NAZiRLƏR KABiNETi MiLLi MƏCLiSDƏ HESABAT VERDi

img

13-03-2009 [07:20]


Martın 13-də Milli Məclisin növbəti iclasında Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatı dinlənilmişdir. Hökumətin hesabatı kitab halında çap olunaraq deputatlara paylanmışdı. Milli Məclisin sədri OQTAY ƏSƏDOV iclası açaraq dedi: -Hörmətli hökumət üzvləri! Hörmətli deputatlar! Xanımlar və cənablar! Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Milli Məclis özünün yaz sessiyasının bugünkü, beşinci iclasında Azərbaycan Respublikası Hökumətinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatı dinləyəcəkdir. Bu dinləmələrin keçirilməsi ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında vəhdətin, iqtisadiyyatın aşkarlıq və demokratiya prinsipləri əsasında idarə edilməsinin, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artmasının göstəricisidir. İlk növbədə, demək istərdim ki, təqdim olunmuş hesabat əvvəlki illərin hesabatları ilə müqayisədə geniş məlumat tutumlu və təhlil xarakteri daşımaqla, daha ətraflı hazırlanmışdır. Sənəddə sosial?iqtisadi inkişafın ətraflı təhlili ilə yanaşı, ekologiya və fövqəladə hallar, institusional, xarici əlaqələr, dövlət təhlükəsizliyi, ictimai asayiş, müdafiə və ordu quruculuğu kimi sahələr də müqayisəli şəkildə əhatə olunmuş, məntiqi ardıcıllıq təmin edilmişdir. Diqqəti cəlb edən digər bir məqam son beş ilin sosial-iqtisadi göstəricilərinin artım dinamikasının illər və sahələr üzrə müqayisəli şəkildə əksini tapmasıdır. Hesabatdan göründüyü kimi, Hökumətin 2008-ci ildəki fəaliyyəti heç də asan şəraitdə həyata keçməmişdir. Məlum olduğu kimi, ölkəmiz ən yüksək iqtisadi artıma 2006 və 2007-ci illərdə (34,5 və 25 faiz) nail olmuşdur. Dünyada baş verən qlobal iqtisadi və maliyyə böhranı fonunda ötən il əldə olunan 11 faiz iqtisadi artım böyük uğur kimi qiymətləndirilməlidir. Burada ən önəmli hal son dövrlərdə qeyri-neft sektorunun inkişaf sürətinin (16 faiz) neft sektorunu (7 faiz) üstələməsidir. Bu artım, ilk növbədə, aqrar sektorun inkişafı hesabına təmin edilmişdir. Son illərdə Azərbaycan Hökumətinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də yeni iş yerlərinin yaradılması olmuşdur. Bunun nəticəsidir ki, son beş ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enmişdir. Təkcə ötən il əhalinin gəlirlərinin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 17 faiz bəndi üstələmişdir, bu isə, inflyasiyanın iqtisadi üsullarla idarə olunması deməkdir. Onu da deməliyəm ki, dünya iqtisadiyyatında baş vermiş böhran ötən il zirvə nöqtəsinə çatmışdır. Avropanın iqtisadiyyatı gözlənildiyindən daha güclü tənəzzülə uğramışdır. Almaniyada son 22 ildə, Fransa və İtaliyada isə son 30 ildə belə iqtisadi tənəzzül olmamışdır. Bütövlükdə, Avropa İttifaqı məkanında sənaye istehsalının illik həcmi 12 faiz azalmışdır. Bu, müvafiq statistikanın aparıldığı müddətdə tənəzzülün maksimum səviyyəsidir. Dünyada baş vermiş qlobal böhranın iqtisadiyyatımıza, demək olar ki, təsir göstərməməsi, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident cənab İlham Əliyevin uğurla reallaşdırdığı sosial-iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir. Cari ilin əvvəlinə ölkəmizin valyuta ehtiyatları 18 milyard dollardan artıq olmuşdur. Biz bu resurslarla yaxın illər ərzində də iqtisadiyyatımızı baş verə biləcək fəsadlardan qorumaq iqtidarındayıq. Ötən il ölkə iqtisadiyyatında müşahidə olunan artım sürəti dövlət büdcəsinin parametrlərinə də müsbət təsirini göstərmişdir. 2008-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlki illə müqayisədə 80 faizə yaxın artmışdır. Önəmlidir ki, tədiyəçilərin vergi ödəmə mədəniyyətinin yüksəlməsi, intizamın və vergi inzibatçılığının gücləndirilməsi büdcə daxilolmalarında Vergilər Nazirliyinin xüsusi çəkisini ildən-ilə artırmışdır. Gömrük xidməti xətti ilə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 44 faiz artmışdır. Milli Məclisin son dövrlərdə ölkənin sosial-iqtisadi inkişafında xidmətlərindən biri bu inkişafı təmin edən hüquqi bazanın yaradılması, cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi qanun layihələrinin müəyyən olunmuş müddətlərdə və yaradıcı şəkildə müzakirəsi və qəbuludur. Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə keçirilən dinləmələri, deputatların icra strukturlarına hansısa bir irad tutmaq məqsədi daşımamalı, Hökumətin növbəti ildə daha mütəşəkkil işləməsi yollarının müəyyən edilməsinə, onun öz fəaliyyətini daha səmərəli şəkildə təşkilinə dair tövsiyələrin verilməsi baxımından parlament üçün bir vasitə olmalıdır. Biz bu vasitədən daha yaradıcılıqla və səmərəli istifadə etməliyik. Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr edilmiş iclasında cənab Prezident dünyanı bürümüş iqtisadi və maliyyə böhranı nəticəsində baş verə biləcək fəsadların qarşısının vaxtında alınması üçün Azərbaycan Hökumətinin görəcəyi antiböhran tədbirlərini müəyyənləşdirmişdir. Çox vacib olan bu tədbirlər istehlak qiymətlərinin sabitləşdirilməsi və mümkün qədər aşağı salınmasını, əsassız inhisarın, qeyri-sağlam rəqabətin qarşısının alınmasını, xaricdə saxlanılan valyuta ehtiyatlarının müəyyən hissəsinin yerli banklarda yerləşdirilməsinə dəstək göstərilməsini, real iqtisadiyyata investisiya qoyuluşlarının davam etdirilməsini, dövlət proqramlarında nəzərdə tutulmuş sosial öhdəliklərin dəstəklənməsini, ölkə sənayesinin, ilk növbədə daxili bazarın tələbatının ödənilməsinə istiqamətlənməsini və ərzaq təhlükəsizliyinin təmin olunmasını əhatə edir. Bu baxımdan bugünkü müzakirələrdə çoxsaylı təkliflərin və tövsiyələrin verilməsini vacib hesab edirəm. Mən sizi müzakirələrdə məhz bu istiqamətdə fəal iştiraka dəvət edirəm. İndi isə, Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabata dair çıxış üçün söz Baş nazirin birinci müavini Yaqub Eyyubova verilir. Hörmətli cənab sədr! Hörmətli deputatlar! On yeddi il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası öncə çağdaş dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin, daha sonra isə onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müasir tarixinin yeni, şərəfli və möhtəşəm bir dövrünü yaşamaqdadır. 2003-cü ilin payızından bu günədək keçən müddət ərzində məhz dövlətimizin başçısının yüksək biliyə və fitri istedada əsaslanan uzaqgörən, genişmiqyaslı və praqmatik fəaliyyəti nəticəsində ölkəmiz dünyanın nüfuzlu dövlətləri sırasında öz mövqeyini möhkəmlətmişdir. Böyük qürur hissi ilə deyə bilərik ki, bütün beynəlxalq aləm İlham Əliyevi Heydər Əliyev siyasi və iqtisadi xəttinin əvəzsiz davamçısı, regionun lider dövlət başçısı kimi qəbul edir. Beş ildən artıqdır ki, Prezidentin rəhbərliyi altında həyata keçirilən köklü sosial-iqtisadi islahatlar Azərbaycanın milli maraqlarına əsaslanan perspektiv inkişafa, xalqın maddi rifahının yaxşılaşdırılmasına xidmət edir. Ötən ilin oktyabr ayında dövlətçiliyimiz və cəmiyyətimiz üçün çox böyük əhəmiyyət kəsb edən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin dəstəyini qazanan İlham Əliyevin parlaq qələbəsi Azərbaycan vətəndaşlarının öz liderinə, onun apardığı sosial-iqtisadi siyasətə olan böyük inamının əyani təzahürü idi. Bu, gözlənilən və qətiyyətli qələbə idi. Bu qələbə Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi xəttinin alternativsizliyinin təntənəsi idi. Ümumən, son dövrdə yaranmış yeni beynəlxalq iqtisadi şəraitdə müasir çağırışlara cavab verən irimiqyaslı, məqsədyönlü islahatlar ölkəmizin qüdrətini daha da artırmış, Azərbaycan iqtisadi artım sürətinə görə dünyada liderlər mövqeyinə çıxmışdır. Ardıcıl və sistemli şəkildə atılan bütün addımlar güclü iqtisadi potensialın yaradılmasına, dövlətin möhkəmlənməsinə və xalqın ictimai təhlükəsizlik və sabitlik şəraitində yaşamasına xidmət etmişdir. Regionların tarazlı inkişafı, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. Bu müddətdə demək olar ki, dünyada analoqu olmayan nəticələr əldə edilmiş, iqtisadiyyatın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 2,6 dəfə artmışdır. Tamamilə təbiidir ki, Dünya Bankı tərəfindən hazırlanan və çox ciddi hesabatlardan biri sayılan ?Doing Business-2009? Azərbaycanı ən islahatçı ölkə elan etmişdir. Fərəhləndirici haldır ki, dünyanın nüfuzlu və aparıcı maliyyə təşkilatlarının, nəşrlərinin qənaətinə görə, dövlət başçısı cənab İlham Əliyevin titanik zəhməti sayəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Hörmətli deputatlar, baxmayaraq ki, möhtərəm Prezident İlham Əliyev əldə olunan uğurlar haqqında Nazirlər Kabinetinin iclasında ətraflı danışmışdır, mən iqtisadiyyatda qazanılan nailiyyətləri bir daha qürur hissi ilə vurğulamaq istərdim. Hesabat ilində ümumi daxili məhsulun həcmi 38 milyard manat olmuş, əvvəlki ilə nisbətən real artım 10,8 faiz təşkil etmişdir. Qeyri-neft sektorundakı 15,7 faiz real artımı xüsusilə qeyd etmək istərdim. Biz bunu ölkə iqtisadiyyatının şaxələndirilməsi və neft sektorundan asılılığının azaldılması sahəsində mühüm nəticə hesab edirik. Əsas kapitala 9,1 milyard manat investisiya yönəldilərək, əvvəlki illə müqayisədə 34,3 faiz artım əldə olunmuşdur. Burada diqqət çəkən ən əsas məqamlardan biri odur ki, əsas kapitala istiqamətlənmiş vəsaitin 75,5 faizini daxili investisiyalar təşkil etmişdir. Möhtərəm Prezidentimizin daim nəzarətində olan sosial məsələlərin həlli yenə də hökumətin fəaliyyətində əsas istiqamətlərdən biri olmuşdur. Orta aylıq əmək haqqı 268 manata, əmək pensiyalarının orta aylıq məbləği isə 96 manata çatdırılmışdır. Son beş il ərzində minimum pensiya 3,8 dəfə, minimum əmək haqqı 8 dəfə, orta aylıq əmək haqqı isə 3,5 dəfə artmışdır. Əhalinin sosial müdafiəsinin təmin olunması, büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən silsilə sərəncamlar imzalanmışdır. 2008-ci il sentyabrın 1-dən minimum aylıq əmək haqqı və əmək pensiyalarının baza hissəsi il ərzində 50 faiz artırılaraq 75 manata çatdırılmışdır. Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, müdafiə, hüquq mühafizə orqanları və digər sahələrdə çalışanların aylıq əmək haqları xeyli artırılmışdır. Dövlətdən birbaşa ünvanlı sosial yardım alanların sayı 700 min nəfəri ötmüşdür. Hörmətli Milli Məclisin deputatlarına məruzə edirəm ki, dövlət başçısının verdiyi tapşırıqlara müvafiq olaraq, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi gələcəkdə də prioritet istiqamət kimi davam etdiriləcəkdir. Məcburi köçkünlərin problemlərinin həlli, məşğulluğunun təmin edilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin gündəlik nəzarətində və hökumətin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə son beş ildə Azərbaycan Respublikasının Prezidenti 19 fərman və sərəncam imzalamış, Nazirlər Kabineti onların icrası ilə əlaqədar 65 qərar və sərəncam qəbul etmişdir. 2003-2008-ci illərdə respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 36 yeni qəsəbə salınmış, onların sosial, təhsil, kommunal və digər problemlərinin həlli istiqamətində çox mühüm işlər görülmüş, 47 min nəfərdən artıq məcburi köçkün öz yaşayış şəraitini yaxşılaşdıraraq normal həyata qayıtmışdır. Göstərilən atalıq qayğısına görə onlar cənab Prezidentə öz minnətdarlığını bildirərək, çox çətin və şərəfli fəaliyyətində ona dəstək olacaqlarını birmənalı şəkildə bəyan edirlər. Ümumiyyətlə, son beş ildə dövlət başçısı ölkə həyatının iqtisadi, sosial və humanitar sahələrinin inkişafını əhatə edən 70-dən çox dövlət proqramı təsdiq etmişdir. Bu proqramlarda nəzərdə tutulan kompleks tədbirlərin hər birinin maliyyələşmə mənbəyi, icra müddəti və nəzarət mexanizmi müəyyən olunmuşdur. Nəticədə dövlət idarəçiliyinin məhz bu sistemli və çevik formalarının düzgün və düşünülmüş tətbiqi qarşıya qoyulan məqsədlərə nail olunmasını təmin etmişdir. İqtisadi inkişafın əsas hədəflərindən biri də yoxsulluğun azaldılmasıdır. 2003-cü ildən icrasına başlanılan müvafiq dövlət proqramının həyata keçirilməsi nəticəsində yoxsulluğun səviyyəsi 3,4 dəfə azalaraq, 2008-ci ildə 13,2 faizə enmişdir. Sözsüz ki, yoxsulluğun kəskin şəkildə azaldılmasında regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının uğurla həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması müstəsna rol oynamışdır. Prezidentimizin proqramın icrasını şəxsi nəzarətində saxlayaraq, regionlara mütəmadi səfərlər etməsi, yaranan problemlərin yerindəcə həll olunması üçün aidiyyəti dövlət strukturlarına konkret tapşırıqlar verməsi həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmışdır. Dövlət başçısının bu istiqamətdə məqsədyönlü və yorulmaz fəaliyyətin məntiqi nəticəsi kimi, proqrama əlavə olaraq ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı tədbirləri özündə əks etdirən daha 17 sərəncam imzalanmış və bunların hamısı icra edilmişdir. Yeri gəlmişkən, qürurla demək istərdim ki, son beş il ərzində ölkə Prezidenti tərəfindən söz verilmiş 600 min iş yerinin müqabilində ölkədə 766 min yeni iş yeri açılmışdır ki, onlardan da 547 mini daimi iş yerləridir. Ölkə Prezidentinin bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də tutduğu prinsipial mövqe həm insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, həm də bölgələrdə gedən müsbət iqtisadi və sosial proseslərə güclü təkan verir. Bildirmək istərdim ki, ?2015-ci ilədək Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı? təsdiq edilmişdir. Proqramın əsas məqsədi 2015-ci ilədək yoxsulluğun səviyyəsini inkişaf etmiş ölkələrdəki həddə endirməkdən ibarətdir. Bəzən bizim iqtisadi inkişafımızı daha çox neft amili ilə bağlayırlar. Düzdür, Azərbaycan neft ölkəsidir və ümumi daxili məhsulda onun çəkisi gözəçarpacaq qədərdir. Ancaq regionlarımızın göstəricilərinə nəzər yetirsək görərik ki, son beş ildə əksər rayonlarda iqtisadi artım 2 dəfədən çox, bəzi bölgələrdə isə artım 2,5 - 3 dəfə olmuşdur. Ona görə də xüsusi vurğulamaq istərdim ki, əldə olunan uğurların bünövrəsində dövlətimizin başçısının rəhbərliyi altında aparılan islahatlar, qoyulan investisiyalar, yaradılan infrastruktur, açılan yeni istehsal müəssisələri, iş yerləri və digər iqtisadi amillər dayanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA