Bu gün qaraçılar üçün beynəlxalq bayramdır

img

08-04-2009 [03:19]


8 aprel tarixi dünyanın bəzi yerlərində Beynəlxalq qaraçılar günü kimi qeyd edilir. 1971-ci ilin məhz bu günündə 30-dək ölkədən olan qaraçıların nümayəndələri birləşərək Dünya qaraçılarının konqresi adlı təşkilat yaradıblar. Qeyd edək ki, qaraçıların tarixi vətəni Hindistandır. 12-ci əsrdən başlayaraq onlar bütün dünya ölkələrinə səpələniblər. Bu etnik qrupun nümayəndələri hazırda oturaq, köçəri və yarımköçəri həyat sürürlər. Təxmini məlumatlara görə, dünyada 3 milyondan çox qaraçı yaşayır. Onların öz dilləri və adət-ənənələri var. Qaraçılar da yəhudilər kimi II Dünya Müharibəsi zamanı kütləvi şəkildə soyqırıma məruz qalıblar. Dilənçiliklərinə görə Adolf Hitlerin qəzəbinə tuş gələn qaraçılar almanların işğal etdikləri ölkələrdə sorğu-sualsız güllələniblər. Qaraçılar XVII əsrdə keçmiş SSRİ respublikalarına yayılıblar. Bu gün MDB-də 300 minə yaxın qaraçı yaşayır. 1926-cı ildə SSRİ Xalq Komissarları Soveti onları oturaq həyat tərzinə keçirmək üçün xüsusi qərar çıxarsa da, qaraçılarla bacarmaq mümkün olmayıb. Qaraçıların zəngin musiqi yaradıcılığı var. Əsl qaraçı adətlərinə görə, kişilər evdə oturmalı, qadınlar və uşaqlar isə pul qazanmalıdırlar. Qaraçı qadınları pulu əsasən dilənçilik və falçılıqla qazanırlar. Qaraçıların əksər ailələri çoxuşaqlıdır. Onlar Azərbaycana 1963-cü ildə Qazaxıstandan gəliblər. O zaman ölkə rəhbərliyinin qərarı ilə köçəri qaraçıları əsasən Yevlax şəhəri ətrafında yerləşdiriblər. Lakin yavaş-yavaş yerli mühitə uyğunlaşan qaraçı tayfaları qısa zamanda digər rayonlara da yayılıblar. İndi onlara Bakı, Sumqayıt, Bərdə, Göyçay, Ağsu, Ağdaş, Gəncə və Xaçmazda da rast gəlmək mümkündür. Rəsmi qurumlarda ölkəmizdə nə qədər qaraçının yaşadığı barədə dəqiq məlumat yoxdur. Azərbaycandakı qaraçıların əksəriyyəti hələ də nə vətəndaşlıq alıb, nə də pasport qeydiyyatına düşüb. Bir yerdə qərar tuta bilməyən qaraçıların köç etməsi artıq çətinləşib. Sərhədlər bağlandıqdan sonra onlar hətta Azərbaycandan digər MDB ölkələrinə belə gedə bilmirlər. Bakı şəhərində qaraçı qadın və uşaqların dilənçilik etməsinin tez-tez şahidi oluruq. Bakı şəhər Baş Polis İdarəsi mütəmadi olaraq onlarla bağlı reydlər keçirsə də, dilənçiliyə öyrəşənlərlə bacarmaq mümkün deyil. İdarədən verilən məlumata görə, hər il təkcə Bakı şəhərində 2000-dək dilənçi saxlanılır. Saxlanılan dilənçilərin kimliyi araşdırılarkən onların 90 faizinin Yevlax və ona yaxın rayonlarda yaşayan qaraçılar olduğunu müəyyənləşir. Polisin saxladığı qaraçılar gəldikləri rayonlara qaytarılsalar da, onlar dilənmək üçün təkrar paytaxta üz tuturlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA