Vərəm xəstələrinin sayı artır

img

31-03-2009 [09:01]


[b]Əhalinin istifadə etdiyi yeraltı keçidlərdə və Binə ərazisindəki ticarət obyektlərində vərəmin yayılması üçün əlverişli şərait mövcuddur [/b] Hər il dünyada minlərlə insan vərəm xəstəliyindən dünyasını dəyişir. Təəssüf ki, Azərbaycanda da vərəm qurbanlarının sayı sürətlə artır. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, vərəmə yoluxmuş xəstələrin 85 faizi 27 ölkənin payına düşür. Bu ölkələrin arasında Azərbaycanın da adı var. Tibb elmləriədoktoru, professor Adil Qeybulla açıqlamasında vərəm xəstəliyinin son dövrlər ölkədə geniş vüsət aldığını bildirdi. Onun sözlərinə görə, vərəm xəstəliyi Azərbaycana əsasən Rusiya ərazisindən keçir: "Vərəmli xəstələrin sayının çoxluğuna və xəstəliyin davamlı formasının yayılmasına görə, Azərbaycan dünyada birinci yeri tutur. 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində yeni antibiotikin kəşf olunması ilə vərəmin müalicəsində dönüş yarandı. Ötən əsrin 60-cı illərində vərəm artıq tam həll olunmuş bir problem sayılırdı. Lakin 1980-1990-cı illərdə Rusiya həbsxanalarında vərəmin antibiotikə davamlı, vərəm əleyhinə mövcud dərmanlara tabe olmayan forması aşkar olundu. Azərbaycanlılar daha çox Rusiyaya miqrasiya etdiklərindən sözügedən xəstəlik həmin ölkənin həbsxanalarından, bazarlarından Azərbaycana ayaq açdı. Doğrudur, bu gün Azərbaycanda kifayət qədər vərəm əleyhinə dispanserlər fəaliyyət göstərir. ÜST tərəfindən 2013-cü ilə qədər dünyada 15 milyon adamın vərəmdən həyatını itirəcəyi proqnozlaşdırılır. Bu heç də kiçik rəqəm deyil. Artıq növbəti bir həyəcan siqnalı çalınır. Bununla bağlı çox ciddi işlər gedir. Vərəmin yayıldığı ölkələrə ÜST tərəfindən xüsusi yardımlar edilir. Bir şeyi də nəzərə almaq lazımdır ki, bununla əlaqədar əhali arasında təbliğat gücləndirilməlidir. Bəzi vərəmli xəstələr xəstə olduqlarını gizlədirlər, müalicədən yayınırlar. Bu isə təbii ki, mənfi nəticələrə səbəb olur. Bütün bu məsələlərdə kütləvi informasiya vasitələri, səhiyyə orqanları, dövlət qurumları, ictimai təşkilatlarla yanaşı, sıravi vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Hər kəs bu məsələdə fəal olmalıdır. Digər tərəfdən, ölkədə əhalinin kütləvi şəkildə istifadə etdiyi yeraltı keçidlərdə, Binə ərazisində yerləşən ticarət obyektlərində vərəmin yayılması üçün əlverişli şərait mövcuddur. Vərəm adətən nəmişli və havasız mühitdə sürətlə yayılır". Professor Azərbaycanda vərəm əleyhinə istifadə olunan dərmanların keyfiyyətinin aşağı olduğunu da söylədi: "Əfsuslar olsun ki, ölkəmizdə vərəm əleyhinə olan dərmanların keyfiyyəti çox aşağıdır. Bu dərmanlar aptek şəraitində satılmır. Bir qayda olaraq onlar ixtisaslaşdırılmış xəstəxanalara verilir. Həmin dərmanların keyfiyyətinə görə Səhiyyə Nazirliyinin müvafiq qurumları məsuliyyət daşıyırlar. Əsas istifadə olunan dərman preparatı Hindistan istehsalıdır. Lakin həmin preparatın Almaniya istehsalından istifadə etmək daha məqsədəuyğundur". Sonda A.Qeybulla xəstəliyin müalicəsinə dövlət tərəfindən kifayət qədər vəsait ayrıldığını, lakin bu sahədə xüsusi proqramlarının hazırlanmalı olduğunu vurğuladı: "Azərbaycan kimi kiçik bir ölkənin müvafiq durumunda bu xəstəliyin müalicəsi üçün dövlət tərəfindən az vəsait ayrılmır. Lakin vərəm əleyhinə xüsusi proqramlar hazırlanıb dövlət tərəfindən maliyyələşdirilməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA