YAP-çı deputatlar hücuma keçir

img

05-04-2009 [07:23]


[b]2010-cu ilə kimi parlamentdə çox qarşıdurmaların şahidi olacağıq [/b] Tez-tez YAP-çı deputatlarla hakimiyyətin ayrı-ayrı qolları arasında müxtəlif problemlər yaranır. Növbəti parlament seçkilərinin vaxtı yaxınlaşdıqca bu problemlər daha intensiv xarakter alır. Seçicilərin rəğbətini qazanmaq istəyən bəzi millət vəkilləri son vaxtlar istər parlamentdə, istərsə də Milli Məclisdən kənarda daha çox fəallıq göstərməyə başlayıblar. Aldığımız məlumatlara görə, 2010-cu ildə yenidən deputat seçilmək istəyən parlament üzvlərindən biri də Gülər Əhmədovadır. Deputat xanıma yaxın olan şəxslərdən birinin qəzetimizə verdiyi məlumata görə, G.Əhmədova gələn il də Yasamal seçicilərinə üz tutacaq. Mənbə deyib ki, Gülər xanım bununla bağlı artıq siyasi hakimiyyətin də razılığını alıb. Müsahibimiz adıçəkilən Milli Məclis üzvünün son vaxtlar daha da fəallaşmasını onun seçicilərin rəğbətini qazanmaq istəməsi ilə əlaqələndirib. Mənbənin sözlərinə görə, təkcə G.Əhmədova deyil, əvvəllər "kölgəyə çəkilmiş" digər millət vəkilləri də artıq ictimai rəylə hesablaşmağa başlayıblar: "Bir müddət əvvələ kimi Milli Məclisdə qanun layihələrinin müzakirəsi çox sönük keçirdi. Amma indi deputatlar çıxış etmək üçün az qalır ki, əlbəyaxa olsunlar. Cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən bəzi deputatlar qanunların müzakirəsi zamanı da spikerdən söz istəyirlər. Hamı özünü seçicilərə göstərməyə çalışır". Mənbə G.Əhmədovanın da bu kampaniyanın ən fəal iştirakçılarından olduğunu deyib. Onun sözlərinə görə, deputat xanım seçicilərin xoşuna gəlmək üçün hətta ayrı-ayrı hakimiyyət nümayəndələri ilə münasibətlərini korlamaqdan da çəkinmir: "Əgər xatırlayırsınızsa, Gülər xanım bir müddət əvvəl Milli Məclisdə çıxış edərək, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin ünvanına kəskin ifadələr səsləndirmişdi. Həmin vaxt o, icra başçısının rayondakı yaşıllıqları "tikinti mafiyası"na satdığını deyərək, onu sərt şəkildə tənqid etmişdi. Deputatın bu jesti yasamallılar tərəfindən rəğbətlə qarşılanmışdı. İbrahim Mehdiyev Gülər Əhmədovanın bu jestinin 2010-cu ilə hesablandığını bildiyi üçün hadisəyə sərt reaksiya verməmişdi". Müsahibimiz YAP-çı deputatın martın 13-də Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı səhiyyə naziri Oqtay Şirəliyevi tənqid atəşinə tutmasını da bu kampaniyanın tərkib hissəsi kimi qiymətləndirib: "Gülər xanım həmin gün səhiyyə sistemində acınacaqlı vəziyyətin hökm sürməsindən gileyləndi. O, hətta həkimlərin və orta tibb personalının səviyyəsini şübhə altına aldı. Onun həkimlərimizin iqtisadi göstəricilərinə görə Azərbaycandan xeyli geridə qalan Gürcüstanda kurslar keçməsini təklif etməsi Səhiyyə Nazirliyi üçün ağır zərbədir. Maraqlıdır ki, deputat bu fikirləri Oqtay Şirəliyevin də iştirak etdiyi iclasda səsləndirdi". Məlumatlı şəxs parlament üzvünün səhiyyə nazirini hədəfə götürməsinin kökündə daha ciddi səbəblərin dayandığını deyib. Qeyd edib ki, O.Şirəliyev bir neçə il əvvəl G.Əhmədovanın sözünü yerə saldığı üçün deputat ondan qisas almaq istəyir: "Gülər xanımın sabiq səhiyyə naziri Əli İnsanovla normal münasibətləri olub. Əli İnsanov Gülər Əhmədovanın ixtisasca həkim olan bir neçə qohumunu paytaxtın müxtəlif səhiyyə ocaqlarında işə düzəldib. Deputatın bacısı isə Səhiyyə Nazirliyində çalışırdı. Oqtay Şirəliyev nazir postuna yiyələndikdən sonra həmin şəxslərə qarşı hücuma keçdi. O, hətta deputatın israrlı xahişlərini də nəzərə almadı. Gülər Əhmədovanın Milli Məclisin iclasında azərbaycanlı həkimləri savadsız adlandırmasının əsas səbəbi də budur". Sonda mənbə Milli Məclisin növbəti iclaslarında G.Əhmədovanın digər iqtidar təmsilçilərinə də hücum edəcəyini istisna etməyib: "2010-cu il yaxınlaşdıqca, biz parlamentdə hələ çox qarşıdurmaların şahidi olacağıq". ?Reytinq?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA