Prezident Tovuza səfər edib, yeni yolun açılışı oldu

img

06-07-2013 [20:19]


Bu gün Prezident İlham Əliyev yenidən qurulan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun açılışında iştirak edib. "Azadinform” xəbər verir ki, dövlət başçısı yolun texniki göstəricilərini, əvvəlki və hazırkı vəziyyətini, eləcə də rayonda görülmüş tikinti-quruculuq işlərini, həmçinin Gənclər Evinin layihəsini əks etdirən stendlərə baxıb.

Məlumat verilib ki, Prezident İlham Əliyevin "Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2012-ci il 1 may tarixli Sərəncamına əsasən 40 min nəfərin yaşadığı 35 məntəqəni birləşdirən Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisi məqsədilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılmışdır.

Bildirilib ki, ümumi uzunluğu 51 kilometr olan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisinə 2012-ci ilin oktyabrında başlanıb. Sonrakı dövrdə həmin yolun tikintisi davam etdirilərək başa çatdırılması üçün daha 11,5 milyon manat vəsait ayrılıb. Yenidənqurma işləri zamanı yol yatağına on minlərlə kubmetr torpaq, qum-çınqıl qarışığı yayılmış, 330 min kvadratmetr asfalt-beton örtük salınıb.

Qeyd olunub ki, layihə çərçivəsində Əhmədabad kəndi ərazisində Zəyəm çayı üzərində uzunluğu 62 metr olan üçaşırımlı körpü də tikilib. Bundan başqa, yol boyunca xeyli sayda su keçidləri tikilmiş və təmir olunub.

Rayonun sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolundan qonşu Gədəbəy rayonunun sakinləri də istifadə edirlər. Yeni yolun turizmin və bütövlükdə rayonun iqtisadiyyatının inkişafı baxımından müstəsna əhəmiyyəti vardır. Belə ki, əlverişli iqlim şəraitinə, təbii meşə örtüyünə və sərin bulaqlarına görə yay mövsümündə əraziyə gələn turistlərin sayı yolun yenidən qurulmasından sonra bir neçə dəfə artmışdır. Gələcəkdə turistlərə yeni xidmətlərin göstərilməsi üçün müvafiq işlər görülür.

Yolun yenidən qurulması layihəsi çərçivəsində yolboyu yaşayış məntəqələrinin girişi və daxili yollarında da xeyli işlər aparılıb.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA