12-04-2009 [08:17]
[b]Zakir Fərəcovun müavininin generala və digər səlahiyyət sahiblərinə "ilişməsi" vəziyyəti gərginləşdirib [/b]
Prezidentin İşlər İdarəsinin balansında olan torpaqların satılması ölkədə Torpaq Məcəlləsinin pozulmasının göstəricisi olmaqla yanaşı, həm də bəzi məmurların torpaq alverində iştirak etdiyini təsdiqlədi. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat nəticəsində aşkarlanan bu məsələylə bağlı ictimaiyyətə açıqlanan məlumatlarda isə olayla ilgisi olanların heç də hamısının adının çəkilmədiyi bildirilir.
Məlumatlara görə, MTN-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılan məmurların siyahısı ictimaiyyətə açıqlanandan daha böyük olub. Lakin nüfuzlu şəxslərin məsələyə müdaxiləsindən sonra onların bir hissəsi həbs olunmaq təhlükəsindən qurtula bilib. Baxmayaraq ki, MTN-nin əməliyyatı nəticəsində yüksək vəzifə tutan daha bir neçə məmur da saxlanılıbmış. Eyni zamanda həmin məmurların həbsi daha yüksək vəzifə tutan məmurların da həbsinə yol aça bilərmiş. Ancaq nüfuzlu generallardan birinin müdaxiləsi öz nəticəsini verib və saxlanılanlar haqqında həbs qəti-imkan tədbiri seçilməyib.
Bu məsələylə bağlı redaksiyamıza daxil olan məlumatlar ciddiliyinə və geniş məmur təbəqəsini əhatə etdiyi görə son dəqiqləşdirmələr aparırıq. Hələlik isə məmurların vəzifələrindən sui-istifadə etməklə özlərinin və yaxınlarının adlarına torpaq sahələri ələ keçirmələri haqqında redaksiyamıza daxil olan bir məlumatla oxucularımızı tanış edirik.
Məlumata görə, Abşeron rayon icra hakimiyyəti başçısının birinci müavini Sərvis Süleymanov bu rayonda özünün və ailə üzvülərinin adlarına torpaq sahələri rəsmiləşdirib. Belə ki, Abşeron rayonunun Fatmai kəndi ərazisində Sərvis Süleymanovun özünün, həyat yoldaşının və bacısının adına torpaq sahələri götürməsi haqqında redaksiyamıza məlumat verən mənbə bunu təsdiq edən sənədləri də təqdim edəcəyini bildirdi.
Həmin şəxsin sözlərinə görə, əslən Naxçıvandan olan Sərvis Süleymanov əvvəllər Sumqayıt şəhərindəki Mənzil-İstismar sahələrindən (MİS) birinə rəhbərlik edib. Abşeron rayonunun indiki icra başçısı Zakir Fərəcovla Sərvis Süleymanovun münasibətlərinin təməli də Sumqayıtda qoyulub. Belə ki, Z.Fərəcov Sumqayıt şəhər bələdiyyəsinin sədri işlədiyi zaman S.Süleymanov da MİS rəisi olub və bu iki şəxs arasında mövcud olan işgüzar münasibət sonradan dostluğa çevrilib. Z.Fərəcovun Abşeron rayon icra hakimiyyətinin başçısı təyin olunması isə dostlar qarşısında geniş imkanlar açıb. Deyilənə görə, Təhmasib Rüstəmov Abşeron rayon icra başçısının birinci müavini olduğu zaman Z.Fərəcov kadr təyinatlarını istədiyi kimi həyata keçirə bilmirmiş. T.Rüstəmovun əvvələr Prezidentin İcra Aparatında məsul vəzifədə çalışması və bu səbəbdən istər idarəetmə, isətərsə də hakimiyyətin yüksək dairələrində əlaqə baxımından icra başçısını üstələməsi Z.Fərəcovun istədiyi kimi kadr təyinatları həyata keçirməsinə mane olurmuş. Buna görə də, başçı ilə müavini arasında münasibətlər gərgin olub. Abşeron rayon sakinlərinin müxtəlif sosial problemlərlə bağlı narazılığı isə icra başçısının mövqeyini zəiflətdiyi üçün, Z.Fərəcovun əsas alternativi kimi T.Rüstəmovun mövqeyini gücləndirirmiş.
Məlumatlara görə, hətta bəzi yüksək vəzifəli məmurlar Z.Fərəcovun T.Rüstəmovla əvəzlənməsini də müzakirə ediblər. T.Rüstəmov onun icra başsıçı təyin olunması haqqında bəzi məmurların müzakirəsini arzularının reallaşacağı kimi qəbul etsə də, bu, onun üçün acınacaqlı sonluqla bitib. Müavininin onun vəzifəsini tutmaqda iddialı olduğundan xəbər tutan Z.Fərəcovun daha ehtiyatlı hərəkət etməsi və himayədarlarını hərəkətə gətirməsi nəticəsində əsas rəqibini zərərsizləşdirə bilib. T.Rüstəmovu vəzifədən kənarlaşdırmağa nail olan Z.Fərəcov bir daha belə problemlə üzləşməmək üçün köhnə dostu S.Süleymanovu özünün birinci müavini vəzifəsinə gətirib. S.Süleymanov həqiqətən də Z.Fərəcov üçün rəqib olmadığından icra başçısı birinci müavindən gələ biləcək təhlükə və problem məsələsini birdəfəlik həll etdiyini düşündüyü zaman başqa problemlə üzləşib. Belə ki, əgər əvvəlki müavini T.Rüstəmovun onun vəzifəsini tutmağa iddialı olması səbəbindən problemlə üzləşmişdisə, bu dəfə S.Süleymanovun bəzi hərəkətlərinin ciddi nəticələrə səbəb ola biləcəyi gündəmə gəlib. Məsələn, məlumatlara görə, S.Süleymanovun yüksək vəzifə tutan bir generala məxsus torpaq sahəsinin hasarını sökdürməsi Z.Fərəcovu çətin vəziyyətdə qoyub. Çünki Z.Fərəcovun icra başçısı təyin olunmasında həmin generalın müstəsna rolu olub. Bildirilir ki, bəzi nüfuzlu şəxslərin məsələyə müdaxiləsi və təqsirkarların xahişlərindən sonra general abşeronlu məmurları bağışlayıb.
Z.Fərəcov S.Süleymanovun yaratdığı bu problemdən qurtulsa da, birinci müavininin bəzi bank rəhbərləri və Fövqəladə Hallar Nazirliyinin aparıcı məmurları ilə əlaqələrinin sonda daha böyük problemlərə səbəb olacağından ehtiyat edir. İcra başçısının ehtiyat etdiyi məsələlərin nədən ibarət olmasına aydınlıq gətirməyə çalışacağıq.
Son zamanlar ölkə rəhbərliyinin torpaqların alqı-satqısına diqqəti artırması icra başçısının narahatlıqlarının əsassız olmadığından xəbər verir. Əgər ölkə rəhbərliyi MTN kimi mühüm bir qurumun qanunsuz torpaq alverinə qarşı mübarizəsini sanksiyalaşdırırsa, deməli, Z.Fərəcovun narahatlığına ciddi əsas var.
NİHAT