çingiz Qənizadə Mirzə Sakitin gündəmdə qalmaq üçün ona böhtan atdığını deyir

img

19-04-2009 [09:51]


"Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit ötən gün keçirdiyi mətbuat konfransında cəza çəkdiyi 14-cü kalonun rəhbərliyinin və hüquq müdafiəçisi Çingiz Qənizadənin ünvanına kəskin ittihamlar səsləndirib. Satirik-yazar Ç.Qənizadəni həbsxanada baş verən qanunsuzluqları ört-basdır etməkdə suçlayıb. Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri Ç.Qənizadə bu ittihamlarla razılaşmadığını deyib. Onun sözlərinə görə, Mirzə Sakit həqiqitə uyğun olmayan məsələni qabardıb: "Mənə elə gəlir ki, o, mənə böhtan atmaqla gündəmdə qalmaq istəyir. Amma onun gündəmdə qalması 10 gündən artıq çəkməyəcək. Çox təəssüf edirəm ki, aramızda hələ də bu cür insanlar var. Və təəssüf ki, cəmiyyət və bəzi adamlar bu cür insanlardan yavaş-yavaş qəhrəman düzəldirlər. Həmin məhbusa gəlincə, bu hadisəni təkcə mənə yox, Novella Cəfəroğluna və Səidə xanıma da deyib. Biz bu məsələni həbsxana rəisi ilə aydınlaşdırmağa çalışdıq. O dedi ki, bunlar böhtandır və deyilənlərin heç bir əsası yoxdur. Mən həmin türklə söhbət edəndə o, 20 gün bundan əvvəl belə bir hadisənin olduğunu etiraf etdi. Mən hüquqşünasam, görmədiyim, izi, xətası və ləkəsi qalmayan hər hansı bir fakt haqqında ictimaiyyət içinə çıxıb ağzıma gələni danışa bilmərəm. Lakin bununla belə, biz bu məsələni İctimai Komitənin iclasında qaldırdıq. Yəqin ki, yaxın günlərdə İctimai Komitənin üzvləri də bu barədə öz sözlərini deyəcəklər. Mən kalondan çıxıb, həmin türkün xahişi ilə Türkiyəyə - onun evinə zəng vurdum. Ailəsinə onun hazırda məhbəs həyatı yaşadığını və 39 gün sonra azadlığa çıxacağını bildirdim. Həmin məhbus cəzasını başa vurub, ölkəsinə qayıdanda, məni arayıb, təşəkkürünü bildirdi. Başa düşmürəm ki, Mirzə Sakit tez-tez bu hadisəni xatırlamaqla nəyə nail olmaq istəyir? Mən fakta söykənməyən heç bir məsələni qabarda bilmərəm. Əlimdə fakt olmasa, heç kimi ittiham eləmirəm. 15 ildir ki, insan hüquqlarının müdafiəsi ilə məşğulam və cəmiyyətdə az-çox tanınıram. Bu nüfuzumu ona görə qoruyub-saxya bilmişəm ki, heç vaxt hansısa siyasi xadimin və məmurun əlində oyuncaq olmamışam. Kimlərsə hüquq müdafiəçilərindən alət kimi istifadə etməyə çalışırsa, birdəfəlik yadda saxlasın ki, Çingiz Qənizadə heç vaxt onların səviyyəsinə enməyəcək". Dediyinə görə, Mirzə Sakit nə istəsə, danışa bilər. Amma bu sözlərin 10 günlük ömrü var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA