Son vaxtlar Azərbaycanda intihar hallarının sayı xeyli artıb

img

31-03-2009 [03:04]


Son dövrlər dünyada intihar hadisələrinin sayı artan dinamika ilə inkişaf edir. Mütəxəssislər intiharların artacağı ilə bağlı əvvəlcədən proqnoz verdiklərini deyirlər. Respublikanın baş psixiatrı Gəray Gəraybəylinin sözlərinə görə, dünya psixiatriya assosiasiyasının konqresində 21-ci əsri ?depressiya və intiharlar əsri? adlandırıblar. Ümumiyyətlə isə dünyada özünə qəsd hadisələrinin sayına görə Postsovet ölkələri öndə gedir. Bu sırada birincilik Litvaya məxsusdur. Bu ölkədə intiharların sayı hər yüz min nəfərə - 42-dir. Onluğu isə müvafiq olaraq 36 nəfərlə Rusiya , 30 nəfərlə Qazaxıstan, 28 nəfərlə Macarıstan, 26 nəfərlə Latviya və Sloveniya , 25 nəfərlə Ukrayna, 24 nəfərlə Yaponiya və 21 nəfərlə Estoniya qapayır. Azərbaycanda isə intiharların sayı barədə məlumat verilmir. Daxili İşlər Nazirliyi statistikanın prokurorluqda aparıldığını desə də, adıçəkilən qurum bu barədə məlumatların yayılmasının məqsədəuyğun hesab edilmədiyini bildirir. Amma son müşahidələr göstərir ki, Azərbaycanda da intihar hadisələrinin sayı narahatlıq doğuracaq qədər ciddi xarakter alır. Bu narahatlıq özünü əsasən şimal və cənub regionlarında göstərir. Özünə qəsd edənlərin əksəriyyəti isə 18-25 yaş arasında olan gənclərdir. Psixoloqlar intihara gətirib çıxarmanı bir neçə səbəblə əlaqələndirirlər. Məşhur psixoloq Ziqmund Freyd intiharı sosial mühitdə olan savaş və narazılıqlarla əlaqələndirərək ona belə bir tərif verir: ?Özünəqəsd şəxsiyyətin mühitlə konfliktinin nəticəsidir?. Freyd intiharı cavab verilməməli emosiya adlandırır. Bəli, insanı intihara sövq edən də məhz emosiyalarıdır. Ümumiyyətlə baş verən analoji hadisələrdə səbəb kimi hüquq-mühafizə orqanları müxtəlif versiyaları araşdırır. Psixiatr Gəray Gəraybəyli bildirir ki, motivə baxanda görünür ki, intiharların 25 faizi tibbi aspektlərlə bağlıdır, yəni xəstəliyinə görə insan intihar edir: ?Amma burada həmçinin ailə münaqişəsi, iqtisadi və sosial problemlər durur?. Son addım kimi qiymətləndirilən intihara insanı sövq edən səbəblər içərisində əsas yerlərdən birini də ailə-məişət münaqişəsi tutur. İntiharlar hadisələrinin araşdırılması ilə məşğul olan mütəxəssislərin fikrincə, buraya sosial durumu da əlavə edəndə çıxılmaz vəziyyətdə qalan insanın məhz bu yolu seçdiyi bəlli olur. Baş psixiatr Gəray Gəraybəyilinin sözlərinə görə, bu faktlardan biri insanın özünə qəsdinə səbəb ola bilməz. Burada həmçinin insanların bir-birinə olan münasibəti də mühüm rol oynayır. Gənclərin intiharına isə bir neçə amil səbəb olur. Bu hadisə xüsusilə də keçid yaş dövri yaşayan yeniyetmələrə aiddir. Məhəbbətinə qarşılıqlı cavab almadıqda və yaxud ailədə ən xırda problemlərlə qarşılaşdıqda gənc özünə qəsd edə bilər. İntiharların artmasında kütləvi informasiya vasitələrinin də xüsusi yeri var. Baş psixiatrın sözlərinə görə, televiziyalarda göstərilən filmlərdə qəddarlıq səhnələri xüsusilə uşaqların psixikasına təsir edir: ?Televiziyalarda filmləri araşdırın, 70 faizi qəddarlıq və pis səhnələrdir, normal münasibətləri aşılayan kinolar yox dərəcəsindədir?. Özünə qəsdlə bağlı olan kadrların açıq yayımı da intihara maraq yaradan amillərdəndir. Təbii ki, bu məsələdə elektron kütləvi informasiya vasitələrinin üzərinə çox böyük məsuliyyət düşür. Amma elə bir o qədər məsuliyyət də valideynlərin. Hər halda, ailə başçıları uşaqlarının televiziyada daha çox nəyə baxdıqlarının fərqində olmalıdırlar. Əslində bu təkcə bizim yox, həm də mütəxəssislərin fikridir. Hər il dünyada 60 milyon insan intihara cəhd edir. Lakin bunlardan bir milyonu öz istəyinə çatır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir. Dünən ümidsizlik Bakıda daha bir gəncin həyatına son qoydu. Axşam saatlarında Qaradağ rayon sakini, hərbi xidmətdən yeni qayıtmış və heç bir yerdə işləməyən 20 yaşlı Telman Qədirov özünü yaşadığı mənzilin zirzəmisindən asdı. Meyitə baxış zamanı onun cibindən belə məzmunda yazı tapılıb: ?Yaşayamaq çətindir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA