11 icra bazçısı Hacıbala Abutalıbova qarzı çıxdı

img

19-04-2009 [03:26]


Paytaxtın 11 rayonunun icra başçısı ayrı-ayrılıqda Prezident Administrasiyasına müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti və onun tabeliyində fəaliyyət göstərən rayon Mənzil-Kommunal Təsərrüfatı birliklərinin ləğvini xahiş ediblər. İcra başçıları müraciətlərində bu qurumların onlara dəstək əvəzinə, mane olduqlarını bildiriblər. İddia ediblər ki, departamentin rəhbəri, Bakı meri Hacıbala Abutalıbovun yaxın qohumu Ənvər Quliyevin kaprizləri rayonda Mənzil Kommunal İstismar sahələrinin (MKİS) fəaliyyətinə süni əngəllər yaradır. Bu müraciət barədə "Reytinq"i Bakı rayonlarının birinin İcra Hakimiyyətinin məsul əməkdaşı məlumatlandırıb. Onun sözlərinə görə, icra başçıları müraciətlərində şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla departament rəhbəri Ənvər Quliyevi zərbə altında qoyan faktları da sadalayıblar: "Xüsusən MKİS rəislərinin təyinatı və rayon ərazilərində aparılan abadlıq və təmir-tikinti işlərində Ənvər Quliyevin korrupsioenr fəaliyyəti önə çəkilib. Bildirilib ki, MKİS rəislərinin təyinatı üçün başçıların əksər vaxtı verdiyi təqdimatlara Ə.Quliyev rədd cavabı verir və özü istədiyi şəxsi bu vəzifəyə göndərir. Başçılar isə həmin adamlarla işləyə bilmirlər. Bu da onların işlərində problemlər yaradır. Digər bir məsələ isə təmir-tikinti işlərindədir. Başçılar iddia edirlər ki, onsuz da bütün işləri rayonun büdcəsi və ya daxili imkanları hesabına özləri görür. Bu zaman həmin işlərə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və onun tabeliyində olan MKİS-lər də səfərbər olunurlar. Yəni onlar işə sadəcə, icraçılıq edirlər. Amma onlar sonradan "forma-2"-lər dolduraraq, guya bu işə maliyyə sərf etmələri ilə bağlı sənədlər hazırlayırlar. Bu yolla dövlət vəsaitləri mənimsənilir. Bu və ya digər faktları əsas tutan başçılar bildirirlər ki, əgər onların fəaliyyəti bundan ibarətdirsə, o zaman belə qurumun mövcudluğu operativ işlərə dəstək yox, maneədir. Onun üçün də həmin qurumlar ləğv edilərək, səlahiyyətləri rayon İcra hakimiyyətlərinə verilməlidir". 11 rayonun icra başçısının hansı səbəbdən indi müraciət etmələrinə gəlincə, mənbə bunu izah etməyə çətinlik çəkib. Ancaq o, digər maraqlı məqama toxunub: "Səhv etmirəmsə, 2000-ci ildə rayon İcra hakimiyyətlərinin strukturlarında dəyişikliklər olunması ilə bağlı prezident tərəfindən fərman verildi. O zaman bu fərmana uyğun olaraq, İcra hakimiyyətlərinin bəzi səlahiyyətləri alınaraq, yeni yaradılan bələdiyyələrə tarşırıldı. Amma fərmandan irəli gələn bəzi islahatlar hansısa səbəbdən aparılmadı. Həmin islahatlara İcra Hakimiyyətində müavinlərin sayının azaldılması və orada aparat strukturunun yaradılması və s. dəyişikliklər daxil idi. İndi deyəsən, qarşıdakı aylarda bu islahatları da həyata keçirmək istəyirlər. Təbii ki, həm də bu amil icra başçılarının hərəkətə gəlməsinə səbəb olub".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA