Bu gündən etibarən ölkə əhalisinin siyahıya alınması prosesi keçiriləcək

img

13-04-2009 [02:08]


Bu gündən etibarən aprelin 22-dək Azərbaycanda əhalinin siyahıya alınması keçiriləcək. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sorğu anketinə 35 sual daxil edilib. Sualların 29-u vətəndaşın özü, 6-sı isə onun mənzil şəraiti ilə bağlıdır. Artıq siyahıyaalma üzrə hazırlıq işləri tam başa çatıb. Proses ölkədə yaşayan bütün insanları əhatə edəcək. Xaricdə yaşayan Azərbaycan vətəndaşları isə səfirliklər vasitəsi ilə siyahıya alınacaq. Mayın 2-ci yarısından başlayaraq siyahıyaalma üzrə sorğu anketləri Dövlət Statistika Komitəsində toplanacaq. Komitədə 200 işçi sorğu vərəqlərini kompüterə daxil edəcək və bir il ərzində araşdırmalar aparılacaq. Araşdırmalar başa çatdıqdan sonra siyahıyaalmanın yekunları dərc ediləcək. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda isə siyahıyaalma məlum səbəbdən baş tutmayacaq. Dağlıq Qarabağda 1989-cu ildə yaşayan 120 min insanın sayı avtomatik olaraq siyahıyaalmanın yekunları ilə bağlı sənədlərə daxil ediləcək. Ümümilikdə isə bu iş üçün Azərbaycan hökuməti 8 milyon manat vəsait ayırıb. 24 min işçinin cəlb olunduğu siyahıyaalınma 2010-cu ilin ortalarında tamamilə başa çatacaq. Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə yerli əhali 1999-cu ilin yanvarında siyahıya alınıb. 2009-cu ilin aprel ayına olan göstəricilərə görə, hazırda Azərbaycanda əhalinin sayı 8 milyon 753 min nəfərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA