ilham Əliyevin sədrliyi ilə aprelin 6-da Təhlükəsizlik Şurasının iclası keçirilib

img

06-04-2009 [10:24]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 6-da Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İlham Əliyev iclasda qeyd edib ki, ümumxalq səsverməsi - referendum və Azərbaycan xalqının qoyulan məsələlərə münasibəti bir də onu göstərir ki, Azərbaycanda xalqla iqtidar arasında vəhdət möhkəmlənib, güclənib və bu da çox sevindirici haldır: ?Bütün bunları biz gündəlik həyatda görürük, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasında, ictimai-siyasi vəziyyətin düzgün istiqamətdə inkişaf etməsində görürük. Əlbəttə, bu, bizə əlavə imkan yaradır ki, islahatları daha da uğurla aparaq. Azərbaycan öz müstəqil siyasətini milli maraqlar üzərində qurubdur. Milli maraqların qorunması bizim üçün ən başlıca, ən ümdə vəzifədir və bu istiqamətdə ölkəmiz böyük nailiyyətlər əldə edibdir. Müstəqil siyasət aparmaq imkanlarımız Azərbaycanın hərtərəfli inkişafına çox böyük töhfə verir. Biz istər ölkədaxili, istər xarici siyasətlə bağlı məsələlərdə müstəqil qərar qəbul etməklə Azərbaycan xalqının milli maraqlarını maksimum dərəcədə müdafiə edirik və bundan sonra da bu siyasət davam etdiriləcəkdir. Artıq həm region müstəvisində, həm də dünyada bəllidir ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan öz müstəqil siyasətini davam etdirir. Bu siyasət həm ölkəmizin inkişafına xidmət göstərir, həm də digər ölkələrlə münasibətlərimiz uzunmüddətli əsaslarla çox düzgün qurulur. Azərbaycanın siyasəti proqnozlaşdırıla bilən siyasətdir, Azərbaycanın siyasəti bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına yönəldilibdir. Regional məsələlərə gəldikdə, artıq həyat göstərib ki, bizim təşəbbüsümüzlə irəli sürülən nəhəng transmilli enerji, nəqliyyat layihələri və siyasi təşəbbüslər uğurla icra olunur. Azərbaycanın iştirakı olmadan, əlbəttə ki, bu böyük geosiyasi əhəmiyyətə malik olan təşəbbüslər heç vaxt icra oluna bilməzdi. Bizim iradəmiz, siyasi yanaşmamız, o cümlədən bizim ciddi iştirakımızla yaranmış uğurlu regional əməkdaşlıq meyilləri - bütün bunlar regionda yeni reallıqları mümkün edibdir. Regional məsələlərdə Azərbaycan siyasəti həmişə, bütün zamanlarda çox açıq, aydın olub və bölgənin bütün ölkələrinə xeyir gətirən siyasət olubdur. Əlbəttə, biz regionda baş verən və baş verə biləcək hadisələri izləyirik. Regionda mümkün olan geosiyasi dəyişikliklər bizim tərəfimizdən izlənilir və lazımi tədbirlər görülür. Bir də demək istəyirəm ki, bu istiqamətdə Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt əl çəkməyəcəkdir. Bizim ölkəmiz, - artıq həyat bunu sübut edib, - heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayıb, qarışmır və gələcəkdə də bizim belə niyyətimiz yoxdur. Eyni zamanda, Azərbaycan başqa ölkələr arasındakı ikitərəfli münasibətlərə heç vaxt müdaxilə etməyib və etməyəcəkdir. Ancaq bununla bərabər, regionda yaranan, yaxud da yarana biləcək vəziyyətə uyğun şəkildə öz siyasətimizi aparmaq bizim təbii hüququmuzdur və bu hüquqdan istənilən formada istifadə edəcəyik. Azərbaycan bölgədə sabitləşdirici rolunu oynayır. Bunu artıq həyat göstəribdir. Keçən il Cənubi Qafqazda yaşanan siyasi və hərbi böhran Azərbaycana öz mənfi təsirini göstərməmişdir. Düzdür, müəyyən, qısa müddət ərzində bizim enerji və nəqliyyat imkanlarımız məhdudlaşdı, ancaq biz çevik siyasət aparmaqla, qısa vaxt ərzində yeni nəqliyyat istiqamətlərini işə sala bildik. Beləliklə, ən az itkilər verməklə o vəziyyətdən şərəflə çıxdıq, iqtisadi maraqları qoruduq. Onu da deyə bilərəm ki, Azərbaycan bir daha etibarlı tərəfdaş və sabitləşdirici amil kimi öz rolunu göstərə bilmişdir. Hazırda dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüyübdür. Böyük ölkələr, kiçik ölkələr, region ölkələri bu böhrandan əziyyət çəkir. Hamımız yaxşı bilirik ki, müxtəlif ölkələrdə iqtisadi və sənaye tənəzzülü 20, 30, 50 faizlə ölçülür. Ölkələrin milli valyutaları qiymətdən düşür. O cümlədən MDB məkanında, bizim regionumuzda milli valyutalar 10 faiz, 20 faiz, 30 faiz, 50 faiz səviyyəsində qiymətdən düşür. Bu nə deməkdir?! O deməkdir ki, milli pul qiymətdən düşdükcə, alıcılıq qabiliyyəti də azalır və beləliklə, insanlar bundan birbaşa əziyyət çəkirlər. Azərbaycanda isə vəziyyət tam başqadır. Bizim milli valyutamız ? manatımız sabitdir və sabit olaraq qalacaqdır. Bütün dünyada, demək olar ki, dünya ölkələrində 2009-cu ilin birinci rübündə iqtisadi tənəzzül müşahidə edilir, Azərbaycanda isə iqtisadi artım müşahidə olunur. Bəzi bədxahlar - Azərbaycana paxıllıqla yanaşan və bizim uğurlarımızı qəbul etmək istəməyən dairələr, adətən, Azərbaycanın uğurlu iqtisadi inkişafını neft amili ilə bağlayırlar. İndi neftin qiyməti 3-4 dəfə aşağı düşübdür. Bu il müəyyən səbəblərə görə Azərbaycanda neft hasilatı aşağı düşübdür. Amma buna baxmayaraq, Azərbaycanın iqtisadiyyatı artır. Birinci rübün ilkin rəqəmləri artıq mənə çatdırılıb, indi tam təhlil aparılır. Rəqəmlər göstərir ki, birinci rübdə Azərbaycanda qeyri-neft sektorunda 14 faiz artım var. Budur bizim iqtisadi və siyasi islahatlarımızın nəticəsi. Budur real iqtisadiyyatı şaxələndirmə siyasətinin nəticəsi. Biz buna nail ola bilmişik. Daxili istehsalı təşviq etməklə, kreditlərin verilməsini təmin etməklə, özəl sektorun maraqlarını müdafiə etməklə və digər tədbirlər nəticəsində neft amilindən asılılığımızı xeyli dərəcədə azalda bilmişik. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha böyük addımlar atılacaqdır. Yəni nə siyasi, nə hərbi, nə iqtisadi böhran müstəqil Azərbaycan dövlətinə təsir etmir və biz çalışmalıyıq ki, mümkün olan təsiri maksimum dərəcədə azaldaq. Əlbəttə ki, bu müddət ərzində biz müəyyən çətinliklər çəkən müəssisələrə əlavə yardımlar etməliyik, o cümlədən onları maliyyə resursları ilə təmin etməliyik. Sosial cəhətdən ən az təmin olunmuş insanlara ünvanlı sosial yardımın məbləği gələcəkdə daha da artırılmalıdır. Sosial müdafiə məsələləri həmişəki kimi diqqət mərkəzində olacaqdır. Beləliklə, mən əminəm ki, Azərbaycan bu çətin, qlobal maliyyə və iqtisadi böhrandan şərəflə, üzüağ çıxacaqdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA