Təhlükəsizlik Şurasının son iclasının mahiyyəti gizli saxlanılır

img

07-04-2009 [06:38]


[b]İqtidara yaxın mənbə deyir ki, Şuranın iclasında Qarabağ problemi ilə bağlı yeni detallar müzakirə edilib[/b] Aprelin 6-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilidi. Qarabağla bağlı danışıqların intesivləşdiyi və may ayında Azərbaycan-Ermənistan prezidentlərinin görüşünün nəzərdə tutulduğu bir məqamda Təhlükəsizlik Şurasının iclasının keçirilməsi birmənalı qarşılanmadı. Hakimiyyətyönlü deputatlardan birinin MİA-ya bildirdiyinə görə, Təhlükəsizlik Şurasının iclası əsasən Qarabağ problemi ilə bağlı olub. Orada həmsədrlərin Azərbaycana təqdim etdikləri sülh sazişi layihəsi də müzakirə edilib. Azərbaycan tərəfi layihədə əksini tapmasını vacib saydıqları məqamları bir daha müzakirə edib. Təhlükəsizlik Şurasının iclasında prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Novruz Məmmədovun iştirak etməsi də bununla əlaqələndirilir. Azərbaycan tərəfi Təhlükəsizlik Şurasında vacib məqamları bir daha müzakirə edərək, bu gün ölkəmizdə olan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin diqqətinə çatdırıblar. İqtidaryönlü deputatın bu ehtimalını müstəqil ekspertələr də mümkün saydılar. Məsələydə bağlı fikirlərini bizimlə bölüşən politoloq Zərdüşt Əlizadə öncə İlham Əliyevin Türkiyə səfərindən imtina etməsi məsələsinə toxunub: ?Əgər ölkə başçısının Türkiyə səfərindən imtinası Qarabağ məsələsi ilə bağlıdırsa, mən burada çox qəribə bir təzad görürəm. Azərbaycanın dövlət maraqları tələb edir ki, Qarabağ qaytarılsın. Amma eyni zaman Türkiyənin də özünün dövlət maraqları var və buna uyğun addımlar atmalıdır. Ola bilsin ki, bu gün Türkiyənin dövlət maraqları bir qədər fərqli addımlar atmağı tələb edir. Burada təəccüblü bir şey yoxdur. Biz gözləməməliyik ki, Türkiyə bu məsələni həll edəcək, yaxud ömür boyu bizim mövqeyimizdən çıxış edəcək. Bir dövlət kimi Qarabağ məsələsinin həll olunması üçün zəruri olan işləri görməliyik. Məsələ ondadır ki, biz o addımları atmırıq?. Təhlükəsizlik Şurasının son iclasına münasibət bildirən Zərdüşt Əlizadə deyib ki, sözügedən toplantıda Qarabağ məsələsinin müzakirəsi istisna olunmur. Z.Əlizəda onu da qeyd edib ki, onsuz da ictimaiyyətdən nəyisə gizlətmək mümkün deyil: ?Hər kəs, hər şeyi bilir və xarici, daxili siyasəti görürlər. Yəni ictimaiyyətdən nəyisə gizlətmək mümkünsüzdür. Bir də, bu təkcə Azərbaycanın daxili işi deyil ki, gizli saxlanılsın. Mənə elə gəlir ki, Təhlükəsizlik Şurasının iclası daha çox xarici təsirə köklənmiş bir toplantı idi. Sözsüz ki, burada Qarabağ məsələsi də var?. Müsavat Partiyasının başqan müavini, politoloq Qabil Hüseynli də MİA-ya açıqlamasında sözügedən iclasda Qarabağ məsələsinin müzakirə edilməsinin mümkün olunduğunu deyib. Amma Q.Hüseynli məsələnin hansı aspektdən müzakirə olunduğunu söyləməkdə çətinlik çəkdiyini vurğulayıb: ?Qarabağ məsələsinin hərbi aspektləri, siyasi tərəfləri müzakirə oluna bilər. Güman edirəm ki, məsələyə hər halda regionda formalaşmaqda olan vəziyyət kontekstində baxılıb. Məsələn, Ermənistanla Türkiyə sərhədlərinin açılması məsələsi, buna cavab tədbirləri nə ola bilər, bax, bu məsələlər müzakirə edilə bilər. Sonra Amerikanın sərhədlərin açılmasında təkid etməsi müqabilində Azərbaycanın üzünün Rusiyaya çevirməsi, əlaqələrin dərinləşdirilməsi məsələsi müzakirə predmeti ola bilər. Yəni bütövlükdə formalaşmaqda olan yeni geosiyasi vəziyyətin tələblərinə uyğun olaraq, Azərbaycanın atacağı addımların müzakirəsi mümkündür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA