06-07-2013 [20:43]
Azad Qarabağ Uğrunda Alyansın üzvləri bu gün Təbriz və Ərdəbilə 5 günlük
səfərdən qayıdıblar. Səfər Təbriz Universitetinin təşkilatçılığı ilə
Qarabağ mövzusunda keçirilən konfrans çərçivəsində baş tutub. Səfərdə
Alyansa daxil olan təşkilatların rəhbərləri Akif Nağı, Rövşən Əhmədli,
Etimad Əsədov, Firidun Məmmədov, Jalə Cəfərova, Növrəstə İbrahimova,
Növrəstə Yusifova, Məhəmmədhəsən Həsənov, Alman Abbasov, Yasəmən
Sarıyeva və digərləri iştirak ediblər.
Nümayəndə heyəti səfərin
birinci günü Təbriz Universiteti ilə tanış olub, Bələdiyyə muzeyi və
dahi şair Şəhriyarın ev muzeyini, Təbriz şairlərinin Məkanını, İmamzadə
məscidini ziyarət edib, şairin oğlu Hadi bəylə söhbət ediblər. Sonra
Təbrizin şəhridarı, yəni bələdiyyə rəhbəri cənab Nəvin, ondan sonra isə
Təbrizin imam cüməsi cənab Şəbüstəri qonaqların şərəfinə qəbul təşkil
ediblər. Hər iki görüşdə səmimi söhbət olub, Qarabağ dərdinin həm də
təbrizlilərin dərdi olduğu bildirilib.
Səfərin ikinci günü Qarabağ
mövzusuna həsr olunmuş konfrans keçirilib, Qarabağ münaqişəsi, Qarabağın
tarixi, erməni işğalçılığı və vəhşilikləri, mədəniyyət, o cümlədən dini
abidələrin məhv edilməsi ilə bağlı qarşılıqlı çıxışlar olub, Bakıda və
Təbrizdə seminar və dəyirmi masaların keçirilməsi, noyabr ayında isə
Təbrizdə beynəlxalq konfransın keçirilməsi qərara alınıb. Bu, sırf
Qarabağ münaqişəsinə həsr olunmuş ilk beynəlxalq konfrans olacaq. Sonra
Təbrizin Şəhidlik məzarlığı, Rəhmət Vadisi deyilən və minlərlə şəhidin
dəfn olunduğu məzarlıq ziyarət edilib, ruhlarına dualar oxunub, həmçinin
Qarabağ şəhidləri yad edilib. Axşam Akif Nağı və Rövşən Əhmədli
"Səhər” telekanalında 1 saata qədər birbaşa efirdə olublar, ən müxtəlif
sualları cavablandırıblar.
Səfərin üçüncü günü nümayəndə heyəti
Təbriz Universitetinin rektoru, doktor-professor Pərviz Ajida ilə
görüşüblər. Cənab Pərviz Ajida rəhbərlik etdiyi universitetdə Qarabağla
bağlı görülən işlərdən, keçirdikləri konfransın məqsədlərindən danışıb.
Sonra nümayəndələr Şəhidlik muzeyini ziyarət edib, daha sonra isə
Təbrizin Əlillər Cəmiyyətində (Canbazlar Şurasında) görüş keçiriblər.
Həm Bakıdan, həm də Təbrizdən olan döyüşçülər xatirələrini danışıblar,
Qarabağ uğrunda birgə savaşmağa hazır olduqlarını bildiriblər. Təbrizli
döyüşçülərdən bir neçəsi Qarabağ müharibəsində iştirak etdiklərini
deyiblər. Günün ikinci yarısında İqtisad institu və "Aran” mərkəzində
görüşlər keçirilib. Görüşdə institutun rəhbəri, doktor-professor
Məhəmmədəli Mütəfəkkiri, Təbriz Universitetinin elmi işlər üzrə
prorektoru, doktor-professor Məhəmmədəli Pərğu, Təbrizdən olan millət
vəkilləri Şəidi, Əfqani və Nuvadi iştirak ediblər. Görüş zamanı
Qarabağla əlaqədar vahid mövqe nümayiş etdirilib, bəzi fərqli baxışların
vura biləcəyi ziyan qeyd olunub.
Səfərin sonuncu günlərində
Ərdəbil şəhərində görüşlər keçirilib. İraq müharibəsinin qəhrəmanı,
ehtiyatda olan general Rəhim Viyeəqdəmlə görüş onun özünün yaratdığı
Şəhidlər muzeyində baş tutub. O, 8 il İraqda, sonra isə 1,5 il ərzində
Qarabağda keçdiyi döyüş yolundan danışıb, bu gün də Qarabağda müharibəyə
getməyə hazır olduğunu bildirib. Sonra ehtiyatda olan digər general,
Ərdəbildən millət vəkili Mənsur Həqiqətpurla görüş keçirilib. Görüş
əsasən xoş əhval-ruhiyyə şəraitində keçib, bəzi fərqli baxışların
zərərli cəhəti qeyd olunub. Nümayəndə heyəti həmçinin Ərdəbilin imam
cüməsi Seyid Həsən Amili tərəfindən qəbul olunub. Seyid Həsən Amili
Qarabağ münaqişəsinin yalnız hərbi yolla həll oluna biləcəyini və bu
yolda imkanları daxilində dəstək verməyə hazır olduqlarını bildirib.
Azərbaycanlı nümayəndələr hörmətli imamın bəzi fikirlərinin Azərbaycanda
narahatlıq doğurduğunu, daha çox düşmənin istəklərinə yaradığını
bildiriblər. Cənab Amili Azərbaycanın maraqlarına həssaslıqla
yanaşdığını vurğulayıb. Səfər iştirakçıları daha sonra Şeyx Səfi abidə
kompleksini, Səfəvi sülaləsinin nümayəndələrinin, o cümlədən Şah
İsmayılın məzarını ziyarət ediblər, tarixi eksponatlarla tanış olublar.
Bütün
görüşlərdə tədbir iştirakçılarına Azərbaycan bayrağı və Qarabağ
münaqişəsinə dair "Qarabağ müharibəsi”, "Qarabağ gündəliyi”, "Qarabağ
dünən, bu gün və sabah”, "Quba məzarlığı-erməni cinayətlərinin qanlı
izi” və digər kitablar paylanıb. Tədbir və görüşlərin uğurla keçirilməsi
üçün Təbriz Universitetinin doktor-professoru Məhəmmədəli Pərğu, elmi
əməkdaşlar Həsən Qədimi, Yaqub Salehi və digərləri xüsusi xidmət
göstəriblər.
QAT sədri Akif Nağı bildirib ki, səfər uğurlu
alınıb, bir sıra müsbət nəticələr əldə olunub: "Bu görüşlərdə məqsəd
tərəflərin Qarabağ münaqişəsi, Qarabağın tarixi, mədəniyyəti, dini
abidələrin işğalçılar tərəfindən məhv edilməsi, erməni işğalı və
vəhşiliklərinə dair birgə araşdırmaların aparılması, vacib
istiqamətlərdə birgə fəaliyyətin təmin edilməsi, işğalçı Ermənistanın
regionda tədric edilməsi və təklənməsindən, haqq işimizə daha çox dəstək
qazanılmasından ibarətdir”.