Qarabağla bağlı sülh sazizinin detalları açıqlanır

img

19-04-2009 [03:36]


Aprelin 22-də ATƏT-in Minsk Qrupunun amerikalı, fransalı və rusiyalı həmsədrləri Bakıya gələcəklər. Siyasi dairələrin fikrincə, bu səfərin məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin may ayındakı görüşündən öncə həmsədrlərin Qarabağla bağlı hazırladıqları sülh sazişinin detallarını bir daha dəqiqləşdirməkdir. Artıq hazır olan sazişdə tərəfləri razı salmayan məqamlarla bağlı həmsədrlər prezidentlərin görüşündən əvvəl son cəhdlərini edirlər. Bu səfər öncəsi ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın prezidentlərin qarşıdakı aylarda iki dəfə görüşmək ehtimalını açıqlaması isə sülh danışıqlarında irəliləyişlərin olmasından xəbər verir. Başqa sözlə, may ayında sazişin son variantı üzərində razılaşacaq prezidentlər, iyun ayında sazişə imza atacaqlar. Bu proseslərə paralel olaraq, Azərbaycan prezidentinin Rusiyaya səfər etməsi də diqqətdən qaçmamalıdır. Bu səfərdə əsas müzakirə mövzusunun Qarabağ problemi olması onu göstərir ki, sülh sazişinin imzalanma ehtimalı böyükdür. Moskvada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin "Vesti" proqramına və İTAR-TASS Agentliyinə müsahibəsində "Biz erməni tərəfi üçün Ermənistan və Dağlıq Qarabağ arasında quru əlaqəsinin olması vacibliyini başa düşürük və burada heç bir problem görmürük. Laçın dəhliziylə bağlı məsələlər səmərəli şəkildə həll oluna bilər",- deməsi də təsadüfi deyil. Prezident bu açıqlaması ilə ermənilərə Laçın dəhlizinin verilməsinə Azərbaycanın razı olduğunu göstərir. Eyni zamanda hər iki ölkənin ictimaiyyətini razı salmaq üçün Dağlıq Qarabağın statusu haqda qərarın qeyri-müəyyən vaxta qədər təxirə salınmasını mümkün hesab edir. Bununla Azərbaycan prezidenti dolyası ilə sülh sazişinin əhatə etdiyi məsələləri də açıqlayıb. Buradan da belə görünür ki, sülh sazişində Dağlıq Qarabağın statusu ən mübahisəli məsələ olduğu üçün tərəflər vəziyyətdən çıxış yolu kimi bununla bağlı qərarın təxirə salınması yolunu seçiblər. Sazişin mətinində Dağlıq Qarabağın müstəqillik qazanması ilə bağlı müddəa olmadığı üçün Azərbaycan ictimaiyyəti bunu həzm edəcəkdir. Eyni zamanda sazişdə Dağlıq Qarabağın birbaşa Azərbaycan tərəfindən idarə edilməsi ilə bağlı məqam olmayacağı üçün erməniləri qıcıqlandırmayacaq. Azərbaycan prezidentinin "Biz anlayırıq ki, münaqişəni həll etmək üçün orada yaşayan adamlar özlərini təhlükəsiz vəziyyətdə hiss etməli, onlar orada özünüidarəetmə imkanına malik olmalıdırlar. Azərbaycanın, həmin adamların həyatına müdaxilə etmək, onlara diktə etmək fikri yoxdur",- deməsi isə ondan xəbər verir ki, Qarabağ ermənilərinin Tatarıstan modelindən də yüksək statsu olacaqdır. Çünki Rusiya istədiyi an Tatarıstana diktə edir. Azərbaycan tərəfi isə həmin adamların həyatına müdaxilə etmək, onlara diktə etmək niyyətində olmadığını açıqlayır. Sülh sazişində Dağlıq Qarabağın statusu ilə bağlı qərarın hər iki tərəfi təmin etməsi məqamının da əksini tapdığı açıqlanıb. Yəni Azərbaycanın razılığı olmadan ermənilər birtərəfli qaydada istədiyi statusu əldə edə bilməyəcəklər. Həm də ermənilərə təminat verilir ki, Azərbaycan onların razılığı olmadan Dağlıq Qarabağın statusunu dəyişdirə bilməyəcək. Prezident ölkə ictimaiyyətini danışıqların mahiyyətindən xəbardar etmək üçün qeyd edib ki, danışıqlar prosesində ərazi bütövlüyünün bərpası, təhlükəsizliyin təmin olunması, bütün qaçqın və köçkünlərin Dağlıq Qarabağın özündə və onun ətrafındakı doğma torpaqlarına qaytarılması və Dağlıq Qarabağın statusunun gələcəkdə həll olunması nəzərdə tutulur. Azərbaycan prezidenti münaqişənin nəticələrinin aradan qaldırılması üçün Ermənistanın işğalçı qüvvələrinin Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərindən kənar ərazilərə çıxarılmasının zəruriliyini söyləyib. Yəni birinci mərhələdə ətraf rayonlar boşaldılacaq. Həmin ərazilərə həmsədr və Azərbaycanla sərhəddi olmayan dövlətlərin sülhməramlı qüvvələri gətiriləcək və məcburi köçkünlər öz yurdlarına qaytarılacaq. Artıq bu məsələdə yaxınlaşmanın olması da mərhələli həllin mümkünlüyünü göstərir. Digər tərəfdən, qarşıdakı müddətdə Azərbaycanda və Ermənistanda seçkilər yoxdur. Onun üçün də prezidentlərin sərbəst hərəkəti gözlənilir. Elə gizli danışıqlarda iştirak edən Metyu Brayzanın "Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həllinə dair baza prinisplərindən o qədər də uzaq deyillər",- deməsi də bunu göstərir. Onu da nəzərə almalıyıq ki, ABŞ-ın yeni prezidenti Barak Obama da münaqişənin nizamlanması prosesində iştirak etməyə cəhd göstərir. Bunun özü də diqqətdən kənarda qalmamalıdır. Yəni Qarabağ məsələsinə münasibətdə ABŞ və Rusiyanın mövqeləri yaxınlaşır. Bu isə o deməkdir ki, indiyə kimi nəticəsiz qalan görüşlər bu dəfə müsbət sonluqla yekunlaşa bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA