Dağlıq Qarabağ məsələsi ilə bağlı iqtidar-müxalifət dialoqu tərəfləri üz-üzə qoyub

img

21-04-2009 [02:02]


Azərbaycan Demokrat Partiyası (ADP) hakimiyyətlə dialoq məsələsini yenidən gündəmə gətirib. Belə ki, partiya, prezident İlham Əliyevin Rusiya səfəri zamanı açıqladığı Dağlıq Qarabağla bağlı konsepsiyanın müzakirəsi ilə əlaqədar iqtidar-müxalifət dialoqunun aparılmasını təklif edib. Lakin ADP-nin bu təklifinə müxalifətlə iqtidarın münasibət eyni deyil. Yəni müxalifət nümayəndələri bu dialoqun vacib olduğunu, hakimiyyət sözçüləri isə buna ehtiyac duyulmadığını düşünürlər. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə Müstəqil İnformasiya Agentliyinə deyib ki, ortada hər hansı nəticə olmadığına görə, belə bir dialoqun aparılmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, əgər ortada bir nəticə olacaqsa, yalnız iqtidarla müxalifət arasında deyil, ümumilikdə, bu məsələ ictimai müzakirəyə veriləcək: ?Konstitusiya ilə bu məsələlərlə bağlı səlahiyyətli orqanlar var. Yəni ilk növbdə parlamentin müzakirəsinə veriləcək. Qarabağ probleminin həlli ilə bağlı nəticəyə yaxın olanda, yaxud hər hansı razılaşma əldə edilərsə, ona ictimai dəstək lazım olanda, ictimaiyyətlə məsələnin geniş müzakirəsi keçiriləcək. Hazırda hörmətli prezidentimizin dedikləri sadəcə, müzakirəyə gedən məsələlər barəsində mövqeyidir. Hesab edirəm ki, bu məsələnin müxalifətlə müzakirəsinə ehtiyac yoxdur, çünki danışıqlar davam edir?. A.Mirzəzadə onu da bildirib ki, hazırda cəmiyyətdə və ölkənin ictimai-siyasi təşkilatları arasında dialoq mühiti var. Onun fikrincə, hər hansı məsələnin müzakirəsinə də məhdudiyyət yoxdur: ?Hazırda istənilən məsələ müzakirə edilir. İctimaiyyətdə, mətbuatda, telekanallarda həm hakimiyyət, həm müxalifət, həm də müstəqil insanlar bir-birlərinin mövqeyindən kifayət qədər məlumatlıdırlar. Əgər hansısa siyasi qüvvə, yaxud nüfuzlu mərkəz hakimiyyətlə dialoq aparmaq istəyirsə, ona da problem yoxdur. Bunun üçün hakimiyyətin dəvətini gözləməyə də dəyməz. Hakimiyyətin qapısnı döyüb, onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi apara, bu barədə əlavə məlumatlar ala və öz mövqeyini bildirə bilərlər. Bu gün Azərbaycanda belə taktika ilə işləyən siyasi qüvvələr çoxdur. Buna görə də hesab edirəm ki, ayrıca dəyirmi masa təşkil edib, müzakirə aparmağın dövrü artıq çoxdan keçib?. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə bildirib ki, Qarabağ məsələsi ilə bağlı hakimiyyətlə müxalifətin dialoqu hər zaman mümkündür və vacibdir. KXCP sədrinin fikrincə, bu məsələ birbaşa iqtidarın boynundadır: ?Qarabağ problemi heç vaxt aktuallığını itirməyən məsələdir. Bu dövlət vətəndaşlarındır. İqtidar da, müxalifət də vətəndaşdır. Ona görə də bu cür məsələlərdə fikir ayrlığı ola bilməz. Məsələ ondadır ki, Qarabağ problemi ilə bağlı iqtidar-müxalifət dialoqunun təşkili hər hansı bir partiyanın yox, iqtidarın öhdəsindədir?. M.Mirəlioğlu təəssüflə onu da vurğulayıb ki, hakimiyyətin bu istiqamətdəki cəhdləri sadəcə sözdən ibarət olub, heç bir real addım atılmayıb: ?Qarabağ məsələsi ilə bağlı Milli Məclisdə 2001-ci ildə dinləmələr olub. Ondan sonra hər hansı müzakirə aparılmayıb. Təəssüflər olsun ki, Azərbaycan iqtidarı Qarabağ məsələsini hətta erməni ilə, istənilən anti-türk, anti-Azərbaycan mövqeli qüvvələrlə müzakirə edir, amma öz vətəndaşları ilə heç vaxt müzakirə etməyib. Arzu edirik ki, bu müzakirələr olsun?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA