06-07-2013 [20:35]
Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin hüquqlarının
müdafiəsi komitəsi müraciət yayıb. Müraciətdə deyilir ki, Azərbaycan
Beynəlxalq Universitetinin tələbələrinin hüquqlarının müdafiəsi komitəsi
16 fevral 2013-cü il tarixdə vəkil Zeynalov Ramiz Yusif oğlu tərəfindən
təsis olunaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi,
29/89, mənzil 7 ünvanda fəaliyyət göstərir.
Fəaliyyət göstərdiyi
dövr ərzində ABU-nun tələbələrinin hüquqlarının müdafiəsi komitəsinə
1.000 nəfərdən artıq ABU-nun tələbələri və onların valideyinləri
müraciət edib, 100-ə yaxın şəxs komitəyə ərizə verərək qanunsuzluq
törətmiş ABU-nun rəhbərliyinə qarşı ciddi tədbirlərin görülməsini tələb
ediblər. Ərizələr üzrə toplanmış izahat və digər sənədlər aidiyyəti üzrə
araşdırma aparılması üçün Azərbaycan Respublikasının Baş prokuroru
yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib.
Bundan
başqa, ABU-nun «Moskva» filialında təhsil almış 600 nəfər tələbə
haqqında elektron daşıyıcısında məlumat, RF-nın Dağıstan Respublikasında
müxtəlif təhsil müəssisələrindən köçürülmüş 47 nəfərin siyahısı
Korrupsiyaya qarşı mübarizə idarəsinə təqdim edilib.
Hazıradək
müddətdə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt şəhər, Abşeron, Xaçmaz,
Sabirabad, Goranboy, Qusar, Tərtər, Saatlı və digər rayon sakinləri olan
ABU-nun 23 fakultəsində (o cümlədən, 18 - maliyyə-kredit, 15 – xarici
dillər, 9 - riyaziyyat-informatika, 8 – tarix və ictimayyət və digər
fakultələrdə) təhsil almış tələbələr və onların valideyinləri komitəyə
müraciət edərək, tələbə qəbulu, tədris prosesində, sessiya və buraxılış
imtahanları zamanı ABU-da mövcud olmuş korrupsiya halları, bilavasitə
onlara qarşı törədilmiş qanunsuzluqlar barədə məlumat veriblər.
Müraciətlər
təhlil edilərkən müəyyən olunub ki, Elşad Abdullayevin başçılıq etdiyi,
qardaşı Eldəniz Abdullayev və qeyrilərinin daxil olduğu ABU adı altında
korrupsiya şəbəkəsinin fəaliyyəti tələbələrin və onların
valideyinlərinin maddi vəziyyətinə, sosial statusuna, şəxsiyyətlərinə
baxmayaraq, universitetə qəbuldan başlayaraq, buraxılış imtahanlarına
qədər Elşad Abdullayev üçün maksimal dərəcədə qanunsuz gəlir əldə
etməyə, onun və ailəsinin varlanmasına yönəlib.
Elşad Abdullayevə
və onun başçılıq etdiyi ABU adlı korrupsiya yuvasına «təhsil vermək»
anlayışı yad olub. Tələbələrin qaçqın və ya məcburi köçkün, kasıb
ailənin nümayəndəsi olması mütəşəkkil dəstənin üzvlərini öz çirkin
niyyətlərinə nail olmaqdan çəkindirməyib.
Kəlbəcər rayon qaçqını,
Sumqayıt şəhərində məskunlaşmış Həsənov Nazim Çingiz oğlu 2005-cı ildə
2500 ABŞ dolları rüşvət verməklə ABU-nun maliyyə-kredit fakultəsinə
daxil olub, təhsil haqqını ödəməklə bərabər, hər semestr imtahanlarına
görə 250 ABŞ dolları, diplom almaq üçün 2009-cu ildə 1500 ABŞ dolları
korrupsiya şəbəkəsinə daxil olan şəxslərə verib, buna baxmayaraq bu günə
qədər diplom ala bilməyib.
Ağdam rayon qaçqını, Bərdə rayonunda
məskunlaşmış Hümbətov Şamo Hümbət oğlu verdiyi 2000 manat rüşvət
müqabilində ABU-nun riyaziyyat-informatika fakultəsinə qəbul edilmiş,
hər semestr imtahanlarına görə ondan 200 manat, dövlət imtahanlarına
görə isə 1.000 manat alınsa da, ali təhsil alması barədə diplom bu günə
qədər verilməyib. Təhsil haqqı da nəzərə alınmaqla qaçqınçılıq həyatı
yaşayan Şamo Hümbətovdan Elşad Abdullayevin rəhbərlik etdiyi korrupsiya
şəbəkəsi tərəfindən ümumilikdə 20.000 manat məbləğində pul alınıb.
Tələbə
qəbulu üzrə dövlət komissiyası tərəfindən təşkil olunan test
imtahanlarından kənar şəxsləri ABU-ya qəbul edilməsini təmin etmək üçün
Elşad Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə Rusiya
Federasiyasında, Ukrayna Respublikasında və Gürcüstanda yerləşən
müxtəlif təhsil müəssisələri vasitəsilə tələbələrin qəbulunu saxta
sənədlər əsasında rəsmiləşdirmiş, bir müddətdən sonra isə tələbələrin
ABU-ya köçürülməsini həyata keçiriblər.
Belə ki, Elşad
Abdullayevə bilavasitə 3000 ABŞ dolları rüşvət ödəyib, Vahabova Günel
Mail qızı 2004-cü ildə test imtahanlarını vermədən RF-nın Dağıstan
Respublikasının Dərbənt şəhərində yerləşən Stalski adına RF-nın Açıq
Sosial Universitetinin «bədən tərbiyyəsi» fakultəsinə rəsmiləşdirilərək,
sonradan ABU-ya həmin fakultənin 2-ci kursuna köçürülmüş, hər semestrə
150 manat, dövlət imtahanlarına görə 1.000 manat ödəyən Günel Vahabova
digər minlərlə tələbə kimi diplomsuz qalıb
Komitəyə müraciət edən tələbələrin bir qismi isə universitet bağlanıldığı üçün təhsilini başa çatdıra bilməyiblər.
Bu
sıradan olan «İqtisadiyyatın hüquqi tənzimlənməsi» fakultəsinin
tələbəsi Cavadov Vüsal Məzahim oğlu 2007-ci ildə test imtahanlarından
kənar ABU-ya qəbul olunarkən bilavasitə Elşad Abdullayevə sonuncunun iş
otağında 5.000 manat məbləğində pul verib, hər semestr imtahanlarına
görə 400-500 manat rüşvət şəkilində ödəyib. Son nəticədə Vüsal Cavadov
təhsilini başa vura bilməyib, ailəsinə isə çox ciddi mənəvi və maddi
ziyan dəyib.
Elşad Abdullayevin və onun rəhbərlik etdiyi
korrupsiya mütəşəkkil dəstənin törətdikləri qanunsuzluqları əks etdirən
çoxlu sayda digər misalları da çəkmək olar.
Komitəyə müraciət
edən tələbə və valideyinlərin sözlərindən məlum olub ki, ABU-da Elşad
Abdullayevin rəhbərliyi altında fəaliyyət göstərən korrupsiya mütəşəkkil
dəstənin üzvləri xırda məsələləri belə ödənişli əsaslarla həll ediblər.
Tələbələrə məcburi qaydada lazım olmayan kitabların, müxtəlif
tədbirlərə biletlərin satışı həyata keçirilib, hətta tələbə bileti və
qiymət kitabçası 40 manat alındıqdan sonra verilib, buraxılan dərsləri
qeydə alınmamasına görə mütləq qaydada pul alınıb.
Komitənin
fəaliyyət göstərdiyi dövr ərzində ABU-da baş verən korrupsiya halları və
Elşad Abdullayevin qanunsuz hərəkətləri barədə Korrupsiyaya qarşı
mübarizə idarəsinə məlumat verməklə yanaşı, Fransa səfirliyinə, Fransa
Xarici İşlər Nazirliyinə, «Euronews» telekompaniyasına, Avropa İnsan
haqları məhkəməsinə müraciət edilmiş və müvafiq təsdiqedici sənədlərin
surətləri göndərilib.
Müraciət edənləri əsas narahat edən
məsələlərdən ABU-da alınmış təhsilin leqallaşdırılması, diplomun
alınması, natamam qalmış təhsilin digər təhsil müəssisəsində davam
etdirilməsi, ödənilmiş pulların qaytarılmasıdır.
Bu səbəbdən
təhsilini başa vurmuş şəxslərin diplom almasını, təhsilini natamam almış
şəxslərin təhsilini davam etdirilməsini təmin etmək məqsədilə Komitə
tərəfindən Təhsil Nazirliyinə və Tələbə qəbulu üzrə Dövlət Komissiyasına
müraciətin göndərilməsi planlaşdırılır.