26-04-2009 [02:55]
Nazirlər Kabinetinin 2009-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında prezident İlham Əliyev ekoloji tədbirlər haqqında danışarkən "Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda hansısa obyektin tikintisi üçün ağaclar kəsilir. Yerlər alınır, hasarlanır və ondan sonra hasarın dalında bütün ağaclar məhv edilir. Ondan sonra isə orada fərdi yaşayış evləri, yaxud da hündürmərtəbəli binalar tikilir. Belə məlumatlar mənə dəfələrlə verilib. Mən Hacıbala Abutalıbova göstərişlər vermişdim. Bu gün də həm yerli icra orqanlarına, həm də vəzifədən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edirəm ki, bunu yığışdırsınlar. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram. Həm Ekologiya və Təbii Sərvətlər ?azirliyi (ETSN), həm də şəhər, rayon icra hakimiyyətləri bu işlərdə ciddi dönüş etməlidir. Bu, son xəbərdarlıqdır. Əgər bundan sonra eşidəm, biləm ki, haradasa, hansısa iş adamı, yaxud da vəzifəli şəxs və ya başqa hansısa adam gedib yeri hasarlayıb, ağacları kəsib özü üçün mülk tikir, kəsilən ağacların yerində tikilən binalar səhərisi gün dağıdılacaq və təqsirkar şəxslər cəzalandırılacaqdır",- sözləri cavabdeh məmurların yuxusuna haram qatıb.
Ölkə başçısının bu xəbərdarlığından dərhal sonra Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərərgahında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun mətbuat konfransı keçirməsi də bunu sübut edə bilər. H.Bağırov konfransda deyib ki, Azərbaycanda yaşıllaşdırma üçün müəyyənləşdirilən 11 ərazidə iki il ərzində 3 mln. ağac əkiləcək. Nazirin sözlərinə görə, həmin ağacların əkilməsi paytaxtın Qaradağ, Suraxanı, Sabunçu, Abşeron, Binəqədi və Əzizbəyov rayonlarının ərazilərində nəzərdə tutulub.
Mətbuat konfransında H.Bağırovun ağacların məhv edilməsi ilə bağlı dəfələrlə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məlumat verdiyini açıqlaması da diqqətdən qaçmadı. Bununla da nazir günahkarın konkret ünvanını göstərdi. Onun iddiasına görə, Ekologiya və Təbii Sərvətlər ?azirliyi ağacların kəsilməsi faktları ilə bağlı son iki ayda 622 akt tərtib edib. Bu isə o deməkdir ki, paytaxtda ağacların kəsilməsi kütləvi hal alıb və Hacıbala Abutalıbov tədbir görməyib.
Bakıda ağacların kəsilməsi ilə bağlı yaranan problemin pərdəarxasında baş verənlər buradan aydınlaşır. Hələ ötən həftə "Reytinq"ə verilən məlumatda bildirilirdi ki, son aylar yaşıllıqlarla bağlı H.Bağırovla H.Abutalıbov arasındakı gizli savaş kulminasiya nöqtəsinə çatıb. Konkret olaraq paytaxtın bir neçə ərazisində ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı H.Bağırovun etdiyi müraciətləri H.Abutalıbov qulaqardına vurub. Hətta son vaxtlar vəziyyət o həddə çatıb ki, icra hakimiyyətinin işçiləri ETSN-nin nümayəndələrini eşitmək belə istəməyibələr. Aprel ayında isə bununla bağlı bir neçə insident baş verib. Buna görə də H.Bağırov yeni taktika seçərək yaşıllıqların məhv edilməsi ilə bağlı şikayətləri Bakı merinə yox, birbaşa ölkə başçısına çatdırıb.
Ötən həftə ETSN-dəki mənbənin verdiyi bu məlumatın səhihliyini yoxlamaq üçün yazının anonsunu verərək, araşdırma aparmağı qərarlaşdırdıq. Maraqlıdır ki, Nazirlər Kabinetinin iclasında baş verənlər bizdəki məlumatı ən yuxarı səviyyədə təsdiqlədi. Nazirlər Kabinetinin iclasındakı çıxışlardan da belə anlaşıldı ki, H.Bağırov konkret faktlarla ölkə başçısına müraciət edərək, yaşıllıqlar üçün nəzərdə tutlan ərazilərdə tikilən villalar, obyektlərlə bağlı bütün məlumatları ona çatdırıb.
Bakıda yaşıllıqların məhv edilməsi prosesinin arxasında isə Hacıbala Abutalıbovla yanaşı Nərimanov, Nəsimi, Qaradağ, Suraxanı, Sabunçu, Binəqədi və Əzizbəyov rayonlarının icra başçılarının olduğu da bildirilir. Xüsusən də Nizami, Nərimanov və Nəsimi rayonlarının icra başçılarının ETSN ilə hesablaşmadığı önə çəkilir. Ümumiyyətlə, H.Bağırovun Səbail rayonunun icra başçısı Sahib Ələkbərov istisna olmaqla, paytaxtdakı digər icra başçılarından şikayətçi olduğu gizlədilmir. Bunun qarşılığında isə həmin şəxslərin cəzalandırılmasının vacibliyi vurğulanıb. Məhz ölkə başçısının sərt şəkildə "Əgər bundan sonra eşidəm, biləm ki, haradasa, hansısa iş adamı, yaxud da vəzifəli şəxs və ya başqa hansısa adam gedib yeri hasarlayıb, ağacları kəsib, özü üçün mülk tikir, kəsilən ağacların yerində tikilən binalar səhərisi gün dağıdılacaq və təqsirkar şəxslər cəzalandırılacaqdır",- deməsi də təsadüfi deyil. Bu həm də onu göstərir ki, vəziyyət həddən artıq gərginləşib və bu səbəbdən də ölkə başçısı sərt xəbərdarlıq etmək həddinə çatıb. Artıq söhbət hansısa ərazidə kəsilən ağaclara görə cərimə tətbiqi ilə yekunlaşmır, həm də orada tikilən obyektlərin dağıdılmasından gedir.
Nazirlər Kabinetinin iclasından sonra bizimlə bir daha əlaqə saxlayan ETSN-dəki mənbənin iddiasına görə, bu istiqamətdə görülən təbdirlər çoxlarının başını ağrıdacaq. Belə ki, buna görə 7 rayonun icra başçısının adı "qara siyahı"dadır və onlara qarşı sərt tədbirlər görüləcək. Bu şəxslər vəzifələrini itirməklə də canlarını qutara bilməyəcəklər.
Mənbənin məlumatına görə, H.Bağırov bu proseslərin sonunda Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Departamentini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə keçirtməyə çalışır. Elə Azərbaycanda yaşıllaşdırma üçün müəyyənləşdirilən 11 ərazidə iki il ərzində 3 mln. ting ağacın əkilməsinin ETSN-ə tapşırılması da bunu göstərir: "Prezidentin bu çıxışı nazirlər arasında H.Bağırovun mövqeyini möhkəmlətdi. Sabiq nazir Fərhad Əliyevin həbsindən sonra H.Bağırovun mövqeləri zəifləmişdi. Hətta son vaxtlar təkcə nazirlər deyil, bəzi icra başçıları da H.Bağırovla hesablaşmırdılar. Prezidentin bu mövqeyi isə H.Bağırov üçün böyük dəstək oldu".
Məlumatlı şəxsin sözlərinə görə, burada söhbət Bakı ilə yanaşı, ərazisində meşə sahələri olan rayonlardan da gedir: "Son illər Azərbaycanda meşələri kütəvi şəkildə məhv edirlər. Rəsmi statistikaya görə, ölkə ərazisinin 11 faizi meşə ərazisidir. Bu meşələrin bir hissəsi işğal altındadır. Son illər ölkənin demək olar ki, bütün bölgələrində meşələrin ərazisi zəbt edilməkdir. Hətta qeyri-rəsmi məlumatlara görə, son 15 ildə meşə əraziləri 17 faiz azalıb. Amma dövlət proqramına əsasən 2015-ci ilə kimi ölkə ərazisində meşə sahəsinin 12 faizə çatdırılması planlaşdırılıb. İndiki şəraitdə baş verənlər isə bunun əksini göstərir. Əgər tədbir görülməsə, nəinki 2015-ci ilə kimi meşə sahələri artacaq, əksinə, azalacaqdır".
ETSN-dəki mənbə H.Bağırovun yaşıllıq düşmənləri ilə savaşı mərhələlərlə apardığını vurğuladı. Onun dediyinə görə, hələlik nazir rayonlarda meşə ərazisini zəbt edib, orada villa tikdirən məmurların adlarını açıqlamaq istəmir: "H.Bağırov yaxşı bilir ki, hazırkı məqamda meşələri zəbt edən məmurların adlarını hallandırsa, bir neçə cəbhədən savaş aparmaq məcburiyyətdə qalacaq. Onun üçün də ilk olaraq, icra başçılarını hədəf alıb. Birinci mərhələ meşə ərazilərini zəbt edən icra başçılarının cəzalandırılmasından ibarətdir. Şübhəsiz ki, çətin vəziyyətə düşən başçılar da dərhal hansı məmurun təzyiqi ilə meşə ərazisini zəbt etdiklərini açıqlayacaqlar. H.Bağırov isə növbəti mərhələlərdə həmin məmurlara "dur" deməyə cəhd göstərəcək. Xüsusən də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun bu məsələdə başı ağrıya bilər. Çünki meşə ərazilərinin bir çoxunun sənədləşdirilməsində bu komitənin də işçilərinin rolu olub".
Həmsöhbətimizin iddiasına görə, H.Bağırov bu şəraitdən yararlanaraq ağacların kəsilməsi ilə bağlı cərimələrin artırılmasına da nail olmaq üzrədir: "Nazir acağı kəsib obyekt tikənin 800 manat yox, 30-40 min manat cərimə ödəməli olmasını təkcə sözdə ifadə etməklə kifayətlənmək istəmir. O bunu reallaşdıracaq".
Qeyd edək ki, artıq ölkə başçısı da ağac kəsənlərə qarşı sərt maliyyə sanksiyaları tətbiq ediləcəyinə və yaşıllaşdırmaya ayrılan maliyyə vəsaitinə nəzarətin gücləndiriləcəyini bəyan edib: "Biz həmişə maliyyə intizamının möhkəmlənməsinə fikir vermişik. İndiki şəraitdə bunun daha da böyük əhəmiyyəti var. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi istər-istəməz bizim maddi imkanlarımızı məhdudlaşdırır. Düzdür, biz başqa imkanları işə salmaqla, qeyd etdiyim kimi, iqtisadiyyatın digər sahələri hesabına o boşluğu doldurmağa çalışırıq. Amma bunu etmək, əlbəttə ki, çətin olacaqdır. Ona görə də maliyyə intizamı, maliyyə resurslarının xərclənməsinə nəzarət həmişə diqqət mərkəzində olmalıdır. İndi isə buna ehtiyac daha böyükdür".
Nazirliyin məsul şəxsinin açıqlaması da göstərir ki, Bakının yaşıllaşdırılmasına ayrılan vəsaitlərə görə Hacıbala Abutalıbov cavab verməli olacaq. Yəni yaşıllaşdırma ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında olan vəsait ETSN ayrılandan daha çoxdur. Hazırkı vəziyyət isə ona dəlalət edir ki, bu vəsaitlər Bakı merinin əlindən çıxacaq. Eyni zamanda bu dəfə ağacların kəsilməsi bir çox icra başçıları üçün başağrısı olacaqdır. Əgər prosesin gedişində hansısa icra başçısı postunu itirərsə, bu, H.Bağırovun nüfuzunu ikiqat artıracaq.