Partiya sədrini həbs etmək istəyirlər

img

26-04-2009 [03:22]


[b]Vergilər İdarəsi Sabir Tarıverdiyevi vergidən yayınmada ittiham edir [/b] Milli Dövlətçilik Partiyasının başqanı Sabir Tarıverdiyevin həbs edilməsi planı var. Əgər o, sahibi olduğu maşın bazarının fəaliyyətinin dayandırılmasını sakitliklə qarşılamasa, əksinə, oradakı satıcıları dolaysı ilə hakimiyyətin üzərinə yönləndirməkdə davam etsə, qısa müddət ərzində onun həbsi reallaşacaq. Bu xəbəri "Reytinq"ə Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarıverdiyevə məxsus olan Sumqayıt Maşın Bazarının dünəndən etibarən bağlanılması ətrafında yaşanan gərginlikləri şərh edən hakimiyyətə yaxın mənbə verib. Onun sözlərinə görə, Sabir Tarıverdiyevə məxsus bazar Bakı-Sumqayıt magistral yolunun kənarında yerləşməklə böyük bir ərazini əhatə edir: "Bu ərazi isə dövlətin ehtiyacaları baxımından istifadə oluna bilər. Odur ki, həmin bazarı da Badamdar qəsəbəsində yeni fəaliyyətə başlayan maşın bazarına köçürmək istəyirlər. Lakin Sabir Tarıverdiyev bu plana qarşı çıxır. Onun üçün də dünən 2 saylı Sumqayıt Ərazi Vergilər İdarəsinin nümayəndələri bazarı qapatmaq məcburiyyətində qalıb". Mənbə qeyd edir ki, S.Tarıverdiyev bu məsələni siyasiləşdirməklə bərabər, həm də bazarın bağlanmasına görə bəzi məmurları sətiraltı hədəfə alıb: "Bununla yanaşı, bazarda alver edənləri planlı şəkildə Vergilər İdarəsinin qarşısına toplayırlar. Üstəlik, bir neçə dəfə Bakı-Sumqayıt yolunu kəsərək, nəqliyyatın hərəkətinə mane olmağa cəhd ediblər. Hələlik buna imkan verilməyib. Amma proseslərin gedişi göstərir ki, S.Tarıverdiyev qarşıdakı günlərdə daha sərt addımlar ata bilər. Məsələn, yolu saatlarla kəsmək, həmçinin kiçik sahibkarları Prezident Administrasiyasının qarşısına toplamaq və eyni zamanda bəzi məmurlar haqqında həddən artıq sərt açıqlamaların verilməsi mümkündür. Əgər proseslər gərgin istiqamətə yönəlməkdə davam edəcəksə, onda Sabir Tarıverdiyevin barəsində nəzərdə tutulan "V" planı işə salınacaq. Yəni onu vergidən yayınmada və digər məsələlərdə ittihamlayaraq, həbs edəcəklər. Bazarın bağlanmasının vergi ilə əlaqələndirilməsi də bu plana xidmət edir". Bu xəbərin nə dərəcə doğru olduğunu öyrənmək üçün Sabir Tarıverdiyevlə əlaqə saxlamaq istəsək də, buna nail ola bilmədik. Partiya üzvlərindən biri isə adının çəkilməməsi şərtilə qəzetimizə ilginc xəbərlər verdi. O, Sumqayıt Maşın Bazarının fəaliyyətinin rəsmi xəbərdarlıq edilmədən dayandırıldığını bildirməklə, bu əməliyyatın vergilərin vaxtlı-vaxtında ödənilməməsi ilə başlandığını təsdiqlədi: "Bəli, dünən səhər saat 06.00 radələrində bazarın giriş-çıxış qapılarını bağlayan vergi müfəttişləri bunun səbəbini vergilərin vaxtlı-vaxtıdan ödənilməməsi ilə izah ediblər. Lakin bazar rəhbərliyi və kiçik sahibkarlar bunun əsassız olduğunu bilir. Əminik ki, bazarın bağlanmasına cəhd və 1500-dək kiçik sahibkarların işsiz qalmasında bəzi qruplar maraqlıdırlar". Partiya nümayəndəsinin sözlərinə görə, son hadisədən təxminən bir ay əvvəl Sabir Tarıverdiyevə bir neçə istiqamətdən təzyiq edib, bazara şərik olmaq istəyənlər də olub. Lakin biznesmen partiya sədri bu təzyiqlərin qarşısından geri çəkilməyib: "Belə olduqda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin qohumu Hacı Mazan silahlı dəstə ilə ona bir neçə dəfə hücum etdi. Lakin belə hücumlara adət etmiş Sabir Tarıverdiyev geri çəkilmədi. Bundan sonra onu və oğlanlarını ölümlə hədələdilər. Sabir Tarıverdiyev ölkə prezidentinə və hüquq-mühafizə orqanlarına rəsmi müraciət etdikdən sonra Şeyxin adamlarının qarşısını almaq mümkün oldu. Bundan az sonra isə tanınmış milyonçu İsgəndər Xəlilov ortaya düşdü. O, Rusiyada aldığı krediti ödəmək üçün hər ay 4 milyon dollar faiz verməlidir. Bunun üçün də bütün gücü ilə qısa zaman ərzində Badamdardakı maşın bazarını böyütməyə çalışır. Həftənin şənbə və bazar günləri isə Sabir müəllimin bazarına minlərlə alıcı və satıcı gəlir. Təbii ki, bunların ora yönəldilməsi İsgəndər Xəlilovun daha çox qazanması demək olardı. Lakin bu niyyətin də həyata keçməsinə Sabir müəllim imkan vermədi. Bu hadisənin üstündən 15-20 gün ötməmiş yeni təhlükə yaranıb. Bu dəfə isə 2 saylı Sumqayıt Ərazi Vergilər İdarəsinin rəisi Alimpaşa Məmmədov ortaya atılıb. Onun şeyxin və ya şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevin sifarişlərini yerinə yetirməsi inandırıcı görünür. Hələlik onlar qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün vergi borcu söhbətini qabardırlar. Ancaq tam məsuliyyətlə deyirik ki, bunun heç bir əsası yoxdur. Elə dünən idarə rəisi Alimpaşa Məmmədovla və şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevin vergidə işləyən qohumu Qabil Tarıquliyevin məmura yaraşmayan tərzdə sahibkarların önünə çıxıb "bazarı biz bağlamışıq, yaxşı eləmişik" deməsi də, bu məsələdə maraqlı qüvvələrin olduğunu təsdiqləyir. Bütün bunlarla bağlı Sabir Tarıverdiyev yaxın günlərdə açıqlama verəcək". Müsahibimiz S.Tarıverdiyevin həbs edilməsi ilə bağlı ehtimalları da mümkün sayıb: "Təəssüf ki, bəzən qərar veriləndə həmin şəxsin keçmişi və xidmətləri nəzərə alınmır. Monopolist qüvvələr qanunları necə tapdalayırlarsa, elə də ədalətsiz hərəkətlərini davam etdirə bilərlər. Amma bilsinlər ki, Sabir müəllimin tərəfdarları və sahibkarlar bunu sakitliklə qarşılamayacaqlar". Partiya sədrinin əmlakı uğrunda sonadək mübarizə aparacağını iddia edən həmsöhbətimiz etiraz aksiyalarına başlayacaqlarını da istisna etməyib: "Hazırda Sabir müəllim ölkə prezidenti, möhtərəm İlham Əliyevə müraciət hazırlayır. O, həmçinin ölkə prozidenti ilə görüşüb, vəziyyətlə bağlı birbaşa cənab prezidentə məlumata verməyə çalışır". Dünən günün sonunda isə S.Tarıverdiyevin "Reytinq"ə ölkə prezidenti İ.Əliyevə ünvanladığı rəsmi müraciətin surəti də daxil olub. Müraciətdə 1992-ci ildə "Vicdan-1" firmasının nəzdində Sumqayıt Maşın Bazarını yaratdığını qeyd edən partiya sədri, bazarın yerləşdiyi ərazinin bataqlıqdan ibarət olduğunu, oranı şəxsi vəsaiti və böyük zəhmət hesabına abadlaşdırdığını və s. faktları sadalayıb. Daha sonra o, mətləbə toxunaraq, minlərlə kiçik sahibkara çörək qazanması üçün şərait yaratdığı Sumqayıt Maşın Bazarının heç bir səbəb olmadan Sumqayıt Vergilər İdarəsi tərəfindən bağlanmasına diqqət yönəldib: "Dünyada baş verən iqtisadi böhranın dərinləşdiyi bir zamanda minlərlə iş adamının bir tikə çörək qazanmasını da bizə çox gördülər. Bu dünyada çox hadisələr görmüşəm, amma beləsi ilə rastlaşmamışam. Bizim partiyadakı insanlar ulu öndərimiz Heydər Əliyevin memarı olduğu Azərbaycan dövlətçiliyinə həmişə sadiq olub, bütün siyasi proseslərdə və tədbirlərdə bu mövqeyimizi göstərmişik". Müraciətin sonunda bir partiya rəhbəri kimi İlham Əliyevdən özbaşınalıq və haqsızlıqlara son qoyulmasını xahiş edən S.Tarıverdiyevin müraciətindəki sətiraltı ifadələr də diqqəti çox çəkir. Belə ki, partiya sədri müraciətində siyasi məsələlərə toxunmaqla, sanki bu məsələdə siyasi çaların olduğunu sezdirir. Elə onun mərhum Heydər Əliyevin adını müraciətində tez-tez hallandırması da belə düşünməyə əsas verir. Görünür, hansısa qruplar S.Tarıverdiyevi "zərərsizləşdirmək" üçün məsələyə siyasi çalar da qatmağa çalışırlar. Bunun üçün də o, müraciətində Heydər Əliyevin adını təkrar-təkrar hallandırmaqla qabaqlayıcı addımlar atır. Bu isə həm də onu göstərir ki, biznesmen-partiya sədrinin başı üzərində həqiqətən ciddi oyunlar gedir və onun həbs edilməsi reallaşa bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA