Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət: ?Azərbaycanda iqtidarla insanlar arasında böyük bir uçurum var?

img

23-04-2009 [04:16]


[b]Lalə Şövkət: ?Hələlik Azərbaycanın demokratikləşməsi istiqamətində işartılar görünmür, amma istər-istəməz bu proses baş verəcək?[/b] Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının təsisçilərindən biri, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Müstəqil İnformasiya Agentliyinə (mia.az) müsahibə verib. - Lalə xanım, neçə müddətdir ki, Qarabağ və Respublika Uğrunda Hərəkatın liderləri görüşmürlər, müzakirə olunası məsələ yoxdur, yoxsa necə? - Mən deməzdim ki, görüşmürük. Vaxtaşırı görüşürük, bəzi məsələləri müzakirə edib, eyni mövqedən də çıxış edirik. Amma bəlkə görüş barədə mediaya məlumat vermirik. Ona görə də düşünürəm ki, burada heç bir problem yoxdur. [b]- Ümumiyyətlə, hərəkatın fəaliyyəti bir qədər passiv görünür, yaxın müddətdə aktiv fəaliyyətə başlayacaqsınızmı?[/b] - Aktivlik zamanla bağldır. Aktivlik seçki, referendum zamanı olur. Bir də ki, aktivlik üçün şərait, zaman və hansısa bir mövzu lazımdır. Eyni aktivliyi hansısa partiya, koalisiya hər zaman edə bilməz. Bu, siyasətin qanunudur. Yəni bir dönəm aktivlik, sonra passivlik olur, bir qədər keçəndən sonra isə yenə də aktivlik yaranır. Ona görə də, düşünmürəm ki, biz passivik. Lazımi məsələlərlə bağlı öz mövqeyimizi bildiririk. Son vaxtlar həm Türkiyə, həm Qarabağ məsələsi ilə bağlı birgə mövqeyimizi bildirmişik, bəyanatımızı vermişik. Yəni burada hansısa passivlik yoxdur. [b]- Aktivlik deyəndə həm də kütləvi aksiyalar nəzərdə tutulur. Bəs, birləşmiş müxalifətin kütləvi aksiyalar keçirməsi planlaşdrılırmı?[/b] - Sözsüz ki, kütləvi aksiyalar da olacaq. Qarşıdan bələdiyyə seçkiləri gəlir və bu mitinq məsələsi gündəlikdə qalır. Biz səy göstəririk ki, mitinqlərə icazə məsələsi qurtarsın. İqtidar tərəfi imkan yaratsın ki, biz insanlarla görüşə bilək, öz mövqelərimizi onlarla bölüşək. Hesab edirəm ki, mitinq məsələsi həmişə gündəlikdə olacaq. Bələdiyyə seçkiləri yaxınlaşdıqca, bu məsələ reallaşacaq. [b]- Hakimiyyət bundan sonra da mitinqlərə icazə verməsə, bununla razılaşacaqsınızmı?[/b] - Demokratik müxalifət həmişə qanun çərçivəsində fəaliyyət göstərir. Bu, dünyanın qanunudur. Yəni bütün dünyada demokratik müxalifət həmişə qanunauyğun, Konstitusiya çərçivəsində fəaliyyətini davam etdirir. Biz bu gün də deyirik ki, mitinqlər bizim konstitusion hüququmuzdur. Amma siz bilirsiniz ki, biz neçə dəfə cəhd göstərdik, ?Azadlıq? bloku olaraq, mitinq keçirdik. Nəticədə çox böyük repressiyalara məruz qaldıq. Partiya üzvlərimizə, fəallarımıza çox böyük təzyiqlər edildi. Bu, çox mühüm bir məsələdir. Bu gün billə-bilə insanlarımızı, funksionerlərimizi repressiyaya məruz qoymaq istəmirik. Bilirsiniz ki, funksionerlərimiz həmişə həm repressiyalara məruz qalıblar, həm həbs olunublar. Ona görə də istəmirik ki, insanlarımızı incidək. Biz istəyirik ki, bu gün səlahiyyət sahibi olan iqtidar konstitusion hüquqlarmızı başa düşsün və bunun üçün imkan yaratsın. Çünki bütün krizislərdən çıxmaq üçün yalnız demokratik addımlar atılmalıdır. Bilirsiniz ki, bu iqtisadi böhranın da Azərbaycana təsiri böyükdür. Bu vəziyyətdən çıxmağın yeganə yolu yenə də demokratiyadır. Görürsünüz ki, bu gün avtoritar Rusiyada da insanlara qarşı demokratik, liberal addımlar atılır. Azərbaycanda isə iqtidarla insanlar arasında böyük bir uçurum var. Bu uçurum sözsüz ki, dövlətimiz, millətimiz üçün hansısa mənfi fəsadlara gətirib çıxara bilər. Biz onun tərəfdarıyıq ki, bu problemlərin hamısını müzakirə edib, konstruktiv şəkildə həll edək. İqtidar da ölkədə səlahiyyət sahibi olaraq, bu problemləri həll etməlidir. [b]- Lalə xanım, gözlədiyiniz demokratikləşmə nə zaman reallaşa bilər? Ümumiyyətlə, bu istiqamətdə işartılar görünürmü?[/b] - Hələlik Azərbaycanın demokratikləşməsi istiqamətində işartılar görünmür. Amma istər-istəməz bu proses baş verəcək. Çünki tarix var. Bizim - demokratların ən böyük müttəfiqi o tarixdir. Bunu yaddan çıxartmayaq. Ona görə də əminik ki, Azərbaycan da demokratiya yoluna çıxacaq. Çünki ayrı yol yoxdur. Dünya siyasətinin iqlimi də bunu tələb edir. Tarix də bunu göstərir ki, biz istər-istəməz bu yola çıxmalıyıq. Bir az tez, bir az gec buna nail olacağıq. Amma eyni zamanda həm demokratik müxalifət, həm demokratik cəmiyyət bunun haqqında düşünməlidir. Bu, çox önəmli məsələdir. Mən əminəm ki, Azərbaycan mütləq demokratiya yoluna çıxacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA