərhədləri aça. Mən görürəm ki, dünyanın bir mərkəzdən idarə olunması prosesi gedir. Açığı, ən əsası mən görürəm ki, Qarabağ dünya siyasətinin heç yüzüncü dərəcəli problemi də deyil. [b]- Məşhur türk şairi Cahit Zarifoğlu öz gəncliyində hələ Parisdə yaşayan türk şeirinin canlı klassiki Cemal Süreyyaya məktub yazmışdı ki, İstanbula gələndə xahiş edirəm ki, mənimlə bir evdə yaşayasınız. Siz bu iki otaqlı xəxtəxana palatanızı hansısa gənc yazarla bölməyə razısınızmı?[/b] - Əlbəttə, hazıram. Mən gənclərlə nəfəs alıram. Onların hər yazısından nəsə öyrənirəm. Mən öz otağımı gənclərlə bölməyə hazıram. Hətta yataq otağımı da onlara verərəm, divanda özüm yataram. [b]Qan TURALI[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA